Zəngin proqramlı kinofestival
Fransanın Kann şəhərində may ayının 26-dək davam edəcək 66-cı beynəlxalq festivala dünəndən start verilib. Avstriyalı rejissor Baz Lurmanın "Dahi Qetsbi" filmi ilə açılan festivalın proqramı çox zəngindir. Müsabiqənin proqramına Nikolas Vindinq Refin, Fransua Ozan, Roman Polanski kimi məşhur rejissorların filmləri daxil edilib.
Ekran əsərlərinin dəyərləndirilməsi sənət aləmində özlərini tanıtmış məşhurlara həvalə edilib. Amerikalı rejissor və prodüsser Stiven Spilberqin rəhbərlik etdiyi münsiflər heyətinə hind aktrisası Vildya Balan, yapon rejissoru Naomi Kavase, amerikalı aktrisa Nikol Kidman da daxildir.
Belə mötəbər beynəlxalq tədbirlərdə iştirak etmək Azərbaycan kino sənəti nümayəndələrinə də nəsib olub. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması bölməsinin müdiri Yusif Şeyxov, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov, "Azanfilm"in direktoru Fariz Əhmədov, kinorejissor Ayaz Salayev və digərlərindən ibarət nümayəndə heyəti adı çəkilən festivala ciddi hazırlaşıb. Yusif Şeyxovun KİV əməkdaşlarına verdiyi məlumata görə, Azərbaycan pavilyonunda son illər lentə alınan filmlərimiz, kino tariximizi əks etdirən çap və reklam məhsullarının nümayişi nəzərdə tutulub.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-2013.- 17 may.- S.7.