Suraxanı Rayon
İcra Hakimiyyətinin başçısı Latviya Ətraf
Mühitin Mühafizəsi və Regional İnkişaf
Nazirliyində olmuşdur
Mayın 17-də Riqada, Latviya Ətraf Mühitin Mühafizəsi və Regional İnkişaf Nazirliyində Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin nazirliyin dövlət katibi Aleksandr Antonovla görüşü olmuşdur.
Görüşdə Latviya tərəfi inzibati-ərazi islahatları, polisentrik inkişafın həyata keçirilməsi, yerli idarəçiliyin inkişaf strategiyası, mühəndis şəbəkələrinin renovasiyası, küçələrin kompleks abadlaşdırılması ilə bağlı üç təqdimat keçirmişdir. İçkilərin qablaşdırılması (plastik, şüşə və metal) depozit sistemlərinin aspektləri barədə də məlumat verilmişdir. Bildirilmişdir ki, belə bir sistemi tətbiq etmək ətraf mühitin vəziyyətini yaxşılaşdırmaq, təbii ehtiyatların qorunub saxlanmasına kömək etmək məqsədi daşıyır.
Dövlət katibi A.Antonov adıçəkilən layihələri şərh edərək demişdir ki, məqsəd yeni ehtiyatlar əldə etmək, maya dəyəri məsrəflərini minimuma endirməkdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İ.Abbasov Latviyaya dəvət edildiyinə görə minnətdarlığını bildirərək nəzərdə tutulmuş layihələrin həyata keçirilməsinə uğurlar arzulamış, ətraf mühitin qorunub saxlanılması nöqteyi-nəzərindən onların əhəmiyyətini vurğulamışdır.
İ.Abbasov nazirliyin, yerli idarəçilik orqanlarının nümayəndələrini Bakıya dəvət edərək vurğulamışdır ki, hazırda 9 özünüidarəetmə orqanı ilə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. İcra hakimiyyətinin başçısı vurğulamışdır ki, əlaqələri bundan sonra da inkişaf etdirmək üçün hər cür səy göstəriləcəkdir,
Nigar CƏFƏRLİ,
AzərTAc-ın
xüsusi müxbiri
Riqa
Azərbaycan.-2013.- 18 may.- S.6.