Avropa Parlamentinin üzvləri Bakıda səfərdə
olmuşlar
Mayın 17-dən 18-dək Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə Avropa Parlamentinin slovakiyalı üzvləri Boris Zala (Avropa Parlamenti Sosialistlər və Proqressiv Demokratlar Alyansının və Xarici Əlaqələr Komitəsinin üzvü) və xanım Katarina Nevedalova (Avropa Parlamenti Sosialistlər və Proqressiv Demokratlar Alyansının və Mədəniyyət və Təhsil Komitəsinin üzvü, Avropa Sosialistlər Partiyasının vitse-prezidenti) Bakıda səfərdə olmuşlar.
AAC-dən AzərTAc-a bildirmişlər ki, əvvəlcə Avropa Parlamentinin üzvləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər.
Həmin gün Avropa Parlamentinin nümayəndə heyəti Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, həmçinin Milli Məclisin sədr müavini Valeh Ələsgərov, Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin sədri, parlamentin deputatları Elton Məmmədov, Səməd Seyidov, Asim Mollazadə, Vüqar Məmmədov, Muxtar Babayev ilə görüşmüşlər.
Yüksək səviyyədə keçirilən görüşlərdə Avropa Parlamenti ilə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların mövcudluğu vurğulanmış, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün bu cür səfərlərin önəmi qeyd edilmişdir.
Slovakiyalı deputat Katarina Nevedalova Binəqədidəki məcburi köckünlərin məskunlaşdığı yataqxanada da olmuşlar.
Qonaq
Avropa Azərbaycan Məktəbinin fəaliyyəti ilə
tanış olmuş, müəllim-şagird heyəti ilə
görüşmüş və məktəbdə
keçirilən Əlifba bayramında iştirak etmişdir.
Xanım K.Nevedalova Azərbaycan Diplomatiya Akademiyasının da
qonağı olmuşdur.
Azərbaycan.-2013.- 19 may.- S.3.