Ümummilli lider Heydər
Əliyevin 90 illik yubileyinə həsr olunmuş
«İnformasiya təhlükəsizliyi problemləri» birinci
respublika elmi-praktik konfransı işə
başlamışdır
Mayın
17-də Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Agentliyinin, Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) və AMEA İnformasiya
Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı
ilə ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr
olunmuş "İnformasiya təhlükəsizliyi problemləri"
birinci respublika elmi-praktik konfransı öz işinə
başlamışdır.
AzərTAc
xəbər verir ki, konfransda dövlət rəsmiləri,
ölkənin informasiya-kommunikasiya texnologiyaları (İKT)
üzrə aparıcı alim və mütəxəssisləri
iştirak edir.
Tədbiri
açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə qeyd
etmişdir ki, bu gün Azərbaycanda İKT sahəsində əldə
olunmuş uğurlar bilavasitə ümummilli lider Heydər Əliyevin
bu sahəyə diqqətinin və müdrik siyasətinin nəticəsidir.
Bu il 90 illik yubileyini qeyd etdiyimiz ümummilli liderin bu sahənin
inkişafında böyük təşəbbüsləri əvəzedilməzdir.
A.Əlizadə 2013-cü ilin Prezident İlham Əliyev tərəfindən "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunması ilə bağlı Tədbirlər Planında nəzərdə tutulmuş vəzifələrin uğurla reallaşdırılması məqsədilə həyata keçiriləcək mühüm tədbirlərdən danışmışdır. Akademik informasiya cəmiyyətinə inteqrasiyanın müsbət tərəfləri ilə yanaşı, onun mənfi təzahürlərindən də söhbət açmışdır. A.Əlizadə müasir dövrdə cəmiyyətin, o cümlədən dövlətin və əhalinin informasiyadan asılılığının get-gedə artdığını, kibertəhlükəsizliyin təmininin strateji məsələyə çevrildiyini vurğulamış, informasiya resurslarının dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin təmin olunmasının zəruriliyini diqqətə çatdırmışdır.
Natiq bildirmişdir ki, hər bir dövlətin maraqları yalnız coğrafi məkanda deyil, virtual aləmdə də qorunmalıdır. Təhlükəsiz informasiya cəmiyyətinin yaradılmasına çalışmaq, informasiya resurslarının təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumların və qeyri-qanuni müdaxilələrin qarşısının alınması üçün bütün qüvvələri səfərbər etmək vacib məsələlərdəndir.
Konfransın ənənəvi xarakter almasının zəruriliyini ifadə edən AMEA-nın prezidenti informasiya təhlükəsizliyi problemlərinin araşdırılması ilə bağlı akademiyanın qarşısında duran başlıca vəzifələrdən də bəhs etmişdir. Tədbirin alim və mütəxəssislərin bu sahədə elmi nailiyyətlərinin təbliği, bilik və təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Bildirmişdir ki, elektron vətəndaş cəmiyyətinin formalaşmasında qarşıya qoyulmuş hədəflərə çatmaq üçün dövlət qurumları, hüquq-mühafizə orqanları, alimlər, biznes sektorlarının birgə çalışması zəruridir.
Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov qeyd etmişdir ki, bu gün dünyada informasiya təhlükəsizliyi getdikcə daha çox aktuallıq kəsb edir. Bunun əsas səbəbi həyatın bütün sahələrinin rəqəmsallaşdırılmasıdır. Artıq yeni elektron infrastrukturlar yaranır, onların əsasında bir çox təşkilatların əsas fəaliyyəti qurulur. Telekommunikasiya və mobil rabitə şəbəkələri daha çox inkişaf etmişdir. Onlar informasiya strukturları olmaqla kibercinayətkarların hədəfinə çevrilmişlər. Televiziyanın inkişafı, rəqəmsal TV yayımına keçid etibarlı informasiya təhlükəsizliyi sistemlərinin təşkili məsələsinə diqqətli yanaşmanı tələb edir.
Nazir Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı ilə birlikdə informasiya təhlükəsizliyi üzrə yeni konsepsiya hazırladığını diqqətə çatdırmışdır.
Sonra insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev və başqaları məruzə etmişlər.
Məruzələrdə elektron-hökumətin informasiya təhlükəsizliyinin təmin olunması üzrə fəaliyyət istiqamətlərindən, informasiya təhlükəsizliyinin elmi-nəzəri və texnoloji problemlərindən bəhs olunmuş, informasiya azadlığının insan haqlarının təmin olunmasında mühüm komponent olduğu vurğulanmışdır.
İki
gün davam edəcək konfransın "İnformasiya təhlükəsizliyinin
humanitar problemləri" və "İnformasiya təhlükəsizliyinin
texnoloji problemləri" üzrə bölmə
iclaslarında informasiya təhlükəsizliyinin müxtəlif
istiqamətlərində aktual məsələləri əhatə
edən məruzələr dinləniləcəkdir. İclaslarda
internetdə informasiya təhlükəsizliyinin təmini, milli
kibertəhlükəsizlik strategiyalarının analizi, iqtisadi
təhlükəsizliklə informasiya təhlükəsizliyinin
qarşılıqlı əlaqəsi, media-analitika və
informasiya təhlükəsizliyi, e-dövlət mühitində
dövlət sirrinin mühafizəsi, informasiya təhlükəsizliyi
mədəniyyətinin formalaşdırılması problemləri
və s. məsələlər müzakirə olunacaqdır.
Azərbaycan.-2013.- 18 may.- S.4.