Qara dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin «beyin mərkəzləri»nin Bakıda
keçirilən forumu başa çatmışdır
Bakıda
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı
ilə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının
(QİƏT) üzvü olan dövlətlərin "beyin mərkəzləri"nin
"Şərq-Qərb strateji körpüsü: QİƏT
regionunda təhlükəsizlik, inkişaf və inteqrasiya"
mövzusunda keçirilən forum mayın 18-də başa
çatmışdır.
AzərTAc
xəbər verir ki, forumun ikinci günü "QİƏT
regionunda təhlükəsizlik gündəmi və
münaqişələrin həlli" və "Avropa enerji
təhlükəsizliyinin möhkəmləndirilməsində
QİƏT regionunun rolu" mövzularında panel iclaslarla
davam etmişdir.
Azərbaycan
Diplomatik Akademiyasının (ADA) prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə "QİƏT
regionunda təhlükəsizlik gündəmi və
münaqişələrin həlli" mövzusunda
keçirilən panel iclasında Rumıniya Prezidentinin strateji
məsələlər və beynəlxalq təhlükəsizlik
üzrə müşaviri İulian Kifu "Dondurulmuş
münaqişələrin unudulmuş münaqişələrə
çevrilməsinin qarşısını necə
almalı", Kolumbiya Beynəlxalq və İctimai Münasibətlər
məktəbinin professoru David Cuthell "ABŞ və NATO-nun
Qara dəniz siyasəti", Albaniya Beynəlxalq
Araşdırmalar Mərkəzinin direktorunun müavini Alba Cela
"Qərbi Balkanlarda Aİ-nin yeni inteqrasiya əlaqələrinə
baxış: QİƏT regionunda digər namizədlər
üçün fəsadları", Gürcüstanın
Siyasi Tədqiqatlar İnstitutunun həmsədri George
Tarkhan-Mouravi "Qara dəniz və identiklik siyasəti",
Ukraynanın NİSS təşkilatının Qloballaşma və
Strateji Təhlükəsizlik üzrə şöbə
müdiri Konstantin Kononenko "Qara dəniz regionunda təhlükəsizlik
sisteminin formalaşdırılması perspektivləri:
Ukraynanın baxışı" mövzularında
çıxış etmişlər.
Sonra
SAM-ın direktoru Fərhad Məmmədovun moderatorluğu ilə
"Avropa enerji təhlükəsizliyinin möhkəmləndirilməsində
QİƏT regionunun rolu" mövzusunda sonuncu panel iclas
keçirilmişdir.
İclasda
SAM-ın aparıcı elmi işçisi Gülmira
Rzayevanın "Cənub dəhlizi:
balanslaşdırılmış beynəlxalq öhdəliklər
və milli prioritetlər", Türkiyənin Qara dəniz
Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı
Yalçın Sarıkayanın "QİƏT regionunda
baş verən siyasi proseslərin şaxələndirilməsinin
xarakteristikası", Serbiyanın Beynəlxalq Siyasət və
İqtisadiyyat İnstitutunun əməkdaşı Slobodan
Yankoviçin "Azərbaycan qazı və böyük
güc siyasəti", Yaxın Şərq üzrə Tədqiqat
layihəsinin rəhbəri, Avropa və Xarici Siyasət üzrə
Yunan Fondunun əməkdaşı Evangelos Venetisin "Qafqaz və
Avropa müasir İpək Yolunda: TAP və təkamül dəhlizi",
ADA-nın Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin
direktoru Elnur Soltanovun "Azərbaycan enerji resurslarının
müsbət xarici effektləri", SAM-ın aparıcı
elmi işçisi Rəşad Kərimovun "Azərbaycan
Qara dəniz və Şərqi Asiya arasında strateji
körpü kimi" mövzularında məruzələri
dinlənilmişdir.
Sonda
mövzulara dair müzakirələr aparılmış,
suallar cavablandırılmışdır.
Azərbaycan.-2013.- 19 may.- S.6.