Küveyt-Azərbaycan əlaqələri inkişaf mərhələsindədir

 

Mayın 16-da Küveyt Millət Məclisinin Küveyt-Azərbaycan dostluq qrupunun rəhbəri Mübarək Saleh əl-Nəcədə Azərbaycan-Küveyt parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb. Görüşdə ölkələrarası siyasi, iqtisadi, mədəni və digər əlaqələr müzakirə olunub.

Azərbaycan-Küveyt parlamentlərarası dostluq qrupunun rəhbəri Hüseynbala Mirələmov qonaqları salamlayaraq bildirib ki, əvvəllər iki ölkənin parlamentlərarası əlaqələri zəif olub: "Sizin bu vəzifəyə gətirilməyiniz, hesab edirəm ki, ikitərəfli əlaqələrimizdə bir dönüş yaradacaq. Biz səfəriniz zamanı çalışacağıq ki, Azərbaycanı daha yaxşı tanıyasınız. Hazırda Azərbaycan sürətli  inkişaf dövrünü yaşayır". H.Mirələmov Azərbaycan Milli Məclisində demokratik, işgüzar mühitin olduğunu da qonağın diqqətinə çatdırıb. Vurğulayıb ki, parlamentdə qanunların qəbulu zamanı hər bir deputatın rəyinə hörmətlə yanaşılır. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Bildirib ki, dünya bu məsələyə ikili yanaşır: "Hesab edirik ki, bütün müsəlman dövlətləri dünyadakı ikili standartlara yox deməlidir. Bu məsələdə sizin də haqq səsinizi qaldırmağınız bizim üçün vacibdir".

Küveyt Millət Məclisinin Küveyt-Azərbaycan dostluq qrupunun rəhbəri Mübarək Saleh əl-Nəcədə isə qeyd edib ki, bir çox ölkələrdə rəsmi səfərlərdə olublar, müştərək mənafelər naminə görüşlər keçiriblər: "Amma Azərbaycanla müştərək mənafeləri aşaraq daha sıx əlaqələr qurmağa çalışırıq. Çünki Azərbaycan bizə çox yaxın bir ölkədir. Bura gəlişimizin səbəbi tək siyasi deyil, həm də iqtisadi, mədəni əlaqələrimizi inkişaf etdirməkdir. Çalışacağıq ki, bu istiqamətdə bütün səylərimizi gücləndirək". Mübarək Saleh əl-Nəcədə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ehtiramla yad edildiyini və onun layiqli davamçısı Prezident İlham Əliyevin Küveyt xalqı arasında böyük nüfuz sahibi olduğunu bildirib.

 

 

Elgün MƏNSİMOV

 

Azərbaycan.-2013.- 17 may.- S.3.