Laçında talanmış maddi-mənəvi
sərvətimiz
Laçının
işğalından 21 il keçir
Laçın
adı gələndə istər-istəməz çiskinli,
dumanlı dağlar gəlir göz önünə. Yaz-yay
aylarında o yerlərə yolu düşənləri əsrarəngiz
gözəlliyi valeh edərdi. Laçının "bulaq
gözlər"indən min bir
dərdin dərmanı qaynayıb daşardı...
21
ildir ki, nə çiyinlərdə səhəng gedəni, nə
də o yerlərdən at belində gələni var,
doğmlarına həsrət Laçının. Düşmən
tapdağı altındadır Sultan bəyin dünyaya göz
açdığı və bir zamanlar daşnaklara layiq
olduğu yeri göstərdiyi
Zabux dərəsi...
Nənələrimizin
bayatılı-ağılı oxşamalarında əzizlənən
xınalı daşlarında kəkliklərinin izi, gözəllərinin
bulaq suyu kimi dupduru gözü, müdriklərinin ağsaqqal
sözü qalıb yaddaşımızda.
Yazın
gəlişi ilə dağlar yaşıl donuna
bürünüb aran ellərini yaylağa haraylayardı...
Şuşanın arxa-dayağı, söykənəcəyi
olan Laçının bir tərəfi də Kəlbəcər
idi...
Vaxtilə
Soltan bəyin qarşısında baş əyən erməni
qaçaq-quldurlarının törəmələri indi o yerlərdə
"at oynadır"!.. Dəyəri milyardlarla
ölçülən təbii sərvətlərimiz
dağlarımızın yağmalanması ilə
daşnakların əlinə keçdi, talandı. Təkcə
maddi sərvətlər beşiyi deyildi Laçın. Burada
min illərin, əsrlərin yadigarı maddi- mədəniyyət
abidələri - mənəvi sərvətlərimiz var idi.
Dağlıq
Qarabağ ərazisində və ətraf rayonlarda Azərbaycanın
milli mədəniyyət abidələrinə erməni təcavüzkarları
tərəfindən vurulan ziyanı dəqiq hesablamaq
mümkün deyil. Eyni zamanda, talanan və məhv edilən sərvətlər
nəinki Azərbaycanın, həm də dünya
sivilizasiyasının misilsiz mədəniyyət nümunələri
hesab olunub. Əhaliyə vurulmuş mənəvi-psixoloji zərbə
ilə bərabər, Azərbaycan iqtisadiyyatına
böyük ziyan dəyib.
Laçından
əvvəl onun Soltan bəy, qardaşı Xosrov bəy kimi
tarixi şəxsiyyətlərinin adı çəkilməlidir,
əsl sərvət kimi! Çünki ulu öndər Heydər
Əliyev qaçqın və məcburi köçkünlərlə
görüşlərində bu fikri xüsusilə diqətə
çatdırırdı ki, Ermənistanın
təcavüzünə məruz qalan yerlərin təkcə təbiəti
deyil, o dağların insanları da sərvət idi.
Təəssüf ki, sovetlərin dövründə Ermənistanla həmsərhəd ərazilərimizin hər birində olduğu kimi, Laçının da taleyinə yazılan ağ günlər az olub. İllərlə onun maddi-mədəniyyət abidələrinə biganəlik göstərilib. Ucqar kəndlərinə avtomobil yolları çox gec çəkilən, gözdən-könüldən iraq düşən Laçının da tarixinə vaxtilə "əl uzadılıb". 1923-cü ildə rəsmi Kremlin planlarına əsasən, Şuşa qəzası ləğv olunaraq Dağlıq Qarabağ Vilayəti yaradılıb. Vaxtilə Şuşa qəzasının tərkibində olan Laçın bir ildən sonra inzibati rayon mərkəzinə çevrilib. Qəsəbə statuslu Laçın şəhərinin yerinin seçilməsi məsuliyyəti isə böyük ədibimiz Tağı Şahbazi Simurqa həvalə edilib. O, yeni şəhərə yaxınlıqdakı Laçın dağının adını verib.
Azərbaycanın qədim və əsrarəngiz guşəsi olan Laçın rayonunun inzibati sərhədlərini Dəlidağ, İşıqlı, Qırxqız dağ silsilələri əhatə edirdi. Qarabağla mənfur qonşuların arasında mərdlik qalası sayılan Laçını tarix boyu torpaqlarımıza göz dikən yağılar, daşnak quldurları "Qarabağın qapısı" adlandırırdılar.
Laçının şimalında Kəlbəcər, şərqində Xocalı, Şuşa və Xocavənd, cənubunda Qubadlı yerləşir. Qərbdən "qonşusu" olan mənfur ermənilərin illərlə gizli şəkildə apardığı işğalçılıq siyasəti nəticəsində təcavüzün qurbanı olan Laçın və onun əlçatmaz zirvələri zamanın sərt sınaqlarına dözməli olub.
Laçın dağlarında qədim və möhtəşəm mədəniyyət abidələri ilə təbiət bir-birini sanki tamamlayırdı. Cicimli, Zeyvə, Malxələf, Malıbəy, Güləbird, Soltanlar, Yənqıça, Bülövlük, Araflı, Əliqululu, Hüsülü, Kosalar, Seyidlər, Pircahan, Kürdhacı və digər kəndlərdəki 12 qoç, 28 at fiquru, rəsmlər, müxtəlif dövrlərdə ərəb əlifbası ilə sal daş üzərində həkk edilən 36 müxtəlif süjetli yazılar, bir-birinə bənzəməyən sənət rəmzləri, qəbirüstü daşlar, məşhur Sarı Aşığın sevgilisi Yaxşının məzarı kimi tarixi abidələr bu torpaqlarda min illər boyu yaşayan əcdadlarımızın bizə yadigar qoyduğu nişanələr idi.
Rayonun Cicimli kəndindəki məbəd, qədim anbar, Güləbirddə Sarı Aşığın qəbirüstü ziyarətgahı rayonun tarix-diyarşünaslıq muzeyi əsrlərin canlı salnaməsi idi. Muzeydə toplanmış nadir eksponatlar Laçının zəngin tarixi keçmişi haqqında dolğun təsəvvür yaradırdı. Təəssüf ki, Laçının işğalı nəticəsində bu tarixi incilər də təcavüzün qurbanına çevrildi. Bütün bunlar az imiş kimi, tarixin yadigarları, milli mədəniyyət abidələrimiz olan qala və məbədlər saxtakarcasına erməniləşdirilir. Laçın rayonu ərazisindəki memarlıq abidələrinin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Memarlıq elmləri doktoru D.A.Axundov və fəlsəfə elmləri namizədi M.D.Axundov "Qafqaz Albaniyasının stellalarında dini simvolika" və "Dünyanın mənzərəsi" adlı məqalələrində göstərirdilər ki, düzbucaqlı çərçivə içərisində cızma texnikasında işlənilən qadın, güman ki, Ay Allahının təsviri idi. Göstərilən bu stella bizim eranın xristianlıqdan əvvəlki dövrünə, bəlkə də daha qədimlərə aiddir. Buna bənzər, daha doğrusu, tamamilə onun eyni olan bir stella da Kosalar kəndində, Ağoğlan qəsrinin həyətində var idi.
Belə abidələr, Laçınla qonşuluqda yerləşən Kəlbəcər rayonu ərazisində də mövcud idi. Onu da qeyd edək ki, Kəlbəcərin bir hissəsi alban dövlətinin Xaçın knyazlığının tərkibində olmuşdur. Ora yaxın olan Laçın rayonunun ərazisində bir sıra adlar da Xaçınla bağlıdır. Bozlu kəndi ərazisində olan "Xaçın daşı" və s. Çox güman ki, vaxtilə bu yerlərin bir hissəsinin Xaçın knyazlığı ilə əlaqəsi olub. Lakin buna baxmayaraq, Ermənistan həmin abidələri "özününküləşdirərək" bu gün də təbliğ edir.
Alı Xəlifə ocağı Laçının Böyük Seyidlər kəndində yerləşirdi. Qarabağın ən ağır seyidlərindən olan Alı Xəlifə elə həmin kənddə dünyasını dəyişdiyindən, məzarı üstündə sərdaba tikilmişdir. Ən ulu səcdəgahlardan biri də məhz Alı Xəlifənin ocağı idi.
Laçının işğalından sonra orada tikilmiş qondarma, saxta erməni kilsəsi kimi təqdim olunan Ağoğlan abidəsi, Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksinin erməniləşdirilməsi, şəhərin qərb istiqamətdən çıxışında tikilmiş abidə - "Qala qapısı" (üzərində erməni xaçı) və s. dediklərimizə əyani sübutdur.
Laçının müqəddəs yerlərindən biri də Böyük Seyidlər kəndindəki Seyid Hüseyn ziyarətgahı idi. Buradakı "Güllü qəbir" pirində isə Hacı İbrahim ağanın dəfn edildiyi söylənilirdi. Məlumatlara əsasən, o, Qarabağ ellərinin ağır övliyalarından sayılan Xudavəndə Xəlifənin nəvəsi idi.
Ağoğlan qəsri Minkənd çayının kənarında, hündür bir yerdə idi. Cicimlidə məbəd, qədim anbar, Güləbirddəki Sarı Aşığın qəbirüstü ziyarətgahı, Zeyvədə Şeyx Əhməd, 1-ci və 2-ci Soltanbaba, Minkənddə XV əsr məbədi, Qarıqışlaqda Dəmirovlu pir-məbədi, Bülövlük kəndinin şimalındakı qədim Kişpəyədə və Piçənisdəki alban məbədi, Xan qəbiristanlığındakı Zəngəzurun sultanları Qara Murtuza bəyin, I-II Alməmmədin, Şeyx Şamillə dostluq etmiş, ona kömək göstərmiş Cəbrayıl bəyin, Araflıda Murtuza Sultanın anasının türbələri, Pircahan çayı üstündəki Məşədi Mehralının arxitekturalı və Minkənd körpüləri kimi tarixin nadir inciləri erməni vandalları tərəfindən darmadağın edilib.
Uzun illər milli-memarlıq nümunələri sayılan Hoçaz kəndindəki mağara-məbəd (V əsr), Cicimlidəki Məlik Əjdər (XIV əsr), Şeyx Əhməd türbələri (XIX əsr), Qarıqışlaqdakı məscid (1718), Hüsülüdəki Həmzə Sultan sarayı (1761), Həkəri çayı üzərindəki körpü (XVIII əsr), Ağoğlan çayı üzərindəki məbəd (XIX əsr), Güləbirddəki türbə və s.) abidələrin taleyi isə yalnız onları saxtalaşdıran daşnaklara məlumdur.
Laçında əsrlərin və qərinələrin yaşıdı abidələr, dağlardakı qalalar yadellilərin dəfələrlə etdiyi hücumlardan qorunsa da, 1992-ci ildən başlayaraq daha ağır zərbə aldı, daş-divarlarındakı yaddaş tarixləri silinərək erməniləşdirildi və dünyaya "qədim erməni xalqının yazılı abidələri" kimi təqdim edildi, əsl həqiqətlər bunlar olsa da...
Təbii ki, Laçın rayonu ərazisində bir vaxtlar mövcud olmuş tarixi abidə və məbədlər yalnız adları yuxarıda çəkilənlər deyil. Qalalar, məbədlər diyarında təbii sərvətlər bu gün də ermənilər tərəfindən vəhşicəsinə talan edilməkdədir. Son günlər oradan tapılmış xəzinə də bunu təsdiqləyir.
21 ildir ki, yal-yamacında ağ sürülər görünməyən, dağlarımızın yenə qonaq-qara gözləyən çağlarıdır. Görəsən, bir zamanlar o dağlarda əks-səda verən qartalların qıy səsi yalçın qayalara hopurmu?! Nə yaman ağırmış Laçın həsrəti?! Kim çəkə bilər ki, belə möhnəti?.. Laçınım, Laçınım... Laçınım mənim...
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-2013.- 19 may.- S.7.