Əmək və əhalinin sosial müdafiəsi naziri Qax şəhərində ölkənin şimal-qərb bölgəsindən olan vətəndaşları qəbul etmişdir

 

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

AzərTAc xəbər verir ki, qrafikə uyğun olaraq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov mayın 17-də Qax şəhərində ölkənin şimal-qərb bölgəsindən olan vətəndaşları qəbul etmişdir.

Yeni Azərbaycan Partiyası rayon təşkilatının binasında keçirilən qəbul zamanı bölgədə yerləşən Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarından olan vətəndaşların müraciətləri dinlənilmişdir.

Qəbul barədə əvvəlcədən kütləvi informasiya vasitələrində məlumat yayılmış, müraciət etmək istəyən vətəndaşların qeydiyyatı aparılmışdır.

"Açıq qapı" şəraitində keçirilən qəbulda vətəndaşlar əsasən ünvanlı sosial yardımın təyin olunması, məşğulluq və mənzil problemləri, sağlamlıqlarının bərpasına kömək və digər sosial xidmətlərlə bağlı müraciətlər etmişlər.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılmış, müraciətlərin bir qismi elə yerindəcə həllini tapmışdır.

Tədbir çərçivəsində Şəkidən olan birinci qrup əlil Araz Əhmədov üçün nəzərdə tutulmuş yeni əlil arabası onun valideyninə təqdim edilmişdir.

Əlilin atası göstərilən qayğıya görə minnətdarlığını bildirmişdir.

Qəbul zamanı həmçinin fəal  sosial müdafiə tədbirlərinə, o cümlədən "Özünədəstək" proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik aztəminatlı ailələr müəyyən olunaraq onların sosial müdafiə tədbirlərinə cəlb edilməsi qərara alınmışdır.

Müraciətlərdə əksini tapan digər məsələlərin qısa vaxt ərzində araşdırılaraq obyektiv və ədalətli şəkildə həllini tapması barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq göstəriş verilmişdir. Eyni zamanda, vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

Nazirlikdən bildirmişlər ki, ümumiyyətlə, 2012-ci ildə və cari ilin yanvar-aprel ayları ərzində əmək və əhalinin sosial müdafiəsi naziri və nazirliyin digər rəhbər şəxsləri tərəfindən Bakıda və müxtəlif bölgələrdə 21 dəfə vətəndaş qəbulu həyata keçirilmişdir.

 

 

Azərbaycan.-2013.- 18 may.- S.5.