Bakıda «Azərbaycan-2020: elmi
potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi»
mövzusunda beynəlxalq seminar-treninq keçirilir
Mayın
16-da "Hilton Baku" hotelində
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin
İnkişafı Fondunun (EİF) təşkilatçılığı
və maliyyə dəstəyi ilə ümummilli lider Heydər
Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Azərbaycan-2020:
elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi"
mövzusunda beynəlxalq seminar-treninq işə
başlamışdır.
AzərTAc
xəbər verir ki, Ukrayna Milli Texniki Universiteti-"Kiyev
Politexnik İnstitutu" (UMTU "KPİ") ilə birgə təşkil
olunmuş tədbir çərçivəsində "Qrant
layihələrinin idarə olunmasının hüquqi aspektləri"
üzrə keçirilmiş seminarda Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) və ölkənin ali təhsil
müəssisələrinin əməkdaşları, dövlət
qurumlarının nümayəndələri, Milli Məclisin
deputatları, ziyalılar, tanınmış mütəxəssislər,
kütləvi informasiya vasitələrinin təmsilçiləri
iştirak etmişlər.
Tədbirdə EİF-in
icraçı direktoru Elçin Babayev ölkəmizdə
elmin dinamik inkişafından, Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin
elmə, təhsilə göstərdikləri diqqət və
qayğıdan danışmışdır.
E.Babayev
bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci
il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş
"Azərbaycan-2020: gələcəyə baxış"
İnkişaf Konsepsiyasında elmi potensialın və innovasiya
fəaliyyətinin dəstəklənməsi üzrə
strateji fəaliyyətdə uzunmüddətli davamlı
iqtisadi inkişafı təmin etmək, "bilik iqtisadiyyatı"nı
formalaşdırmaq, elmtutumlu texnologiya, məhsul (iş və
xidmətlər) yaradılmasını sürətləndirmək
məqsədi ilə innovasiya fəaliyyətinin genişləndirilməsi
ölkənin strateji inkişaf istiqamətlərindən biri
kimi göstərilmişdir. Eyni
zamanda, bu sahədə kompleks tədbirlərin həyata
keçirilməsinin vacibliyi qeyd olunmuşdur.
Həmçinin
ölkədə innovativ iqtisadiyyatın yaradılması məqsədi
ilə elm və istehsalat arasındakı əlaqələrin
gücləndirilməsi, tətbiqi elmi araşdırmaların
bazarın tələbatına müvafiq aparılması
üçün zəruri mexanizmlərin yaradılması
qarşıya mühüm vəzifə kimi qoyulmuşdur.
Konsepsiyaya əsasən, iqtisadi məqsəd və resurslar,
bilik və mədəniyyət sahəsinin vəzifələri
ilə informasiya texnologiyalarının inkişafı
arasındakı əlaqələrin müəyyənləşdirilməsi
uzunmüddətli dövr üçün əqli mülkiyyətə
dair Milli Strategiyada və müvafiq dövlət proqramında əksini
tapan innovasiya potensialının inkişafına da kömək
edəcəkdir.
İnkişaf
konsepsiyasında müəyyən edilən vəzifələrin
həlli dövlət qurumları, elmi institutlar, beynəlxalq təşkilatlar
və digər aidiyyəti strukturlarla sıx əməkdaşlıq
əlaqələrinin qurulmasını tələb edir.
Qeyd
olunmuşdur ki, yaxın illərdə qabaqcıl dünya təcrübəsindən
istifadə etməklə Azərbaycanda informasiya cəmiyyətinin
tələblərinə uyğun olaraq yeni bilik və
texnologiyaların istifadəsini, mənimsənilməsini və
yayılmasını təmin edən milli innovasiya sisteminin
formalaşdırılması prosesi də tamamlanacaqdır.
Daha
sonra E.Babayev qrant layihələrinin
idarə olunmasının hüquqi aspektləri barəsində
geniş məlumat vermişdir.
Fondun
icraçı direktoru beynəlxalq
treninqin tərəflər üçün uğurlu
olacağına əminliyini bildirmiş,
iştirakçılara müvəffəqiyyətlər
arzulamışdır.
UMTU
"KPİ"-nin "Diplomdan sonrakı təhsil" təhsil-metodiki
kompleksinin direktoru İnna Malyukova birgə layihələrin əhəmiyyətini,
EİF ilə səmərəli əməkdaşlığın
bundan sonra da davam etdiriləcəyini
vurğulamışdır. Azərbaycanda elmin sürətlə
inkişaf etdiyini söyləyən
ukraynalı mütəxəssis bu işdə EİF-in fəaliyyətini
xüsusi qeyd etmiş, onun təcrübəsinin ukraynalı
alimlər və fondlar üçün örnək
olduğunu bildirmişdir.
Sonra
ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini
əks etdirən qısametrajlı film nümayiş
olunmuşdur.
Müəllif Hüquqları
Agentliyinin (MHA) sədri Kamran İmanov seminar-treninqdə
çıxış edərək bildirmişdir ki,
bugünkü tədbir ümummilli lider Heydər Əliyevin
unudulmaz xatirəsinə həsr edilmişdir. Məhz ulu
öndərin uzaqgörənliyi və fitri
proqnozlaşdırma istedadı Azərbaycanın müasir əqli
mülkiyyət sistemini qurmağa imkan yaratmışdır.
Keçmişi izah etmək üçün ilahi vergidən,
bugünü anlamaq üçün istedaddan, gələcəyi
görmək üçün dahilikdən daha artıq nemətlər
varisi olan Heydər Əliyev dövlətimizin digər istiqamətləri
ilə yanaşı, əqli mülkiyyət sahəsinin gələcəyinin
cizgilərini də təxminən iyirmi il əvvəl çəkmişdir.
Tam əminliklə deyə bilərik ki, ümummilli lider Heydər Əliyev Azərbaycan
müəllif-hüquq sisteminin yaradıcısıdır. Onun
zəngin irsi bizim üçün ən dəyərli əqli
mülkiyyətdir.
Rəhbərlik
etdiyi qurum ilə Elmin İnkişafı Fondu arasında əməkdaşlıqdan
danışan K.İmanov demişdir ki, EİF-ə daxil olan
bütün layihələr MHA-da qeydiyyatdan keçirilir və
ortaya çıxan suallar
agentlik tərəfindən
müvafiq qaydada cavablandırılır.
MHA-nın
sədri hər iki qurum arasında səmərəli əməkdaşlığın
bundan sonra da davam edəcəyinə əminliyini
bildirmişdir.
AMEA-nın
müxbir üzvü Səlahəddin Xəlilov Azərbaycanda
elmin inkişafında, elm adamlarının əməyinin dəyərləndirilməsində,
Milli Elmlər Akademiyasının yenidən qurulmasında və
fəaliyyətinin genişləndirilməsində ulu öndər
Heydər Əliyevin əvəzsiz xidmətlərini qeyd
etmişdir.
Ölkənin
aparıcı universitetlərində elmin inkişafının
təmin edilməsinin, universitetlərin nəzdində
müvafiq sahələr üzrə elmi-tədqiqat
institutlarının yaradılmasının əhəmiyyətini
qeyd edən S.Xəlilov elm haqqında qanunun xalqın
müzakirəsinə verilməsinin
vacibliyini vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycanın
gələcək inkişafının əsas təməl
prinsipləri bu qanunda ehtiva olunacaqdır.
Alim
təklif etmişdir ki, qanun layihəsi tezliklə ümumxalq
müzakirəsinə çıxarılsın, elmin maliyyələşməsi
məsələlərində dönüş yaratmaq məqsədi
ilə yeni dəyişikliklər edilsin və bu proseslərdə
EİF-in fəaliyyəti genişləndirilsin.
Milli
Məclisin Elm və təhsil komitəsinin üzvü professor
Musa Qasımlı ulu öndər Heydər Əliyevin AMEA-ya
böyük diqqət və qayğısından söz
açmışdır. M.Qasımlı Azərbaycanda elmin
inkişafında və dünya elminə inteqrasiyasında
EİF-in fəaliyyətini yüksək dəyərləndirmiş,
fondun daha böyük nailiyyətlər əldə edəcəyinə
inandığını bildirmişdir.
Tədbirdə
qeyd olunmuşdur ki, beynəlxalq seminar-treninq "Azərbaycan-2020:
gələcəyə baxış" İnkişaf
Konsepsiyasının elmin inkişafı sahəsində müəyyənləşdirdiyi
vəzifələrin həyata keçirilməsi sahəsində
atılmış addımlardan biri sayıla bilər və
elmi nəticələrin kommersiyalaşdırılması,
innovasiya fəaliyyətinin gücləndirilməsi üzrə
mütəxəssislərin hazırlanması istiqamətində
böyük əhəmiyyət kəsb edir.
EİF-in
yaradılmasında, formalaşmasında və fəaliyyətində
bu quruma dəstək vermiş şəxslər, bəzi
dövlət qurumları, idarə və təşkilatlar
fondun diplomları ilə təltif olunmuşlar.
Tədbir
çərçivəsində EİF ilə Ukrayna Milli
Texniki Universiteti-"Kiyev Politexnik İnstitutu" arasında əməkdaşlığa
dair memorandum imzalanmışdır.
Sənədi
E.Babayev və İ.Malyukova imzalamışlar.
Sonra "Elmi tədqiqatların nəticələrinin
kommersiyalaşdırılması və texnologiyaların
transferi" üzrə treninq öz işinə
başlamışdır.
Ukraynanın
bu sahədə tanınmış mütəxəssisləri
tərəfindən keçirilən treninq mayın 17-də başa
çatacaqdır.
Azərbaycan.-2013.- 17 may.- S.4.