Mədəniyyət və turizm naziri Mingəçevir şəhərində vətəndaşları qəbul edilmişdir

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək göstərirlər.

AzərTAc xəbər verir ki, mayın 17-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində bu şəhərdən, həmçinin Şəki, Naftalan, Zaqatala, Balakən, Qax, Ağdaş, Goranboy, Xocalı, Bərdə, Tərtər və Ağdamdan olan vətəndaşları qəbul etmiş, onların müraciətlərini dinləmişdir.

Qəbulda qaldırılan məsələlər əsasən  mədəniyyət müəssisələrinin, qədim mədəniyyət abidələrinin təmir və bərpası, işlə təmin edilmək, əl işlərinin fərdi satış-sərgisinin təşkili, musiqi alətləri, rəqs və səhnə geyimlərinə ehtiyacın ödənilməsi və sairlə bağlı olmuşdur.

Vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir şəxsin müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturlara tapşırıqlar verilmişdir.

Qəbulda vətəndaşların bir sıra müraciətləri yerindəcə həll edilmişdir. Digər məsələlərin də obyektiv şəkildə araşdırılacağı və konkret tədbirlər görüləcəyi bildirilmişdir. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

Qəbula gələn vətəndaşlar yaradılmış şəraitdən razılıqlarını bildirmişlər.

 

 

Azərbaycan.-2013.- 18 may.- S.5.