Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Versal sarayının direktoru ilə görüşmüşdür

 

Fransada  səfərdə olan  Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti  Mehriban Əliyeva  mayın 20-də   Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Versal  sarayının və muzeyinin direktoru xanım Katrin Peqar ilə görüşmüşdür.

Hədiyyələrin təqdim olunduğu görüşdə Azərbaycan ilə Versal sarayı arasında gələcəkdə mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir. Mehriban xanım Əliyeva Versal sarayındakı iki abidənin Heydər Əliyev Fondu tərəfindən bərpa olunduğunu qeyd edərək bu cür layihələrin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulamışdır. Azərbaycanın birinci  xanımı Mehriban Əliyeva Versal  sarayının və muzeyinin direktoru Katrin Peqarı ölkəmizə səfərə dəvət etmişdir.

Dəvəti məmnunluqla qəbul edən Katrin Peqar Versaldakı iki abidənin bərpasına verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımına minnətdarlıq etmişdir. O, bu cür layihələrin Heydər Əliyev Fondu ilə Versal sarayı arasında əlaqələrə mühüm töhfə olacağını diqqətə çatdırmışdır.

Görüşdə yaxın gələcəkdə Azərbaycanın Versalda mədəniyyət baxımından təqdimatının, o cümlədən Bakıda Versal muzeyinə aid eksponatlardan ibarət  sərgisinin keçirilməsi barədə razılıq əldə edilmişdir.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.-2013.- 21 may.- S.2.