Azərbaycan Avstriya ilə yaxın tərəfdaşlardan biridir

 

Prezident İlham Əliyevin bu ölkəyə səfəri əməkdaşlığı daha da genişləndirəcəkdir

 

Avstriya ilə Azərbaycan arasında münasibətlərin kökü XV əsrdən başlayır. Ağqoyunlu dövlətinin banisi Uzun Həsən Avstriya ilə münasibətlərin əsasını qoyaraq dövrə uyğun siyasi diplomatik əlaqələr yaratmışdı. Bu, tarixdir. İki ölkə arasında gerçək siyasi münasibətlər isə 1992-ci ildən başladı. Avstriya rəsmi olaraq 1992-ci il yanvarın 15-də Azərbaycanın müstəqilliyini tanıdığını bəyan etdi.

Bundan sonra əlaqələrin canlanması və inkişafı üçün, şübhəsiz, səfirliklərin yaradılması zəruri idi. Azərbaycanın Avstriyadakı səfirliyi 1995-ci il sentyabrın 1-dən, Avstriyanın Azərbaycandakı səfirliyi isə 1998-ci ildən fəaliyyətə başladı. Federal kansler Frans Vranitski ilə ulu öndər Heydər Əliyevin ilk rəsmi görüşü 1995-ci ildə, BMT-nin Danimarkada keçirilən zirvə toplantısında olub. Həmin görüşdə ulu öndər kanslerə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən,  ölkəmizin təcavüzə məruz qalmasından danışmışdı. Azərbaycanla Avstriya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri də müzakirə olunmuşdu. Avstriyanın xarici işlər naziri Volfqanq Şüssel  1999-cu il 9 iyulda Azərbaycana rəsmi səfərə gəlmiş, ölkəmizin siyasi, iqtisadibir çox sahələri ilə maraqlanmış, ölkə rəhbərliyi ilə danışıqlar aparmışdı.

İki ölkə arasında hərtərəfli əlaqələrin inkişafında Avstriyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri önəmli rol oynayır. Vyana, Qrats, ZaltsburqLints şəhərlərində Azərbaycan-Avstriya dostluq cəmiyyətləri fəaliyyət göstərir. Azərbaycanın incəsənət xadimləri dəfələrlə Avstriyada konsertlər veriblər. 2002-ci və 2005-ci illərdə Avstriyada Azərbaycan mədəniyyət günləri keçirilib. Azərbaycanın böyük bəstəkarı Üzeyir Hacıbəylinin bu ölkədə heykəli qoyulub. Dahi bəstəkarın müəllifi olduğu "Arşın mal alan" operettası məşhur Vyana teatrında yerli aktyorların ifasında səhnəyə qoyulub. Xatırladaq ki, iki il əvvəl Bakının mərkəzi parklarının birində böyük Avstriya bəstəkarı Motsartın abidəsi ucaldılmışdı.

İkitərəfli münasibətlərdə ən məhsuldar il 2000-ci ildən başlamışdır. Heydər Əliyevin Avstriyaya ilk rəsmi səfəri 2000-ci il 3-6 iyul tarixlərində oldu. Səfər zamanı ulu öndər Avstriya Prezidenti Tomas Klestillə təkbətək görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını və digər məsələləri müzakirə etmişdi. Bu gediş-gəlişlər ən çox iqtisadiyyatda, sənayedə və texnologiya sahəsində özünü büruzə verməyə başladı. Avstriya-Azərbaycan əlaqələri Prezident İlham Əliyevin təşəbbüsü ilə yüksək inkişaf mərhələsinə qədəm qoydu. İqtisadi əlaqələr,  əsasən kənd təsərrüfatı, texnikatexnologiya sahələrindəki əməkdaşlıq getdikcə genişləndi. Azərbaycan Prezidentinın 2009-cu il 10 avqust tarixli sərəncamı ilə Azərbaycan Respublikasıyla Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnikatexnologiya sahəsində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edildi.  Neçə ildir enerji sahəsində əməkdaşlıq üzrə iki ölkə arasında böyük işlər görülür. Enerji baxımından Azərbaycan Avstriya ilə ən yaxın tərəfdaşlardan biridir. Avstriya Avropa Birliyi tərəfindən dəstəklənən, Xəzər və Orta Asiya regionunun enerji ehtiyatlarının Avropa bazarına daşınması üçün irəli sürülən "Nabucco" layihəsinin həyata keçirilməsində əsas rol oynayan ölkələrdən biridir. Böyük potensiala malik ticarət dövriyyəsi ölkələrimiz arasında getdikcə artır. Hazırda bir çox Avstriya şirkətləri Azərbaycanda mühüm layihələri həyata keçirən podratçı qismində fəaliyyət göstərir. Bu layihələr turizm infrastrukturuna, incəsənətə və memarlığa da aiddir. Dövlət başçısı İlham Əliyevin dediyi kimi, Azərbaycan şirkətləri üçün sərmayə baxımından da Avstriya çox cəlbedici ölkədir.

Azərbaycan Prezidenti İlham Əliyev mayın 12-də Avstriya Respublikasına səfər etmişdir. Bu ölkənin Prezidenti Haynts Fişerlə görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olunmuş, əlaqələrimizin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanmışdır.  Hər iki dövlət rəhbərinin fikrincə, bu səfər əməkdaşlığımıza daha bir güclü dəstək olacaqdır.

Mayın 13-də Avstriya və Azərbaycan arasında dostluq münasibətləri və tərəfdaşlığa dair Birgə Bəyannamə imzalandı, biznes forumu keçirildi. Avstriya Prezidenti Haynts Fişer forumdakı çıxışında bildirdi ki, şəxsi təmasların layihələrin icrasına yönəlməsi mühüm əhəmiyyət kəsb edir: "Bu səbəbdən bildirmək istəyirəm ki, həmin layihələrdə turizm, idman, nou-hauya malik olduğunuz və Avstriyanın sərmayə qoyduğu enerji, infrastruktur kimi nəhəng layihələr və sair nəzərdə tutulmuşdur. Avstriyanın siyasəti baxımından sizin bazar diqqət mərkəzindədir. Nəinki iqtisadiyyatınız, həmçinin siyasətiniz bizi maraqlandırır. Azərbaycan neft-qaz hasil edən zəngin ölkədir. Avstriyanın iqtisadiyyatı isə yüksək texnologiyalara, bir çox sahələri əhatə edən sənaye istehsalına və əlbəttə ki, turizmə əsaslanır. İkitərəfli iqtisadienerji əlaqələri xüsusən son illər yüksələn xətlə inkişaf edir. Azərbaycan Avstriya üçün Cənubi Qafqazda aparıcı ticarət tərəfdaşıdır". Avstriya Prezidenti 2011-ci ildə Azərbaycana etdiyi son səfərindən danışarkən vurğuladı ki, o zaman müşahidə etdim ki, Bakı öz infrastrukturunun müasirləşdirilməsinə böyük sərmayələr yatırır: "İnanıram ki, bu amillərə görə Avstriya şirkətlərinə Azərbaycanda açılan imkanlar var. Əminəm ki, Azərbaycan iqtisadiyyatını şaxələndirməklə və xaricdə, o cümlədən Avstriyada çoxşaxəli sərmayə fürsətlərindən istifadə edərək daha geniş biznes imkanlarını sərgiləyəcəkdir".

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə hər bir sahədə keçirilən mühüm islahatlardan danışaraq xarici şirkətlərin Azərbaycanda işləməsi, layihələr həyata keçirilməsi üçün heç bir maneənin olmadığını xüsusilə vurğuladı. Ölkəmizin qazandığı uğurlardan danışan Prezident bildirdi ki, regionda ən böyük layihələri reallaşdıran Azərbaycan artıq öz peykini orbitə buraxmışdır, qarşıda duran məsələ isə iqtisadiyyatın şaxələndirilməsinə nail olmaqdır. Dövlət başçısı qeyd etdi ki, Azərbaycanda çoxlu sayda Avstriya şirkəti fəaliyyət göstərir, ölkəmiz üçün mühüm layihələr həyata keçirir: "Avstriya şirkətləri peşəkar, bacarıqlı şirkətlərdir. Onların Azərbaycanda layihələndirdikləri və tikdikləri memarlıq binaları adi binalar deyildir. Yeni Beynəlxalq Hava Limanı, Qız qalasının bərpası avstriyalı mütəxəssislər tərəfindən aparılır. Azərbaycanın bəzi rəmzləri ilə bağlı ən mürəkkəb və mühüm layihələr avstriyalı mütəxəssislər tərəfindən həyata keçirilir. Ümidvarıq ki, hər sahədə məhsuldar əməkdaşlığımız uğurla davam edəcək..."

Avstriyanın iqtisadi sahədə tanınmış şirkətlərinin rəhbərləri təmsil etdikləri qurumların fəaliyyəti barədə İlham Əliyevə məlumat verərək Azərbaycanda gedən iqtisadi inkişaf proseslərini yüksək qiymətləndirdilər. Qərara alındı ki, bundan sonra da iki ölkə arasında yüksək texnologiyalar, infrastruktur, kənd təsərrüfatı, əczaçılıq, turizm, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq daha da genişləndirilsin, yeni-yeni perspektivlər müəyyənləşdirilsin.

Mayın 13-də Vyanada açılan Azərbaycan Mədəniyyət Mərkəzi bu sahədə qazanılan uğurlara atılmış daha bir imza oldu. Bu mərkəz Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizin xaricdə tanıdılması istiqamətində həyata keçirdiyi növbəti mühüm tədbirlərdən biridir. Yeni açılan mədəniyyət ocağı bu sahədə aparılan işlərin gücləndirilməsinə, vahid mərkəzdən idarə olunmasına və daha səmərəli fəaliyyətin qurulmasına geniş imkanlar açacaqdır.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.-2013.- 19 may.- S.1.