Xocalı soyqırımı
insanlığa qarşı cinayətdir
Dünən Küveyt Millət Məclisinin Küveyt-Azərbaycan dostluq qrupunun rəhbəri, Küveyt parlamentinin İnsan hüquqları komitəsinin üzvü Mübarək Saleh əl-Nəcədə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvləri ilə görüşüb. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova küveytli həmkarlarını Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. O, qonaqlara Azərbaycanın necə müstəqillik qazanmasından və bu işdə ulu öndər Heydər Əliyevin rolundan danışıb. Bildirib ki, Heydər Əliyev müasir Azərbaycanın qurucusudur.
R.Aslanova qeyd edib ki, hər iki dövlət İslam Əməkdaşlıq Təşkilatının üzvüdür: "Hər birimiz islam münasibətlərinin inkişafı üçün əlimizdən gələni etməliyik. Bu gün islam ölkələri arasında iqtisadi, mədəni və digər əlaqələrin inkişafı daha aktualdır". Komitə sədri həmçinin bildirib ki, Küveytin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə həssas münasibəti bizi sevindirir: "Bir milyondan artıq qaçqın və məcburi köçkünü olan Azərbaycanın bu probleminin həllində dost ölkələrin böyük dəstəyinə ehtiyacı var. Beynəlxalq ictimaiyyətin bu problemə biganə yanaşması qəbuledilməzdir. Bu, insan hüquqlarının pozulması deməkdir".
Küveyt
Millət Məclisinin Küveyt-Azərbaycan dostluq qrupunun rəhbəri
Mübarək Saleh əl-Nəcədə isə qeyd edib ki,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemində
haqq Azərbaycanın tərəfindədir: "Biz azərbaycanlılara
qarşı törədilmiş Xocalı
soyqırımını insanlığa qarşı cinayət
hesab edirik. Bu məsələdə Azərbaycanın
mövqeyini dəstəkləyirik, bundan sonra da dəstəkləyəcəyik".
Azərbaycan.-2013.- 17 may.- S.3.