Qahirədə Azərbaycanın və Misirin XİN mətbuat xidməti rəhbərlərinin
görüşü olmuşdur
Azərbaycan
XİN-in mətbuat katibi Elman Abdullayev Qahirədə Misir
Xarici İşlər Nazirliyinin İctimai diplomatiya və media
departamentinin rəisi səfir Bahir Helmi ilə görüş
keçirmişdir.
Görüşdə
E.Abdullayev həmsöhbətinə Azərbaycanın xarici
siyasəti, həyata keçirdiyi humanitar layihələr və
ictimai diplomatiya siyasətinin əsas istiqamətləri barəsində
məlumat vermişdir. O, Azərbaycan ilə Misirin tarixi dostluq
əlaqələrini bölüşdüyünü qeyd edərək,
bütün sahələrdə olduğu kimi, ictimai diplomatiya
sahəsində də birgə maraq dairəsində olan istiqamətlər
üzrə əməkdaşlığın
mümkünlüyünü bildirmişdir. Bu xüsusda Fələstin
məsələsinə toxunan E.Abdullayev Azərbaycanın ev
sahibliyi ilə bu ilin iyun ayında Fələstin üzrə
Bakıda keçiriləcək donor konfransı haqqında da
bilgi vermişdir.
Ermənistan-Azərbaycan
münaqişəsi və onun törətdiyi fəsadlar barəsində
ətraflı danışan E.Abdullayev Qoşulmama Hərəkatının
xarici işlər nazirlərinin Şarm əş-Şeyx toplantısında
və İƏT-in Qahirə sammitində bu münaqişə
ilə əlaqədar qəbul edilmiş qərarların siyasi
əhəmiyyətindən danışmış və bu
xüsusda Misirin tutduğu mövqeyin Azərbaycan tərəfindən
yüksək qiymətləndirildiyini qeyd etmişdir.
Bahir
Helmi Azərbaycan və Misir xalqlarının tarixi dostluq və
qardaşlıq ənənələrindən danışaraq
Misirin Azərbaycan ilə əlaqələrə daim
mühüm əhəmiyyət verdiyini qeyd etmiş və digər
sahələrdə olduğu kimi, ictimai diplomatiya sahəsində
də iki ölkə arasında əməkdaşlıq və
təcrübə mübadiləsi üçün münbit
imkanların olduğunu diqqətə
çatdırmışdır.
Azərbaycan.-2013.- 17 may.- S.3.