Bakıda «Tofiq Cavadov: 50 il sonra» sərgisi açılmışdır

 

Mayın 16-da Bakı İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Müasir İncəsənət Muzeyində Azərbaycanın görkəmli rəssamı Tofiq Cavadovun (1925-1963) yaradıcılığını əks etdirən retrospektiv sərgi açılmışdır.

AzərTAc xəbər verir ki, sərgi ilə bərabər Tofiq Cavadovun yaradıcılığını əks etdirən nəfis kataloqun təqdimatı da keçirilmişdir.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad  Xəlilov və sərginin təşkilat komitəsinin sədri, "Yeni Gallery" Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin rəhbəri Rafael Gülməmmədli çıxış edərək istedadlı fırça ustası Tofiq Cavadovun qısa, lakin mənalı ömür yolundan, qeyri-adi sənətkarlıq dünyasından geniş söz açmışlar.

Bildirilmişdir ki, bu, Tofiq Cavadovun ölümündən keçən 50 il ərzində açılan ikinci yaradıcılıq sərgisidir və bir çox tablolar ilk dəfə nümayiş olunur.

Tofiq Cavadovun ilk sərgisi onun Moskvada faciəli surətdə həlak olduğu 1963-cü ildə Bakıda keçirilmişdir. O vaxtdan rəssamın bir dəfə də olsun yaradıcılıq sərgisi açılmamış, sənət irsi layiq olduğu qədər təbliğ edilməmişdir. Dar çərçivədə olan mütəxəssislərin Tofiq Cavadov haqqında bilgisini nəzərə almasaq, qeyd etməliyik ki, ümumiyyətlə, bu istedadlı rəssamın həyat və yaradıcılığı haqqında bu günədək geniş ictimaiyyətin məlumatı olduqca məhduddur.

Tofiq Cavadov XX əsr Azərbaycan rəngkarlığının görkəmli nümayəndəsi, yaradıcılığında milli təsviri sənətin bir sıra xarakterik xüsusiyyətlərinin vəhdətinə və avanqard cərəyanının magistral inkişaf meyillərini müəyyənləşdirməyə nail olmuş istedadlı sənətkardır. O, Azərbaycan təsviri sənətinə sərt realizm gətirmiş bir rəssamdır. Eyni zamanda, Azərbaycanın ilk və bəlkə də yeganə neorealist rəssamıdır.

Bildirilmişdir ki, istedadlı rəssamın insan və sənətkar kimi fiziki, cismani ömrü çox qısa olmuşdur. Lakin onun yaradıcılıq irsi intəhasızdır. O, rəssam kimi ömrünün sonunadək yüksəlmişdir. Sağlığında bir sıra həmkarlarından fərqli olaraq sənətində bitib tükənməmişdir. Başqa sözlə, Tofiq Cavadovun yaradıcılıq ömrünün qısa olmasına baxmayaraq, bu ömür, bu yaşam öz tapıntıları və novatorluğunun əhəmiyyətinə, daxili tutumu və inkişaf səviyyəsinə görə daha uzun, davamlı sənətkar ömrünə bəs edəcək qədərdir.

Vurğulanmışdır ki, Rafael Gülməmmədli 2006-cı ildən Tofiq Cavadovun yaradıcılıq irsinin araşdırması ilə məşğuldur. O, bu müddət ərzində mərhum sənətkarın həyat və yaradıcılığını əhatəli şəkildə tədqiq etmiş, rəssamın bu günümüzə kimi gəlib çıxmış bütün yaradıcı irsinin tapıb üzə çıxarılmasına nail olmuşdur.

 Aparılmış bütün tədqiqat işlərinin nəticəsi Tofiq Cavadovun yaradıcılığına həsr olunmuş nəfis kataloqda öz əksini tapmışdır. Kataloqun əsas özəlliklərindən biri də odur ki, burada rəssamın bu günümüzədək gəlib çıxan bütün yaradıcı irsi - bütün rəngkarlıq və qrafik əsərləri toplanmışdır.

Diqqətə çatdırılmışdır ki, sərgidə T.Cavadovun bir çox rəngkarlıq və bütün qrafik əsərləri ilk dəfə nümayiş etdirilir. Ekspozisiya şəxsi kolleksiyalara aid olan əsərlərdən tərtib olunur.

Təqdim edilən sərgi Tofiq Cavadovun ikinci böyük fərdi sərgisidir. Qeyd olunduğu kimi, rəssamın ilk fərdi yaradıcılıq sərgisi onun faciəli şəkildə həlak olmasından sonra - 1963-cü ilin oktyabrında keçirilmişdir. Ona görə də indiki sərginin adı "Tofiq Cavadov: 50 il sonra" adlanır.

Sərginin bütün təşkilati işlərini Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyi və onun nəzdində fəaliyyət göstərən "Yeni Gallery"si həyata keçirmişdir.

Mərasimdə çıxış edənlər sərginin keçirilməsi ilə bağlı göstərdikləri təşkilati dəstəyə görə Heydər Əliyev Fonduna və Müasir İncəsənət Muzeyinə, eləcə də əsərlərin tədqiqatı işində etdiyi yardıma görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlıqlarını bildirmişlər.

Eyni zamanda, təşkilat komitəsi kataloqun nəşrinə göstərdiyi maliyyə yardımına görə isə "Auto Azerbaijan-Peugeot" şirkətinə də təşəkkür etmişdir.

Sonra iştirakçılar sərgi ilə yaxından tanış olmuşlar.

Sərgi mayın sonunadək davam edəcəkdir.

 

 

Azərbaycan.-2013.- 17 may.- S.8.