Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

 

Mayın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı rezident-əlaqələndiricisi Antonius Brukonu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimi salamlayan Ali Məclisin Sədri Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin 1993-cü ildən fəaliyyət göstərdiyini xatırladıb və bildirib ki, ötən müddətdə bu qurumun ölkəmizlə, eləcə də Naxçıvan Muxtar Respublikası ilə müxtəlif sahələr üzrə qurulan əlaqələri uğurla inkişaf edir. Qeyd olunub ki, muxtar respublikada Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Kənd İnvestisiya Layihəsi üzrə 130-dan artıq layihə icra olunub.

Görüşdə həyata keçirilən birgə layihələrin əməkdaşlığın gələcək perspektivləri baxımından əhəmiyyətli olduğu qeyd edilib, qarşılıqlı əlaqələrin bundan sonra da davam etdiriləcəyi bildirilib.

Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı rezident-əlaqələndiricisi Antonius Bruk  muxtar respublikaya ilk dəfə səfər etdiyini deyib, göstərilən səmimi münasibətə görə minnətdarlıq edib. Antonius Bruk təmsil etdiyi təşkilatla Azərbaycan, eləcə də onun Naxçıvan Muxtar Respublikası arasındakı mövcud əməkdaşlığın məmnunluq doğurduğunu vurğulayaraq fəaliyyəti dövründə bu əlaqələrin daha da inkişafı üçün səyini artıracağını qeyd edib.

Görüşdə əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

 

 

Elxan MƏMMƏDOV

 

Azərbaycan.-2013.- 17 may.- S.3.