Heydər Əliyevin dövlətçilik
konsepsiyası müasir Azərbaycanın davamlı
inkişafını təmin edib
Əsl
lider bütünlükdə mühitdən asılı olan
adamlardan onunla seçilir ki, ətrafda baş verən hadisə
və proseslərə münasibətdə passiv
müşahidəçi mövqeyindən
çıxış edərək biganəlik, laqeydlik
göstərmir. Öz iradəsi, qətiyyəti, hadisələrə
operativ qiymət vermək bacarığı, heç bir riskdən
çəkinməməsi ilə lider sübuta yetirir ki, onun
varlığı təkcə cismanilikdən ibarət deyildir.
Ulu öndər Heydər Əliyevin müstəqilliyin ilk illərində
milli dövlətçiliyi qorumaq üçün
nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq bu mənada
onun həm də yüksək liderlik əzmini nümayiş
etdirdi. Heydər Əliyevin ümummilli liderə çevrilməsini
təmin edən ən başlıca amil onun ən çətin
və mürəkkəb siyasi şəraitdə məsuliyyətdən
boyun qaçırmaması, xalqının, dövlətinin
problemlərinə biganə qalmaması olmuşdur.
Böyük strateqin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikanın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Heydər Əliyev dühasının tarixi sınaq anında üzərinə düşən missiyanın öhdəsindən uğurla gəlməsi, sözün həqiqi mənasında milli qurtuluşa nail olması onun xalqla mənəvi birliyinin nəticəsi sayılmalıdır. Həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün naşı və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə şərait yaratmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu. Respublikada qanunçuluğun, hüquq qaydalarının son dərəcə zəif olması, dövlət idarəçiliyinin iflic vəziyyətinə düşməsi, ayrı-ayrı siyasətçilərin "könüllü döyüşçü" adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Faktiki olaraq müəyyən xarici qüvvələrin dəstəklədiyi silahlı qruplaşmalar respublikamızın yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, vətəndaş müharibəsinə, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanmasına çalışırdılar. Belə bir şəraitdə müstəqil Azərbaycan dövlətinin mövcudluğu bir növ formal xarakter daşıyırdı.
Ulu öndər malik olduğu yüksək dövlətçilik və idarəçilik səriştəsi ilə çiyinlərini son dərəcə ağır bir yükün altına vermiş, məsuliyyətdən çəkinməmişdir. Ümummilli lider çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərərək, təbiətin ona bəxş etdiyi fədakarlıq, mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünəinam və siyasi uzaqgörənlik, ideya və fikirlərini sadə şəkildə geniş xalq kütlələrinə təlqin etmək kimi fövqəlkeyfiyyətlərindən məharətlə bəhrələnərək xalqı vətəndaş qarşıdurmasından, müstəqilliyi itirmək təhlükəsindən qurtardı.
1993-cü il iyunun 15-də Azərbaycan parlamentində dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev respublikanı xaos və anarxiya burulğanından çıxarmaq, xalqın etimadını doğrultmaq üçün səylə çalışacağını bəyan etmişdi: "...Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir. Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir. Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına, qanun pozuntularına yol verilməməlidir. Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan hüquqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır. Yəni respublikamız bir il bundan öncə başladığı yolla getməkdə davam etməlidir. Bu, düzgün yoldur, doğru yoldur, bu yolla bizim respublika daha qətiyyətlə getməlidir. Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq olacağam".
Ulu öndər Heydər Əliyevin iyunun 15-də Ali Sovetin Sədri seçilməsi böyük strateqin sadəcə hakimiyyətə qayıdışı deyil, eyni zamanda xalqın qurtuluş və özünütəsdiq tarixi idi. Bu tarixi qayıdış ilk növbədə Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmadan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi.
Vaxtilə antik yunan mütəfəkkiri və filosofu Siseron yazırdı ki, insanlar həqiqi azadlığa qovuşmaq, sərbəst yaşamaq üçün qanuna tabe olmalıdırlar. Bəşəriyyətin tarixi təkamül prosesi də təsdiqləyir ki, yalnız ədalət, müdriklik, humanizm kimi ali dəyərləri öz şəxsiyyətində bir araya gətirməklə kamillik zirvəsinə yüksəlmiş liderlər qanuna söykənən cəmiyyət yaratmaq idealı ilə yaşayıb fəaliyyət göstəriblər. Heydər Əliyev dühası da gücün siyasətinə qarşı siyasətin gücünü qoyaraq "haqlı adam həmişə güclüdür" düsturunu işə salan belə fövqəlşəxsiyyətlərdən biri kimi çağdaş tariximizdə əbədiyaşarlığını təmin edibdir. Liberalizmin fərdi hüquq və azadlıqların müstəsna prioritetinə əsaslandığını peşəkar strateq kimi daim nəzərə alan Heydər Əliyev dövlətin maraqlarına xələl gətirmədən hər bir vətəndaşın qanuni hüquqlarının yüksək səviyyədə təmin edildiyi təkmil idarəçilik sisteminin formalaşmasına çalışmışdır.
Azərbaycan xalqının vahidliyinə çalışan Heydər Əliyev dühası özünün fitri idarəçilik istedadı sayəsində respublikada ümumbəşəri dəyərlərlə çulğaşan, milli xüsusiyyətləri, mental dəyərləri qoruyan ədalətli, sivil və demokratik cəmiyyət qurmuş, dövlət-vətəndaş münasibətlərində hər birinin mənafeyini prioritet götürmüşdür. Müxtəlif tarixi dövrlərin siyasi təbəddülatları ümummilli problemlərin həllində cəmiyyətin Heydər Əliyev siyasi kursuna olan inamına zərrə qədər də təsir etməmiş, əksinə, bu inam gündən-günə güclənmiş, möhkəmlənmişdir. İctimaiyyət Heydər Əliyev siyasətinə olan yüksək etimadın müqabilində dövlətə, hakimiyyətə inamını bərpa etmişdir. Məhz bu inam da cəmiyyəti anarxist meyillərə sürüyən mənfi tendensiyalara qarşı güclü immunitet formalaşdırmışdır. Bu baxımdan Heydər Əliyevin siyasi varislik irsinin alternativsizliyi təkcə praktik məsələlərdə özünü təsdiqləməmişdir - bu faktor cəmiyyətin ideoloji istiqamətləri baxımından da ciddi əhəmiyyətə malikdir.
Xarizmatik liderlər üçün səciyyəvi olan bir müstəsna keyfiyyət ulu öndərin şəxsiyyətində özünü daim qabarıq göstərmişdir: həyatın ən çətin anlarında bütün psixoloji-siyasi təzyiqlərə, təqiblərə sinə gərən, qürurunu qoruyan, vicdanının səsi ilə hərəkət edən Heydər Əliyev məğlubiyyət sözünü heç zaman yaxına buraxmamışdır. Bədxahları, bəzən elə çörək verdiyi insanlar da zəngin və şərəfli ömür yolunun ayrı-ayrı mərhələlərində ona qarşı çirkin təbliğat kampaniyası təşkil etmiş, fürsət düşdükcə dəstə-dəstə, qrup-qrup üzərinə hücum çəkməyə, məqamdan yararlanıb ona zərbə vurmağa uğursuz cəhdlər göstərmişlər. Lakin onlar Heydər Əliyevi heç zaman məğlub edə bilməmişlər, ulu Tanrı bütöv bir millətin nicatı naminə kölgəsini onun üzərindən heç zaman çəkməmişdir. Bütün yenilməz şəxsiyyətlər kimi, ulu öndər bu dünyaya qalib kimi gəlmiş, əbədiyyət adlı ünvana da saysız-hesabsız qələbələrin müəllifi kimi qovuşmuşdur.
Ulu öndər Heydər Əliyevin diqqəti çəkən fitri idarəçilik keyfiyyətləri sırasında onun ən ekstremal, çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə ictimai mənafeləri özündə tamamilə ehtiva edən qətiyyətli, eyni zamanda yaranmış şərait üçün ən optimal qərarlar qəbul etmək məharəti, yəqin, heç zaman xatirələrdən silinməyəcək. Öz liderinin müdrik, uzaq hədəflərə hesablanmış, qətiyyətli və çevik addımlar atmaq əzmindən yetərincə xəbərdar olan Azərbaycan xalqı ən çətin, mürəkkəb vəziyyətlərdə, çıxılmaz anlarda belə arxayınlıq hissi keçirirdi. Çünki baş qaldıran təhlükələr, həyatın bu və digər mürəkkəblikləri, cılız siyasi kombinasiyalar Heydər Əliyev şəxsiyyətinin qüdrəti qarşısında son dərəcə bəsit görünürdü. Azərbaycan insanı ilahi bir əminliklə öz liderinin ən çətin dövlətçilik sınaqlarından üzüağ çıxacağını düşünür, bu fövqəlşəxsiyyətin hər bir situasiya üzərində növbəti zəfərini alqışlamağa hazırlaşırdı. 1993-cü ildən sonrakı mərhələdə xalqın sabit ölkədə yaşaması, özünə inamının güclənməsi də məhz bu gerçəklikdən qaynaqlanmışdır.
Hər
bir liderin dövlət idarəçiliyində
qazandığı uğur və nailiyyətləri şərtləndirən
başlıca amillərdən biri də ciddi təmələ
söykənən siyasi varislik ənənələrinin
qorunmasıdır. Söhbət ölkənin və dövlətin
sabit, dinamik inkişafının təkamül yolu ilə davam
etdirilməsi xəttinin etibarlı şəkildə
qorunmasından gedir. Bu baxımdan ulu öndərin
böyüklüyü həm də ondadır ki, Heydər Əliyev
güclü dövlət yaratmaqla yanaşı, onu
özündən sonra inamla idarə edəcək,
çoxşaxəli mütərəqqi islahatların
varisliyini uğurla təmin edəcək peşəkar lider,
layiqli davamçı yetişdirmişdir. Xalqın sosial
sifarişi əsasında Azərbaycanda Heydər Əliyev
siyasi kursunu davam etdirmək kimi çətin və məsuliyyətli
bir missiyanı üzərinə götürmüş cənab
İlham Əliyev öz siyasətini bu istiqamətdə qurur.
Prezident
İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli "Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik
yubileyi haqqında" sərəncamında
vurğulandığı kimi, "dahi Heydər Əliyev
şəxsiyyətinin Azərbaycan dövlətçilik
tarixində müstəsna yeri vardır. Azərbaycançılıq
məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər
Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi
və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik
ideyasının gerçəkləşdirilməsinə,
müasir Azərbaycan dövlətinin qurulmasına və
xalqımızın müstəqillik arzusuna çatmasına
nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində
Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni
potensialından istifadə edərək Şərqlə Qərb
arasında etibarlı körpü rolunu oynamağa
başlamış və dünyanın ən dinamik inkişaf
edən ölkələrindən birinə
çevrilmişdir".
Bu
gün İlham Əliyevin həyata keçirdiyi
çoxşaxəli islahatlar Azərbaycan dövlətinin
siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Bu
müəyyənləşmə Azərbaycanın qısa
müddət ərzində iqtisadi inkişaf göstəricilərinə
görə regionda liderə çevrilməsi, iqtisadi sahədə
keçid dövrünü başa vurması faktıdır.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum,
Bakı-Tbilisi-Qars kimi nəhəng layihələrin gerçəkləşməsi,
respublikamızın ümumilikdə Avropa regionunun gələcək
enerji təhlükəsizliyinin əsas təminatçılarından
birinə çevrilməsi xalqımızın dünya
arenasında layiqli yerini təmin edir. Azərbaycan insanının
gün-güzəranı daha da yaxşılaşır, şəhər,
kənd və qəsəbələr abadlaşır,
respublikamızda işsizlik-yoxsulluq kimi ağır sosial bəlalar
artıq həllini tapır. Bütün bunlarla yanaşı,
Azərbaycanda demokratiyanın təntənəsi, qanunların
aliliyi, haqq-ədalətin zəfəri üçün
bütün lazımi tədbirlər həyata keçirilir.
Azərbaycanın mövcud iqtisadi potensialının insan
kapitalına çevrilməsi istiqamətində atılan
addımlar ölkənin elmi inkişafına doğru sürətli
kurs götürdüyünü təsdiqləyir.
Prezident
İlham Əliyev dövlətçilik konsepsiyasını məhz
ulu öndər Heydər Əliyevin müəllifi olduğu
strateji kurs üzərində formalaşdırır və onu
yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə
çalışır. Bu kurs milləti Heydər Əliyev
ideyaları ətrafında toparlayır, özünü azərbaycanlı
sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu
öndərin yarımçıq qalmış
arzularının, ideyalarının həyata keçirilməsi
istiqamətində səfərbər edir. Bu gün hər bir
azərbaycanlı dərk edir ki, ulu öndərin ideyaları
yaşayır və bizi Azərbaycanın daha da qüdrətli
olması üçün Prezident İlham Əliyevin liderliyi
altında mühüm vəzifələr gözləyir.
Mütləq əksəriyyət bu fikirdədir ki, bir
çox dövlətlərin onilliklərlə keçdiyi
yolu qısa müddətdə adlayan Azərbaycan öz rəhbərinin
əzmkar fəaliyyəti sayəsində qarşıya
qoyduğu bu hədəfə çox qısa zamanda
qovuşacaqdır.
Elnur HACALIYEV
Azərbaycan.-2013.- 17 may.- S.4.