Avropa Parlamenti ilə
Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün
yaxşı imkanlar mövcuddur
Mayın
17-də Azərbaycan Respublikası Baş nazirinin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənov Avropa Parlamentinin slovakiyalı üzvləri
Boris Zala, xanım Katarina Nevedalova və Avropa-Azərbaycan Cəmiyyətinin
Belçikadakı nümayəndəliyinin rəhbəri Roman
Huna ilə görüşmüşdür.
AzərTAc
xəbər verir ki, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsində keçirilən
görüşdə qonaqlar əvvəlcə ölkəmizdə
qaçqınların və məcburi köçkünlərin
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində həyata
keçirilmiş tədbirlərə dair fotolardan ibarət
stend, maket və 1988-1993-cü illərdə Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzünü əks
etdirən xəritə ilə tanış olmuşlar.
Görüşdə
Baş nazirin müavini Əli Həsənov Avropa Parlamenti ilə
əməkdaşlığın inkişaf etdirilməsi
üçün yaxşı imkanların mövcudluğunu
bildirərək Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması
üçün bu cür səfərlərin önəmini
qeyd etmişdir.
Ölkəmizin
iqtisadi inkişafından, əldə olunan uğurlardan
danışan Baş nazirin müavini diqqətə
çatdırmışdır ki, respublikamızda son on ildə
bir milyondan çox iş yeri açılmış,
yoxsulluğun səviyyəsi aşağı düşmüşdür.
Beynəlxalq aləmdə nüfuzu gündən-günə
artan Azərbaycan dünyada ən sürətlə inkişaf
edən ölkədir.
Əli
Həsənov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin tarixi kökləri, nəticələri,
qaçqın və məcburi köçkünlərin
bugünkü vəziyyəti, onların sosial problemlərinin
həlli istiqamətində görülən işlər barədə
də məlumat vermişdir. Bildirilmişdir ki, Ermənistanın
hərbi təcavüzü nəticəsində Azərbaycan
torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan
artıq soydaşımız qaçqın və məcburi
köçkün vəziyyətinə
düşmüşdür.
Qeyd
edilmişdir ki, Ermənistanın təcavüzkar siyasəti
BMT, ATƏT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq
təşkilatlar tərəfindən qəbul edilmiş qərar
və qətnamələrdə pislənilmiş, işğal
edilmiş Azərbaycan ərazilərindən silahlı
qüvvələrin geri çəkilməsi, öz doğma
yaşayış yerlərindən didərgin
salınmış qaçqın və məcburi
köçkünlərin geri qayıtma hüququnun bərpası
tələb edilmişdir. Ancaq Ermənistan beynəlxalq təşkilatların
qərar və qətnamələrinə riayət etmir. ATƏT-in
Minsk qrupunun himayəsi altında 20 ildən artıqdır
danışıqlar aparılır. Münaqişənin həlli
beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır.
Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl
qoymayan və qeyri-konstruktiv mövqe tutan Ermənistan
işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz
fəaliyyətini davam etdirməkdədir.
Komitə
sədri qaçqınların və məcburi
köçkünlərin sosial, mənzil-məişət
şəraitinin yaxşılaşdırılması istiqamətində
görülmüş işlərdən də
danışmışdır. Bildirilmişdir ki, dövlət
başçısının bu sahəyə olan diqqət və
qayğısı nəticəsində qaçqın və məcburi
köçkünlər üçün 78 müasir qəsəbə
salınmışdır. Hazırda bu istiqamətdə işlər
intensiv şəkildə davam etdirilir.
Diqqətə
çatdırılmışdır ki, Ermənistanın
işğalı davam etdirməsi təkcə Azərbaycan və
region üçün deyil, eyni zamanda, beynəlxalq təhlükəsizlik
üçün də ciddi təhdid yaradır və beynəlxalq
ictimaiyyət bu ədalətsizliyə son qoymaq
üçün hərəkətə keçməlidir.
Avropa
Parlamentinin nümayəndə heyətinin rəhbəri,
Slovakiyanın Sosial-Demokrat Partiyasının üzvü Boris
Zala Azərbaycanın son illər ərzində
qazandığı nailiyyətləri yüksək qiymətləndirərək
demişdir: "Biz Azərbaycanın iqtisadi
inkişafını, əldə etdiyi uğurları izləyirik
və buna qibtə ilə yanaşırıq. Belə qısa
müddətdə bu cür inkişafa nail olmaq Azərbaycanın
böyük uğurudur. Slovakiya Azərbaycanı özünə
dost bilir".
Ölkələrarası
münasibətlərdə iqtisadi əlaqələrin
mühüm rol oynadığını deyən slovakiyalı
qonaq qarşılıqlı sərmayə qoyuluşunun bu
münasibətləri daha da möhkəmləndirəcəyini
vurğulamışdır. Azərbaycan-Slovakiya Ticarət
Palatasının yaradılması təşəbbüsünü
irəli sürən B.Zala Azərbaycan sərmayəsini
Slovakiyada görməkdən şad olacağını diqqətə
çatdırmışdır.
Azərbaycanda
qaçqın və məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılması istiqamətində
görülən işləri yüksək qiymətləndirən
Avropa Parlamentinin üzvləri, Azərbaycanın tutduğu
strateji xətti respublikamızın inkişafı və
qonşu ölkələrlə mehriban əlaqələrin
qurulması baxımından doğru yol olduğunu ifadə edərək
bunu alqışladıqlarını bildirmişlər.
Azərbaycan.-2013.- 18 may.- S.4.