Üçüncü «Bakı
ürək günləri» beynəlxalq konqresi
ilə bağlı mətbuat konfransı keçirilmişdir
Mayın
17-dən 19-dək Bakı şəhərində Azərbaycan
Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı
ilə 3-cü "Bakı ürək günləri" beynəlxalq
konqresi keçiriləcəkdir.
AzərTAc
xəbər verir ki, bununla bağlı mayın 16-da
"Gülüstan" sarayında mətbuat konfransı
keçirilmişdir.
Tədbirdə
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin
sədri tibb elmləri namizədi
Kamran Musayev bildirmişdir ki, 38
ölkədən 100-dən çox kardioloq və kardiocərrahın
iştirak edəcəyi beynəlxalq konqres ümummilli lider
Heydər Əliyevin anadan olmasının 90-cı
ildönümünə həsr olunmuşdur.
Diqqətə
çatdırılmışdır ki, bu mühüm tədbirin
ölkəmizin paytaxtında keçirilməsi ümummilli
lider Heydər Əliyevin müəyyənləşdirdiyi səhiyyə
siyasətinin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsinin məntiqi nəticəsidir. Bu, həm
də ölkəmizdə
kardiologiyanın və ürək-damar cərrahiyyəsinin
sürətli inkişafının göstəricisidir.
Qeyd
edilmişdir ki, konqresin əsas məqsədi ölkəmizdə
kardiologiyanın və ürək-damar cərrahiyyəsinin
inkişafına töhfə vermək, Azərbaycan həkimlərinin
qazandıqları uğurları dünyaya göstərmək
və xarici mütəxəssislərlə birgə fikir
mübadiləsi aparmaqdır. Konqresdə azərbaycanlı həkimlər
xarici ölkələrin tanınmış mütəxəssisləri
ilə kardiologiya sahəsindəki problemləri və ən
son nailiyyətləri müzakirə edəcəklər.
Konqresin birinci iş günündə keçiriləcək
16 sessiyada yerli və xarici mütəxəssislərin 50-yə
yaxın məruzəsi dinləniləcəkdir. İkinci
iş günüdə isə heyvan ürəkləri üzərində
"Ürəyin cərrahi anatomiyası" mövzusunda təcrübi
kurs təşkil olunacaqdır.
Mətbuat
konfransında İspaniyanın Barselona Universitetinin professoru
Karlos Mestres Azərbaycanın səhiyyə, xüsusilə
ürək-damar cərrahiyyəsi sahəsində
qazandığı uğurlara görə regionun əsas mərkəzinə
çevrildiyini bildirmişdir.
Azərbaycanda
dəfələrlə səfərdə olan ispaniyalı
professor ölkəmizdə sürətli inkişaf getdiyini və
Bakının Avropa şəhərlərindən fərqlənmədiyini
də qeyd etmişdir.
Azərbaycan.-2013.- 17 may.- S.4.