Binəqədi inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır

 

Bu gün Azərbaycanın bütün bölgələrində, eyni zamanda paytaxt Bakıda və onun qəsəbələrində abadlıq-quruculuq işləri aparılır. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan davamlı inkişaf yolundadır. Ölkə iqtsadiyyatının bütün sahələri üzrə sürətli inkişaf gedir və genişmiqyaslı abadlıq-quruculuq işləri davam edir. Bütün bunlar insanların rifahının yüksəlməsinə xidmət edir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanda hər bir məmurun başlıca vəzifəsi xalqa, vətəndaşlara layiqli və vicdanlı xidmət olmalıdır.

Fəaliyyətini məhz bu prinsip əsasında quran Binəqədi Rayon İcra Hakimiyyəti də dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə layiqli töhfəsini verməyə çalışır. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə özü üçün güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış Binəqədi rayonu Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə böyük uğurlar əldə edərək bu gün daha da müasirləşib. Binəqədi, demək olar ki, inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır. Rayon sakinlərinin razılığına səbəb olan quruculuq tədbirləri təkcə Binəqədi rayon mərkəzində deyil, ətraf qəsəbələrdə də qabarıq hiss olunur. Dövlət başçısının 2013-cü il aprel ayının 23-də imzaladığı "Bakı şəhəri Binəqədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncamından irəli gələn bütün tədbirlərin icrasına başlanılıb. Həmin sərəncama uyğun olaraq Binəqədi rayonunun Xocasən və Biləcəri qəsəbələri ərazisində iyirmi üç min nəfər əhalinin istifadə etdiyi ümumi uzunluğu 5,7 kilometr olan qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsindən Binəqədi Rayon İcra Hakimiyyətinə 2 milyon manat vəsait ayrılmışdır. Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi Binəqədi rayonunun 2013-cü il ərzində daha böyük uğurlara imza atacağına əsas verir. 2013-cü ilin yanvar-mart aylarında rayonun sənaye sahəsində 32 milyon 979 min manatlıq sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. 2013-cü ilin yanvar-mart aylarında Binəqədi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 1 milyon 459 min manat məbləğində investisiya yönəldilib və bu məbləğin 259 min manatı tikinti-quruculuq işlərinə sərf edilib.

Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 59 milyon manat təşkil edib. 2013-cü ilin yanvar-mart aylarında əhaliyə göstərilən xidmətlərin  21,5 faizi dövlət müəssisələrinin payına düşüb. Bu ilin birinci rübü ərzində orta aylıq nominal əməkhaqqı keçən ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artaraq 346,6 manata çatıb.

Ümumiyyətlə, Binəqədi rayonunda müşahidə olunan böyük canlanma və tərəqqi ilk növbədə sistemli, ardıcıl və yeniliyə əsaslanan mütərəqqi iş üslubunun bəhrəsidir. Rayon rəhbərliyi ölkə başçısının çevik və səmərəli iqtisadi islahatlar strategiyasını rəhbər tutaraq idarəçilikdə mütərəqqi üsulların tətbiq edilməsinə nail olub. Rayonun illik inkişaf planı hazırlanaraq təsdiq olunub, bu sənəddə hər rüb üzrə görülməli işlər, onların maliyyələşdirilməsi mexanizmləri dəqiq əksini tapıb.

Bakının şimal istiqamətində magistral yolun Binəqədi ərazisindəki hissəsinin hər iki tərəfinin abadlaşdırılması, gözəl xiyaban və parkların, yaşıllıqların salınması rayon  rəhbərliyinin təşəbbüsü əsasında həyata keçirilib və ümumilikdə paytaxt sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Hazırda şəhərin şimal istiqamətində hərəkət edən hər bir vətəndaş qısa müddətdə necə böyük və uğurlu bir layihənin reallaşdırıldığının şahidinə çevrilir. Ölkənin şimal və şimal-qərb bölgələrindən paytaxta gələn qonaqlarda şəhər haqqında ilk xoş təəssürat yaradan Biləcəri qəsəbəsi simasını göz oxşayan bir şəkildə dəyişib. Bakı-Sumqayıt istiqamətində gedib-gələn insanlar Biləcəridə davam edən tikinti-quruculuq və bərpa işlərini məmnunluqla qəbul edirlər.

Binəqədi həm də bir neçə mikrorayonun  yerləşdiyi rayondur. Mikrorayonların  isə daha çox diqqət və qayğı tələb etdiyi hamıya məlumdur.  Bu səbəbdən də adıçəkilən ərazilərdəki evlərin istilik sistemlərinin böyük hissəsi yenilənib. 7-ci  və 8-ci mikrorayonlarda, "Azadlıq" metrostansiyasının ətrafında böyük abadlıq işləri aparılır. Bu ərazidəki binaların istilik, su, işiq, qaz xətləri dəyişdirilir və bu işlər davam edir. 2013-cü ilin birinci rübü də daxil olmaqla, rayon ərazisində 24 xeyir-şər evi tikilib və hazırda 6 yeni xeyir-şər evi tikilməkdədir. Bununla yanaşı, rayon ərazisində təkcə son 2 ildə 7132 ədəd ağac əkilib. 6 yeni park salınıb və hazırda 2 parkda abadlıq-quruculuq işləri aparılır.

6 fevral 2013-cü il tarixdən "Sakinlərin Müraciət Xidməti-1646" rayon sakinlərinin istifadəsinə verilib. "Sakinlərin Müraciət Xidməti"nin yaradılmasının məqsədi vətəndaşlara göstərilən xidmətlərin yüksəldilməsinə, qarşılaşdıqları problemlərin həllinə operativ münasibət göstərərək onların etimadının qazanılmasına və dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafına xidmət etməkdr. 11 fevral 2013-cü il tarixdən isə Binəqədi rayonunda qeydiyyatda olan vətəndaşlar Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı "ASAN xidmət" Mərkəzinin xidmətlərindən yararlanmağa başlayıblar. Rayonun sakinləri 1 saylı Bakı "ASAN xidmət" mərkəzinə gəlmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı təkliflərini deyə bilirlər.

Hazırda 2009-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramının layiqincə yerinə yetirilməsi əvvəlki kimi xüsusi diqqət mərkəzində qalmaqda davam edir. Bu istiqamətdə görülən işlər öz yüksək nəticələrini verir. Bütövlükdə rayonun həyatında dinamik sosial-iqtisadi tərəqqi qeydə alınır. Demək olar ki, şəhərin sosial-iqtisadi inkişafına dair dövlət proqramının icrası sahəsində Binəqədi rayonunda böyük nəticələr əldə edilib. Binəqədidə bütün sahələr üzrə görülən işləri, aparılan abadlıq-quruculuq prosesini, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımları görən, izləyən hər bir kəs fəxrlə deyə bilər ki, bu rayon inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2013.- 19 may.- S.5.