İran İslam
Respublikasında səfərdə olan Azərbaycan
nümayəndə heyəti
Prezident Mahmud Əhmədinejad ilə
görüşmüşdür
Xəbər
verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi
ilə Azərbaycan nümayəndə heyəti İranda səfərdədir. Azərbaycan-İran parlamentlərarası
dostluq qrupu üzvlərinin də təmsil olunduğu nümayəndə
heyətimiz Prezident Mahmud Əhmədinejad ilə
görüşmüşdür.
Görüşdə
Azərbaycan-İran münasibətlərinə dair səmərəli
fikir mübadiləsi aparılmışdır. İran dövlətinin
başçısına Prezident İlham Əliyevin səmimi
salamlarını çatdıran A.Paşazadə mehriban
qarşılanmaya və yüksək qonaqpərvərliyə
görə minnətdarlığını bildirmişdir. Azərbaycanda
bütün dinlərə ehtiram göstərildiyini qeyd edən
Qafqaz Müsəlmanları İdarəsinin sədri
demişdir ki, ölkəmizdə məscid, pir və ziyarətgahların
abadlaşdırılmasına, təmir və bərpasına
dövlət tərəfindən yardımlar edilir. Son illər
bu sahədə görülən işlərdən bəhs edən
A.Paşazadə məlumat vermişdir ki, bu günlərdə
Şamaxı rayonundakı qədim Cümə məscid-kompleksi
əsaslı bərpa və yenidənqurmadan sonra Prezident
İlham Əliyevin iştirakı ilə dindarların istifadəsinə
verilmişdir. Bundan əvvəl isə Qəbələ və
Sumqayıt şəhərlərində yeni inşa edilmiş
Cümə məscidlərinin açılışı
olmuşdur.
İran
Prezidenti Mahmud Əhmədinejad onun da hərarətli və səmimi
salamlarını Azərbaycan dövlətinin
başçısına çatdırmasını
A.Paşazadədən xahiş etmişdir. M.Əhmədinejad
bildirmişdir ki, dinamik inkişafda olan Azərbaycan-İran
münasibətləri tarixi köklərə söykənir və
ölkələrimiz bir-birinə qırılmaz tellərlə
sıx bağlıdır. Xalqlarımız və ölkələrimiz
arasındakı bu bağlılıq münasibətlərin
inkişafı müstəvisində getdikcə möhkəmlənir.
Xalqımızın
yüksək keyfiyyətlərindən danışan İran
Prezidenti demişdir: "Azərbaycan xalqı mənim qəlbimdədir,
heç bir qüvvə onu ürəyimdən çıxara
bilməz".
Sabir ŞAHTAXTI,
AzərTAc-ın xüsusi
müxbiri
Tehran
Azərbaycan.-2013.- 19 may.- S.5.