Ay Laçın...
Laçının
işğalından 21 il keçir
"Min illərdir
Araz belə, Həkəri belə..."
Artıq
neçə ildir Laçının adı
çəkiləndə yada
düşən bir mahnı var: "Ay Laçın..." Bu mahnının kədəri,
dərdi də elə Laçın boydadır.
Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə
yerləşən Laçın
rayonu şimaldan Kəlbəcər, şərqdən
Xocalı, Şuşa
və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir.
Rayon mərkəzinin Bakı ilə məsafəsi 450 kilometrdir.
Ərazisi 1835 kilometr, əhalisi
69982 nəfərdir. Rayonda bir
şəhər, bir qəsəbə (Qayğı
qəsəbəsi), 125 kənd
vardı. Laçın dağlıq ərazidə
yerləşir. Onun ən
hündür nöqtəsi
Qızılboğaz dağıdır
(3594 metr). Ərazisi bulaqlarla,
çaylarla zəngindir.
Məşhur Həkəri çayı
və onun qolları bütün ərazini ağuşunda saxlayardı.
Laçının tarixi keçmişi çox zəngindir. Oradakı abidələrin
tarixi eramızdan əvvəl I-II minilliyə
aid edilən Azıx (Xocavənd rayonu) və Tağlar (Cəbrayıl rayonu) mağaraları ilə müqayisə edilə bilər. XII əsrin
sonu, XIII əsrin əvvəllərində Qarabağın
dağlıq hissəsində
alban Xaçın knyazlığı yarandığı
üçün Dağlıq
Qarabağın digər
bölgələrində olduğu
kimi, bu ərazilərdə də
Xaçın adı ilə bağlı yerlər, toponimlər çoxdur: Xaçınyalı
kəndi, Bozlu kənd ərazisində Xaçın yalı, Xaçın daşı və s.
1828-ci il Türkmənçay
müqaviləsinə əsasən,
Cənubi Qafqaza ermənilərin kütləvi
şəkildə köçürülməsinə
başlansa da, o vaxt Laçın bölgəsində ermənilərin
məskunlaşdırılması mümkün olmadı. Azərbaycanda xanlıqlar ləğv
edildikdən sonra Laçın bölgəsi
1829-cu ildə yeni yaradılan Qarabağ əyalətinə, 1861-ci ildə
isə Zəngəzur
qəzasına qatıldı.
1905-1907 və 1914-1920-ci illərdə Laçının
da daxil olduğu Zəngəzur bölgəsində erməni
dəstələrinin törətdiyi
qırğınlarda xeyli
müsəlman həlak
olsa da, bu, laçınlıların
iradəsini qıra bilmədi. Bu özünü Andronikin silahlı dəstələrinə
qarşı mübarizədə
daha aydın göstərdi. Azərbaycan
Xalq Cümhuriyyəti
yaradıldıqdan sonra
da Andronik nə yolla olursa-olsun,
öz silahlı qüvvələri ilə
Gorus, Laçın, Şuşa istiqamətindən
Qarabağa daxil olmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik
yaratmaq istəyirdi. Bu məqsədlə Andronik böyük ordu ilə Laçın
istiqamətində irəliləməyə
başladı. Bu məsələdən xəbər
tutan Qarabağın
general-qubernatoru Xosrov bəy Sultanovun qardaşı Sultan bəy
öz dəstələri
ilə Laçın-Zabux
yolundakı bir dərədə Andronikin qoşununu mühasirəyə
saldı. Bu qanlı döyüşdə
Andronik, demək olar ki, bütün
qüvvəsini itirdi və ancaq bir
neçə nəfərlə
qaçıb canını
qurtardı. Bundan sonra
o, bir daha həmin bölgəyə
yaxın düşə
bilmədi.
O dövrdə Azərbaycan hökuməti ölkənin
ərazi bütövlüyünü
təmin etmək üçün Zəngəzura
qoşun hissələri
göndərirdi. Həmin döyüşlərdə
Sultan bəy Sultanovun rəhbərliyi ilə Laçın silahlıları
da igidliklə, mərdliklə vuruşurdu.
Ancaq əməliyyatları başa
çatdırmaq mümkün
olmadı. Tezliklə bölgə
qızıl ordu hissələri tərəfindən
işğal olundu.
Bolşeviklərin təzyiqi
altında 1920-ci il noyabrın 30-da Azərbacan
K(b)P MK Siyasi və Təşkilat bürolarının
birgə iclası Zəngəzur bölgəsinin
2 yerə bölündüyünü
qəbul etdi və nəticədə onun 3.105 kvadratversti Laçın da daxil olmaqla, Azərbaycan SSR tərkibində
qaldı, 3.637 kvadartverstlik
hissəsi isə Ermənistana verildi.
Laçın həmişə mərd,
mübariz insanları,
ziyalıları ilə
tanınıb: məşhur
söz ustadı Aşıq Abbas, Sarı Aşıq, təsəbüf alimi, şair Mir Həmzə Nigari, XVIII əsrdə Pənahəli xan Sarıcalı-Cavanşirin sərkərdəsi,
Qarabağın Hacısamlı
nahiyyəsinin sahibi Qara Murtuza bəy,
ordu generalı Firudin bəy Daryalı, Azərbaycan Xalq Cümhuriyyətinin
ilk müdafiə naziri
Xosrov bəy Sultanov, İskəndər
bəy Sultanov, Paşa bəy Sultanov, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nazirlər
Şurasının sədri
Nurməmməd bəy
Adilxan oğlu Şahsuvarov, professor Mürsəl
bəy Şahsuvarov, cümhuriyyət dövründə
Frayberq Dağ-Mədən
Akademiyasının tələbəsi,
mühəndis Surxay bəy Şahsuvarov, Azərbaycanda xalq təhsilinin yayılmasında
müstəsna xidmətləri
olan, Şuşada açılan ilk darülmüəlliminin
təşkilatçısı və müdiri Müseyib İlyasov, Sovet İttifaqı Qəhrəmanı Əvəz
Verdiyev, xalq rəssamı Nadir Əbdürrəhmanov
və başqaları.
Laçında xalçaçılıq sənəti
də inkişaf etmişdi. Təsadüfi deyil ki, dünyada "Qasımuşağı"
adı ilə tanınan xalçanın
yaranması məhz bu bölgənin adıyla bağlıdır.
Şuşa - Laçın
arası 44 kilometrdir
Laçının
işğalı ermənilərin uzun illər ərzində
qurduğu ən vacib planlardandı. Çünki onun ələ
keçirilməsi faktiki Ermənistanın Qarabağa yolunun
açılması demək idi. Hələ 1924-cü ildə
DQMV yarandıqdan sonra Laçının rayon statusu alması
o vaxtkı Azərbaycan hakimiyyətinin bəlkə də erməni
niyyətlərinə qarşı ən güclü gedişi
idi. Görkəmli yazıçı və dövlət xadimi
Tağı Şahbazi Simurqun iştirakı ilə
yaxınlıqdakı Laçın dağının adı
ilə "Laçın" adlandırılan bu şəhər
sanki özündə itirilmiş torpaqların həsrətini
də, qisasını da yaşadırdı...
1988-ci ildə ermənilərin
Laçınla bağlı gizli niyyətləri üzə
çıxmağa başladı. Vəziyyət çox
mürəkkəb idi və Laçın rayon polis şöbəsinin
nəzdində ilk xüsusi təyinatlı milis rotası
yaradılması da bundan xəbər verirdi. Həmin rota
Laçın rayonunun Ermənistanla sərhəd kəndlərində
azərbaycanlıları ermənilərin hücumlarından
qorumağa çalışırdı. Həm Azərbaycan, həm
də Ermənistan üçün Laçın bütün
Qarabağda ən strateji rayon sayılırdı. Bu məqsədlə
Laçınla Şuşa arasında yerləşən Qaladərəsi,
Göytala və digər kəndlərdən separatçı
ermənilərin çıxarılması üçün
Azərbacan tərəfi xüsusi plan hazırlayıb həyata
keçirdi. 1990-1991-ci illərdə xüsusi təyinatlı
milis dəstələri, Şuşa rayon milis şöbəsi
və daxili qoşunların iştirakı ilə keçirilən
əməliyyat nəticəsində həmin kəndlərdə
yaşayan erməni separatçıları həbs edildi,
münaqişə ocağına çevrilən kəndlər
boşaldıldı. Beləliklə, bir müddət
Laçın-Şuşa yolunun üstündə yerləşən
erməni kəndlərindən hücumların
qarşısı alındı. Yeri gəlmişkən, Azərbaycanın
Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərova məhz
həmin kəndlərin ərazisində -
Laçın-Şuşa yolunda erməni quldurları tərəfindən
qətlə yetirilmişdi...
Sonrakı
illərdə Dağlıq Qarabağın azərbaycanlılar
yaşayan bir sıra şəhər və kəndini ələ
keçirdikdən və 1992-ci il mayın 8-də
Şuşanı işğal etdikdən sonra Ermənistan
silahlı qüvvələri Şuşa-Laçın-Zabux
yolunu açmağa başladılar. Burada söhbət Şuşa ilə Laçın
arasındakı 44 kilometrlik məsafədən gedirdi və bu
ərazini ələ keçirmək üçün ermənilərin
qurduğu planın tarixi çox əvvəllərə gedib
çıxırdı...
Şuşanı
tərk edərək Turşsu və Laçına doğru
geri çəkilən döyüşçülərin mənəvi-psixoloji
vəziyyəti yaxşı deyildi. Texnikanın sayının
az olmasını və Bakıda baş verən hakimiyyət
çəkişmələrini də bura əlavə etsək,
Laçını nələrin gözlədiyini təsəvvür
etmək olardı...
Artıq
Laçın şəhərinin mərkəzi, eləcə də
Turşsu Gorus, Tex, Xınatsax istiqamətindən qrad və
toplarla vurulurdu. Ermənistan bütün qüvvəsini, demək
olar, buraya cəmləşdirmişdi...
Mayın
16-17-si Laçında qalan hərbçilər ərazini tərk
etməyə başladılar. Müdafiə Nazirliyinin əsgərləri
bölünərək Kəlbəcər və Qubadlı
istiqamətinə çəkildilər. Bütün bunlar isə
Laçının süqutu demək idi. Minlərlə
insanın yaşadığı 125 kəndin, 1 şəhərin,
1 qəsəbənin taleyi belə həll olundu. İlkin
hesablamalara görə, işğal nəticəsində Azərbaycana
7,1 milyard ABŞ dolları dəyərində ziyan dəyb: 101
ümumtəhsil məktəbi, 217 mədəniyyət mərkəzi,
140 səhiyyə obyekti, 200-dən çox IX-XV əsrlərə
aid tarixi abidə hələ də erməni
işğalçılarının tapdağı
altındadır. İşğal nəticəsində 264 nəfər
şəhid olub, 65 nəfər girov götürülüb,
103 nəfər əlil olub.
Ermənistan
rəhbərliyi və Dağlıq Qarabağ
separatçı rejiminin təşəbbüsü ilə
1993-cü ilin dekabrından Laçın şəhəri
"yenidən" salınmağa başlayıb. Bu
gün Dağlıq Qarabağa
gələn ermənilərin ən sıx məskunlaşdığı
yer Laçın ərazisidir. Burada artıq 12 min erməni
yerləşdirilib. Laçının adı dəyişdirilərək
"Berdzor", məşhur Minkənd "Xak",
Alıqulular "Alqumişen", Sultankənd
"Xaşatax" adlandırılıb.
Laçındakı qədim ibadət ocaqlarımız, məscid
və digər abidələrimiz erməniləşdirilib və
dünyaya "qədim erməni xalqının yazılı
abidələri" kimi təqdim edilməkdədir.
Laçın
problemi neçə ildir davam edən danışıqlarda ermənilər
tərəfindən daha çox bir dəhliz - "koridor"
məsələsi kimi irəli sürülsə də, o, hər
birimiz üçün Şuşa, Ağdam, Kəlbəcər
qədər, ümumiyyətlə, bütün Qarabağ qədər
ümummilli məsələ olaraq qalmaqdadır və bu tarixi
torpaqlarımız işğaldan azad olunacaqdır.
Bəxtiyar QARACA
Azərbaycan.-2013.- 18 may.- S.6.