Dünyada etibarlı tərəfdaş kimi qəbul olunan Azərbaycan ilə daha sıx əməkdaşlıq qurmaqda maraqlı olan dövlətlərin sayı getdikcə artır

 

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Qahirə Universitetinin iqtisadiyyat və siyasi elmlər fakültəsində fəaliyyətə başlayan "Azərbaycan tədris proqramı" çərçivəsində ölkəmizin xarici siyasəti və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda məruzə ilə çıxış etmişdir.

Azərbaycanın tarixi inkişaf yolu, dövlətçilik ənənələri və regionda oynadığı rol barədə danışan E.Abdullayev çar Rusiyasının Şərqə doğru genişləndiyini və Cənubi Qafqaz regionunun işğal edildiyini, bundan sonra süni köçürmə yolu ilə ermənilərin tarixi Azərbaycan  torpaqlarında yerləşdirildiyini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin köklərinin məhz buradan qaynaqlandığını bildirmiş, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və münaqişənin həlli ilə bağlı danışıqların cari vəziyyətindən danışmışdır.

Ermənistanın işğalçılıq siyasəti, erməni terroru və bu xüsusda rəsmi Yerevanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və Xocalı soyqırımı barədə danışan E.Abdullayev münaqişənin həllinə dair rəsmi Bakının mövqeyi, Azərbaycanın region və onun hüdudlarından kənarda inkişafa verdiyi töhfələr haqqında ətraflı məlumat vermişdir.

Azərbaycanın Gürcüstan və Türkiyə ilə enerji və nəqliyyat sahələrində əməkdaşlığının inkişaf etdiyini vurğulayan E.Abdullayev Ermənistanın öz mənfur siyasətinə görə regional inkişafdan kənarda qaldığını və üzləşdiyi sosial, demoqrafik və iqtisadi çətinliklərin fövqündə tənəzzülə doğru getdiyini bildirmişdir. 

Siyasi sabitlik, iqtisadi inkişaf və sosial rifah nəticəsində Azərbaycanın müstəqil, şəffaf və aydın xarici siyasət yürütdüyünü və bu siyasətin artıq regional müstəvidən qlobal müstəviyə doğru irəlilədiyini qeyd edən E.Abdullayev bu xüsusda ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi oynadığı rol, qlobal problemlərin həllinə verdiyi müsbət töhfələrdən danışmış, dünyada etibarlı tərəfdaş kimi qəbul olunan Azərbaycan ilə daha sıx əməkdaşlıq qurmaqda maraqlı olan dövlətlərin sayının getdikcə artdığını bildirmişdir.

Qeyd edək ki, Qahirə Universitetinin iqtisadiyyat və siyasi elmlər fakültəsində Asiya Araşdırmalar Mərkəzinin nəzdində Azərbaycan araşdırmalar bölməsi təsis edilmişdir. Bu bölmə tərəfindən mayın 13-19-da tələbələr üçün "Azərbaycan tədris proqramı" fəaliyyətə başlamışdır. Əllidən artıq tələbənin iştirak etdiyi tədris proqramının gələcəkdə daha da inkişaf etdirilməsi planlaşdırılır.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Qahirə

 

Azərbaycan.-2013.- 17 may.- S.3.