Moskvada «Bakı haqqında xatirələr»
kitabının təqdimatı olmuşdur
Mayın 18-də Rusiyanın İTAR-TASS informasiya agentliyində ingilis dilində çap edilmiş "Bakı haqqında xatirələr" ("Memories of Baku") kitabına həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransında kitabın naşiri, GCAM (Global Cultural Asset Management) şirkətinin beynəlxalq inkişaf məsələləri üzrə vitse-prezidenti Nikolas İlin, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy və digər rəsmi şəxslər iştirak etmişlər.
Kitabda Azərbaycan paytaxtının mədəni həyatı və arxitektura siması haqqında keçən əsrin 20-ci illərinədək olan dövrü əhatə edən nadir arxiv fotomaterialları toplanmışdır.
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy demişdir ki, belə kitabın çapdan çıxması əlamətdar hadisədir. Kitab Bakının həyatının ən müxtəlif tərəflərindən bəhs edir, Xəzər sahilində yerləşən bu böyük şəhərin heyrətamiz dünyasını göz önündə canlandırır. M.Şvıdkoy demişdir: "Bakı bizim hamımızın çox sevdiyi şəhərdir. Bu gün Bakıya gələn hər bir kəs müasir görkəmli şəhərlə qarşılaşır. Onun siması, tikililər dəyişir, lakin insanlar olduqları kimi qalırlar. Bakıda ənənələr arxitektura tikililərindən daha çox qorunub saxlanılır".
"Bakı haqqında xatirələr" kitabının naşiri GCAM şirkətinin beynəlxalq inkişaf məsələləri üzrə vitse-prezidenti Nikolas İlin demişdir ki, Bakıda dəfələrlə olmuşdur. Onun ilk kitabı Odessaya həsr olunmuşdur, trilogiyası Tbilisi haqqında kitabla başa çatacaqdır. "Bütün bu şəhərlər nadir tolerantlığı və yüksək mədəniyyəti ilə, bir də bu şəhərlərdə müxtəlif millətlərdən olan insanların yaşaması ilə fərqlənir".
Müəllifin sözlərinə görə, layihədə Azərbaycan və xarici ölkə mütəxəssisləri, bu şəhərin tarixinə və arxitekturasına yaxşı bələd olan insanlar, o cümlədən Bakı tarixçisi, arxitektor Fuad Axundov, professor Tadeuş Svyatoxovski və başqaları iştirak etmişlər. Kitabda XIX əsrin ikinci yarısı - XX əsrin 20-ci illərinin əvvəllərini əhatə edən dövrdə Bakının mədəni həyatı və arxitektura siması haqqında nadir arxiv materialları toplanmışdır. Nikolas İlin qeyd etmişdir ki, o, nəşri ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mayın sonunda Azərbaycanın paytaxtında keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarına hədiyyə verməyi planlaşdırır. N.İlin ümidvar olduğunu bildirmişdir ki, forumun iştirakçıları Bakının mədəniyyəti və həm Avropa, həm də Asiya ənənələri ilə uzlaşan adətləri ilə tanış ola biləcəklər.
Səfir Polad Bülbüloğlu kitabın müəllifinə və bu layihənin həyata keçirilməsində iştirak edənlərin hamısına minnətdarlığını bildirmişdir. O demişdir ki, Bakı haqqında kitabların yazılması, filmlərin çəkilməsi sevindirici haldır. "Bakı həmişə rus və Avropa mədəniyyətinə sadiq qalmış, həmişə açıq şəhər olmuşdur. Bu şəhər Avropa ilə Asiyanın qovuşuğunda, şimalla cənubun, müxtəlif mədəniyyətlərin birləşdiyi nöqtədə yerləşir. XIX əsrdən başlayaraq Bakı müxtəlif mədəniyyətləri özünə cəlb etmişdir".
Qeyd edək ki, Nikolas İlin Rusiyadan çıxmış ilk mühacirlərin nümayəndəsidir. O, Parisdə doğulmuş, Fransada və Böyük Britaniyada təhsil almışdır. Son illərdə N.İlin mədəniyyət aktivlərinin idarə olunması üzrə GCAM qlobal şirkətinin beynəlxalq inkişaf məsələləri üzrə vitse-prezidentidir.
Fəridə
ABDULLAYEVA,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.-2013.- 19 may.- S.6.