Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir

 

Sloveniya parlamentinin xarici əlaqələr komitəsinin sədri xanım Janja Klasinc Lüblyanada Azərbaycan parlamentinin nümayəndə heyəti ilə görüşündən sonra bəyanat yaymışdır.

Bəyanatda deyilir ki, Sloveniya parlamentinin xarici əlaqələr komitəsi üzvlərinin azərbaycanlı həmkarları ilə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilmiş, sürətli və səmərəli dinc siyasi həll yolunun zəruriliyi, xarici hərbi qüvvələrin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxarılması, artıq BMT Baş Məclisinin 2008-ci il 14 may tarixli 86-cı plenar sessiyasında qəbul edilmiş qətnaməsində bildirildiyi və BMT, Avropa Şurasının bir sıra qətnamələri və sənədləri, eləcə də digər beynəlxalq təşkilatların sənədlərində təkrar edildiyi kimi, Azərbaycan Respublikası ərazilərinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində real bərpası vurğulanmışdır.

Sənəddə qeyd olunur ki, Azərbaycan parlamentinin deputatı Elxan Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri sloveniyalı həmkarlarına Dağlıq Qarabağdakı vəziyyət barədə məlumat vermişlər. Bildirmişlər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində on minlərlə insan həlak olmuş, bir milyondan artıq azərbaycanlı isə qaçqın və məcburi köçkünə çevrilmişdir. Minsk qrupunun iyirmi illik vasitəçilik səyləri indiyədək hər hansı bir nəticə verməmişdir. Münaqişə açıq olaraq qalır və istənilən vaxt təhlükəli miqyasda böhrana çevrilə bilər.

Bəyanatda vurğulanır ki, status-kvo qəbuledilməzdir və problemin dinc, konstruktiv həllinə, o cümlədən bütövlükdə strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən bu regionun sabitliyinə və Avropa İttifaqının münaqişəyə cəlb olunmuş mühüm tərəfdaşları olan bu iki ölkənin inkişafına maneə yaradır.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 19 may.- S.7.