Əli Əhmədov: Azərbaycan vətəndaşlarının dərin inamı növbəti president seçkilərində də dövlətimizin başçısı İlham Əliyevin qələbəsini təmin edəcəkdir

 

Yeni Azərbaycan Partiyası 2013-cü ilin prezident seçkilərinə hazırlıq proqramı çərçivəsində həm Bakı şəhərində, həm də digər şəhər və rayonlarda partiyanın strukturlarında seçkilərə geniş hazırlıq aparır. Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti Prezident İlham Əliyevin namizədliyini birmənalı dəstəkləyir.

AzərTAc xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov jurnalistlərə müsahibəsində demişdir.

Ə.Əhmədov bildirmişdir ki, vətəndaşlarda belə qəti rəyin formalaşmasının çox ciddi əsasları vardır. Son 10 ildə Azərbaycanın inkişafı bilavasitə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə əlaqədardır. Bu illər ərzində ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf etmişdir. Azərbaycan dövləti daha da güclənmişdir. Ölkəmizin dünyada mövqeləri daha da möhkəmlənmişdir. İnsanlar gələcəyə daha inamla baxmağa başlamışlar. Buna görə də Azərbaycan xalqı Prezident İlham Əliyevə dərindən inanır. Prezident İlham Əliyevə olan bu inam YAP-ın seçki kampaniyasının başlıca arqumentini təşkil edir.

Vətəndaşların dərin inamı növbəti prezident seçkilərində də dövlətimizin başçısı İlham Əliyevin qələbəsini təmin edəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 18 may.- S.3.