Görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyi UNESCO-da təntənə ilə qeyd olunmuşdur

 

Mayın 16-da Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə dünyanın nüfuzlu qurumunun  mənzil-iqamətgahında görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 iliyinə həsr olunan təntənəli mərasim keçirilmişdir.

Məhsəti Gəncəvinin şəxsiyyətinin və istedadının miqyasının  genişliyini diqqətə çəkən Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev bildirmişdir ki, dünya korifeyləri Dante, Rable,  Füzuli, Şekspir, Servantes, Volter və Tolstoy kimi, Məhsəti Gəncəvi də  yalnız öz ölkəsinə deyil, bütün bəşəriyyətə məxsusdur. Məhsəti Gəncəvi 900 il bundan əvvəl Azərbaycanın  gözəl guşəsində, eyni zamanda, təkcə Azərbaycanın deyil, o dövrdə bütün Şərqin böyük mədəniyyət mərkəzi hesab olunan Gəncədə doğulmuş, orada da yaşayıb-yaratmışdır. Müasirlərinin yazdığına  və əsərlərindən alınan təəssürata görə, M.Gəncəvi zəngin və diqqətəlayiq irs  qoyub getmişdir.

Məhsəti Gəncəvinin əsasən rübai janrında yazdığını vurğulayan E.Əfəndiyev rübainin yalnız Azərbaycan poeziyasında deyil, Şərq ədəbiyyatında dörd misradan ibarət maraqlı bir janr olduğunu bildirmişdir. Şairənin dörd misraya sığışdırdığı böyük fəlsəfi fikirlər   onu müasirləri olan dünya miqyaslı şairlər - Nizaminin, Xaqaninin yaradıcılığı ilə bir səviyyəyə yüksəltmişdir.

Baş nazirin müavini daha sonra demişdir: "Bu gün dünyada  gender problemi  ən ciddi problemlərdən biri hesab olunur. Amma Məhsəti Gəncəvi hələ 900 il bundan əvvəl gender ideyalarını təbliğ etməklə yanaşı, bu ideyaları öz yaradıcılığında əməli  şəkildə tətbiq edirdi. Həmin vaxtdan 9 əsr keçsə , onun doğma xalqı  bu böyük şairəni unutmamışdır heç vaxt da unutmayacaqdır. Təsadüfi deyildir ki, Azərbaycan Prezidenti İlham Əliyev Məhsəti Gəncəvinin 900 illiyini bayram etmək üçün xüsusi sərəncam imzalamışdır. Bu, bir tərəfdən Azərbaycanda Məhsətinin irsinə, Məhsətinin şəxsiyyətinə verilən qiymətdirsə, digər tərəfdən Azərbaycanda mədəniyyət sənətə göstərilən diqqətdən xəbər verir. Milli sənətə, milli ədəbiyyata bu cür yüksək qiymət diqqətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu ənənə bu gün davam edir".

M.Gəncəvinin yubileyinin UNESCO səviyyəsində  qeyd edilməsindən bir Azərbaycan vətəndaşı kimi  böyük qürur hissi keçirdiyini diqqətə çəkən Elçin Əfəndiyev son illər beynəlxalq miqyasda ölkəmizlə bağlı onlarca tədbirin keçirildiyini, Azərbaycanla qurum arasında çox işgüzar qarşılıqlı münasibət yarandığını, ikitərəfli əlaqələrin inkişaf etməsində Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çox böyük rolu olduğunu vurğulamışdır.

E.Əfəndiyev daha sonra bildirmişdir ki, UNESCO mədəniyyəti qoruyur, yayır təbliğ edir. Mədəniyyətin qorunması isə özlüyündə sülh məramından xəbər verir, əmin-amanlığa dəvət edir, işğal olunmuş ərazilərin azad olunmasını tələb edir. Buna görə Azərbaycan UNESCO ideyalarını daim uca tutur bu ideyaların həyata vəsiqə qazanması üçün əlindən gələni əsirgəmir.

UNESCO-nun baş direktorunun təhsil üzrə müavini Qian Tang çıxışında Azərbaycanın dünya mədəniyyətinin inkişafında xüsusi rola malik olduğunu, həmin irsin zənginləşməsinə bu gün töhfələr verdiyini qeyd etmişdir. O, Məhsətinin dünya ədəbiyyatının nadir simalarından olduğunu, əsərlərində təbliğ etdiyi mütərəqqi ideyalarla bəşəriyyətin övladına çevrildiyini xüsusilə vurğulamışdır. Natiq Məhsəti Gəncəvinin 900 il əvvəl qaldırdığı problemlərin indi aktuallıq kəsb etdiyindən danışaraq Məhsəti Gəncəvi yaradıcılığında əsas məziyyətlərdən biri kimi, şairənin rübailərinin müasirliyindən bəhs etmişdir. Zərif məhəbbət duyğularını tərənnüm etməklə bərabər, qadının cəmiyyətdəki yüksək mövqeyini cəsarətlə poeziyanın mövzusuna çevirən Məhsəti Gəncəvi, Q.Tangin qənaətincə, feminist ideyaları ədəbiyyatda bütün parlaqlığı ilə əks etdirən qüdrətli sənətkarlardandır.

  Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Məhsəti yaradıcılığının tədqiqatçısı  Rafael Hüseynov maraqla qarşılanan çıxışında demişdir: "Bu köhnə latın deyimi böyük bir həqiqəti ifadə edir: "İşıq Şərqdən gəlir". Lakin bu gün, XXI əsrdə artıq işıq dünyanın dörd bucağından  gəlir. Bu gün dünyanın hər yerində məşhur şairələr , istedadlı qadın musiqiçilər , güclü xanım şahmatçılar da var. Lakin 900 yaşı indi dünyanın mədəniyyət paytaxtlarından olan Parisdə, UNESCO-da qeyd edilən dahi azərbaycanlı Məhsəti Gəncəvi o vaxtkı mədəni dünyada tək idi. O, bütün bu üstün keyfiyyətləri özündə birləşdirən nadir bir şəxsiyyət idi. Onun işığı yalnız öz ölkəsinə - Azərbaycana deyil, bütün Mərkəzi Asiyaya, Yaxın Orta Şərqin ucqarlarına yayılır, Hindistana qədər gedib çatırdı. Məhsəti təxminən 90 il ömür yaşayıb. Amma yaratdığı gözəllik dünyasının, insanlara yadigar qoyduğu məhəbbət dolu şeirlərinin sayəsində o bu gün sağdır. Məhsəti bir Ay kimi 9 əsrdir ki, işıq saçmaqdadır. XII əsrdən indiyədək həm Şərqdə, həm Qərbdə onlarla, yüzlərlə şöhrətli, qüdrətli xanımlar olub. Amma Məhsəti məhz yaratdığı irsin, tərənnüm etdiyi duyğuların parlaq şəxsiyyətinin sayəsində bu günədək ən böyük xanım olaraq qalır. Çünki o, birinci olub, yol açıb, çünki o, daim sevilən bir nümunə yaradıb.  Məhsəti başqa bir dahi Azərbaycan şairi mütəfəkkiri Nizaminin yaşca böyük müasiri idi. Onlar ikisi qədim Azərbaycan şəhəri, indi ölkənin ikinci rəmzi paytaxtı sayılan Gəncədə doğulublar, orada yaşayıb-yaradıblar. O dövrün Gəncəsindəki möhtəşəm tikililəri, sarayları, qalaları, memarlıq abidələrini müharibələr, zəlzələlər, ötüb keçən yüzillər yox edib. Lakin- Məhsətinin , Nizaminin yaratdıqları salamat qalıb, yaşayır, yenə əvvəlki kimi təzədir, təravətlidir, yenə insanlara xidmət edir, yenə ruhu oxşayır. Bu, Sənətin, Sözün qələbəsi, gözəlliyin əbədiyyəti deməkdir. Məhsəti yalnız şair deyil, zəmanəsinin görkəmli ictimai xadimi idi, orta əsrlərdə Şərqdə böyük gücə malik olan əxi təşkilatının öndə gedən təmsilçilərindən idi. Məhsəti əxilər bərabərliyi, dostluğu, qardaşlığı, həmrəyliyi - sonralar Avropa dünya demokratiyasının təməl prinsiplərinə çevriləcək dəyərləri təbliğ edirdilər. Məhsəti iradə azadlığından, yüksək humanist ideallardan, məhəbbətdən yazırdı. Heyrətli dərəcədə müasir təsir bağışlayan, zamanını ardınca aparan ötkəm şəxsiyyəti irsi ilə qadını ucalara qaldırırdı. O, ətrafına gənc şairə musiqiçi qızları toplayaraq bəşəriyyətin bütöv mədəniyyət tarixində silinməz iz qoymuş bir ədəbi məclis, indiki anlayışla desək, sənət klubu yaratmışdı. Maraqlısı budur ki, Məhsətinin ətrafına toplaşmış  daha 5 azərbaycanlı şairənin əsərləri 1331-ci ildə tərtib edilmiş bir təzkirədə - antologiyada bizim günlərədək gəlib çatmışdır. Məhsətinin müasiri Nizami Gəncəvi sabahlara ümidlərlə yazırdı:

 

Yüz il sonra sorsan bəs o hardadır,

Hər beyti söyləyər: "Burda, burdadır".

 

 100 il deyil, 8-9 əsr keçib, yenə həmin ölməz sənətkarların yaratdığı hər sətir, hər söz: "Onlar, burdadır, bizimlədir", - deyir yüz illər öncə ana dilində - türkcə danışmış, o dövrün məşhur şeir sənət dillərində - farsca, ərəbcə yazmış Məhsəti bu gün dünyanın ən müxtəlif ölkələrində, ən müxtəlif dillərdə - almanla almanca, italyanla italyanca, fransızla fransızca, farsla farsca, ingilislə ingiliscə danışır.

 

Bu sözlər Məhsətinindir, bu səs onun səsidir:

 

Eşqin minbərinə çıxandan ki biz

Eşqdən başqa söz bilmədik hərgiz.

Bizim bu mənzilə ayaq qoymasın

Eşq ilə yanmayan, buz kimi hissiz".

 

R.Hüseynov çıxışını bu sözlərlə tamamlamışdır: "Haqqımız var ki, indi XII əsrin 13-cü ilində doğulmuş o böyük daim müasirimiz olan sənətkarı düşünərkən köhnə məşhur latın deyimini azacıq dəyişərək tam qətiyyətlə söyləyək: İşıq Məhsətidən gəlir! İşıq Gəncədən gəlir! İşıq Azərbaycandan gəlir!"

 Sonda  Azərbaycan incəsənət ustalarının Məhsəti Gəncəvinin rübailəri əsasında hazırladığı musiqili kompozisiya səslənmişdir. "İrs" milli musiqi alətləri ansamblının ifa etdiyi rəngarəng melodiyalar, rəqs və xor elementləri böyük ekranda nümayiş etdirilən miniatürlər, Məhsəti şeirlərinə çəkilmiş illüstrasiyalarla müşayiət edilmişdir.

UNESCO-da böyük ədəbiyyat bayramı kimi qiymətləndirilən bu tədbirdə Rafael Hüseynovun Məhsəti Gəncəvi haqqında tədqiqat əsərinin 20 dildə nəşr edilmiş nüsxələrindən ibarət sərgi təşkil olunmuş, müxtəlif dillərdəki nəfis tərtibatlı kitablar  qonaqlara hədiyyə edilmişdir.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.-2013.- 18 may.- S.7.