Bakıda keçiriləcək İkinci Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunda
ilk dəfə olaraq ASEAN beynəlxalq təşkilatının
nümayəndə heyəti iştirak edəcəkdir
Xəbər
verdiyimiz kimi, bu il mayın 29-dan iyunun 1-dək Bakıda
İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu keçiriləcəkdir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin himayəsi ilə "Çoxmədəniyyətli
dünyada sülh şəraitində birgə yaşama"
şüarı altında
reallaşacaq forumun əsas tərəfdaşları
qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa
Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi,
İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı
çıxış edirlər.
Bu platformanın qlobal beynəlxalq əhəmiyyəti,
Azərbaycanın Şərq ilə Qərbin, müxtəlif
mədəniyyətlərin kəsişməsində yerləşməsi
nəzərə alınaraq ilk dəfə forum çərçivəsində
Dünya Forumu Nazirlər Konfransı keçiriləcəkdir.
Konfrans
çərçivəsində "Mədəniyyət və
yaradıcılıq mədəniyyətlərarası
etimadı necə yarada bilər?", "Mədəniyyətlərarası
dialoq üçün birgə əsas: mədəni irs və
turizm" sessiyaları olacaqdır.
İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda beynəlxalq qurumların rəhbərləri, bir neçə ölkənin hazırkı və keçmiş prezidentləri, dünyanın 100-dən çox ölkəsindən nazirlər, ekspertlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 27 may tarixli fərmanı ilə forum hər iki ildə bir dəfə Bakıda keçirilir və tədbirin əlaqələndirici qurumu kimi Mədəniyyət və Turizm Nazirliyi təyin olunmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, forum çərçivəsində keçiriləcək sessiyalarda ilk dəfə olaraq ASEAN beynəlxalq təşkilatının nümayəndə heyəti iştirak edəcək və təşkilatın mədəniyyətlərarası əməkdaşlıq və dialoqda iştirakının genişləndirilməsi məqsədi ilə ikitərəfli danışıqlar aparacaqdır.
Bundan əlavə, Azərbaycan Respublikası və ASEAN arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı və gələcək perspektivləri barədə ikitərəfli müzakirələr nəzərdə tutulur.
Forumun
proqramına "Dünyanın gələcəyini birgə
necə qurmaq lazımdır?", "Qloballaşmanın yeni
erası: dəyişən dünyada mədəniyyətdə
hibritləşmə", "Mədəni müxtəliflik
üçün ictimai dəstəyi necə qurmaq
lazımdır?", "Qlobal vətəndaşlıq: mədəniyyətlərarası
fəaliyyətlərə doğru", "Cənub-Şərqi
Avropa, Qara dəniz və Qafqaz regionunda mədəni dəhlizlər
- birgə irs, ümumi vəzifələr, davamlı gələcək",
"Tarixin tədrisi vasitəsilə mədəniyyətlərarası
dialoq: ən yaxşı təcrübələr və çətinliklər",
"Müsəlman və Qərb dünyası arasında mədəniyyətlərarası
dialoqun təşviq olunması", "XXI əsr
üçün mədəniyyətlərarası
bacarıqların qurulması", "Turizm - insanlar və mədəniyyətlər
arasında qarşılıqlı anlaşma və
tolerantlığın əsas aparıcısı kimi",
"Mədəniyyətlərarası dialoq: etiqad və
elm", "XXI əsrdə müxtəliflik
üçün urbanizasiya siyasəti: mədəniyyətlərarası
şəhər paradiqması", "Mədəniyyətlərarası
dialoq, çeşidlilik və təmsilçiliyin təşviqində
vətəndaş cəmiyyətinin rolu", "Mədəniyyətlərarası
dialoqun və çeşidliliyin təşviqində korporativ
sektorun rolu" sessiyaları daxildir.
Azərbaycan.-2013.- 18 may.- S.6.