«Repressiya qurbanları: Teymur Salahov» miniatür kitabı çapdan çıxmışdır

 

Azərbaycan Respublikası "Kitab" Cəmiyyəti tərəfindən "Repressiya qurbanları: Teymur Salahov" miniatür kitabı "İndigo" mətbəəsində çapdan çıxmışdır.

AzərTAc xəbər verir ki, kitabın müəllifi, respublikanın əməkdar jurnalisti İradə Əliyevanın "Ön söz"ündə Teymur Salahovun qısa, lakin diqqətəlayiq həyat yolu haqqında məlumatlar öz əksini tapmışdır.

Müəllif yazır: "Teymur Salahov öz dövrünün quruluşuna, yəni, sovet hakimiyyətinə, sosializmə, Kommunist Partiyasına xilaf çıxmamışdır. O, öz vətənini və xalqını sevən bir insan, yüksək ixtisaslı mütəxəssis, bacarıqlı təşkilatçı, ziyalı, gələcəyi parlaq olacaq dövlət qulluqçusu idi. Lakin T.Salahov Stalinin "silahdaş"larının, o cümlədən erməni millətinin nümayəndələrinin qəzəbinə tuş gəlmişdi, ağır müsibətlərlə qarşılaşmışdır. Beləliklə, sübutsuz-dəlilsiz ittiham olunmuş, şahidsiz-vəkilsiz həbs edilmiş və cəlladların əli ilə həyatına son qoyulmuşdur. Stalinizmin digər qurbanları kimi, Teymur Salahovun da məhkəməsi bir göz qırpımında - 15 dəqiqə ərzində başa çatmışdır".

Kitabın redaktorları tarix elmləri doktoru, professor Sani Hacıyev, siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyevadır.

S.Hacıyev kitabda yer alan "Tarix "qırmızı terror"u hələ çox mühakimə edəcək" yazısında qeyd edilir ki, Teymur Salahovun keçdiyi qısa, mənalı, lakin sonu faciə ilə bitən həyatına həsr olunan əsər sənədli povest janrında qələmə alınmışdır. Teymur Salahovun məhz şərə, böhtana düşdüyü, əslində isə namuslu və sədaqətli qulluqçu, partiya işçisi olduğu, xidmət etdiyi quruluşa heç də xilaf çıxmadığı dəlil-sübutlarla, arxiv sənədləri əsasında jurnalist qələmi ilə aydın göstərilir.

Redaktor vurğulamışdır ki, Teymur Salahov əsərdə həm də əsil-nəcabətli bir insan, geniş dünyagörüşünə malik ziyalı, vətəninə, torpağına bütün varlığı ilə bağlı şəxsiyyət kimi canlandırılmışdır. Kitab bir daha Stalin rejiminin Azərbaycan xalqının belə qorxmaz ziyalı oğullarına mənəvi və cismani zərbələr vurduğunu təsdiqləyir. Əsərin dili yığcam və aydındır.

Kitabda T.Salahovun qızı, Miniatür Kitab Muzeyinin yaradıcısı, əməkdar mədəniyyət xadimi Zərifə Salahovanın da "Taleyüklü görüş" sərlövhəli yazısı yer almışdır.

Xüsusi zövqlə hazırlanmış, nəfis tərtibatlı kitabda T.Salahov ailəsinin fotoşəkillərindən də geniş istifadə olunmuşdur.

 

 

Azərbaycan.-2013.- 17 may.- S.7.