Böyük Vətən müharibəsi
veteranlarının müraciəti
Azərbaycan Veteranlar İttifaqı Şurasının rəyasət heyəti mayın 15-də keçirilmiş geniş iclasında Almaniya hökumətinə müraciət qəbul etmişdir. Veteranlar Şurasından AzərTAc-a daxil olmuş müraciətdə deyilir:
"Bu günlərdə bütün dünya bəşəriyyət Dünya müharibəsində qələbənin 68-ci ildönümünü qeyd etdi. Azərbaycan xalqı Böyük Vətən müharibəsinin cəbhələrində şücaət göstərərək, arxa cəbhədə fədakarcasına çalışaraq Avropa xalqlarının faşizmin dəhşətlərindən xilas edilməsinə öz əhəmiyyətli töhfəsini vermişdir.
Biz cəmiyyətimiz
və dövlətimiz tərəfindən veteranlara göstərilən
qayğı və dəstəyə, müharibə qəhrəmanlarının
və qurbanlarının xatirəsinə diqqətli münasibətə
görə minnətdarıq. Azərbaycan Respublikasının
Prezidenti möhtərəm İlham Əliyevin Böyük Vətən
müharibəsinin iştirakçılarına, həlak
olmuş döyüşçülərin dul arvadlarına və
arxa cəbhədə çalışan zəhmətkeşlərə
əhəmiyyətli maddi yardımın verilməsi barədə
sərəncamı bu qayğı və diqqətin daha bir
bariz nümunəsidir.
Biz veteranlar
müharibənin bütün ağırlığını,
nasist Almaniyası və onun müttəfiqlərinin təcavüzünün
nəticələrini öz üzərimizdə hiss
etmişik. Veteranların və 1941-1945-ci illərin müharibəsini
xatırlayanların sayı ildən-ilə azalır. Lakin buna
baxmayaraq, nə biz, nə də Azərbaycan xalqı indiyədək
Almaniyanın rəsmi şəkildə üzr istəməsini
görməmişik.
Əvəzində
bu gün biz Almaniyada millətçiliyin artmasını
böyük narahatlıqla müşahidə edirik, əcnəbilərə,
xüsusilə müsəlmanlara hücumlar və onların
öldürülməsi barədə tez-tez eşidirik. Biz
millətçiliyə gözyumma siyasətinin bütün təhlükəsini
indiki nəsildən daha yaxşı başa
düşürük. Almaniya hökumətinin bu məsələdə
hərəkətsizliyi və susqun razılığı yeni
faciələrə gətirib çıxara bilər.
Hesab
edirik ki, biz nəinki Avropada sülhün təmin
olunmasına, həm də bu gün Almaniyanın demokratik
dövlət kimi inkişaf edə bilməsi üçün
öz töhfəmizi vermişik. Ona görə də Almaniya
hökumətinin İkinci Dünya müharibəsinin nəticələrinə
görə başqa xalqlardan üzr istədiyi kimi, Azərbaycan
xalqından da rəsmi şəkildə üzr istəməsini
və Azərbaycan veteranlarına kompensasiya ödənilməsi
məsələsinə baxmasını vacib hesab edirik. Biz, həmçinin
Almaniya hökumətini keçmişdə
buraxılmış bütün dünyanın taleyi
üçün faciəvi olan səhvləri təkrarlamamaqdan
ötrü ölkəsində millətçilik və
ekstremizmlə mübarizəni gücləndirməyə və
bu istiqamətdə real addımlar atmağa
çağırırıq".
AzərTAc
Azərbaycan.-2013.- 17 may.- S.3.