Avropa Parlamentində
«Azərbaycan gecəsi» adlı tədbir keçirilmişdir
Mayın 15-də Azərbaycanın Belçikadakı səfirliyi və ARDNŞ-in bu şəhərdəki nümayəndəliyinin təşkilatçılığı ilə Avropa Parlamentində "Azərbaycan gecəsi" adlı tədbir keçirilmişdir. Tədbirdə Avropa Parlamentinin və Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Avropa Parlamenti aparatının əməkdaşları, Avropa İttifaqının müxtəlif qurumlarının nümayəndələri, yerli jurnalistlər, Belçika, Niderland və Lüksemburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.
Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov, Avropa Parlamentinin üzvü xanım Kristina Oyland və Milli Məclisin deputatı Səməd Seyidov çıxış edərək son 20 ildə ölkəmizin keçdiyi inkişaf yolundan, Avropa İttifaqı-Azərbaycan əlaqələrindən, milli mədəniyyətimizin və musiqimizin zənginliyindən danışmışlar. Tədbir Azərbaycanın əməkdar artisti Emil Əfrasiyabın ifasında caz konserti ilə davam etmiş, qonaqlar milli mətbəximizin təamlarından dadmışlar.
"Azərbaycan
gecəsi" Brüsseldə fəaliyyət göstərən
informasiya agentlikləri tərəfindən geniş
işıqlandırılmışdır.
Vüqar SEYİDOV,
AzərTAc-ın xüsusi müxbiri
Berlin
Azərbaycan.-2013.- 17 may.- S.3.