Həştərxanda Azərbaycan
xalqının ümummilli lideri
Heydər Əliyevin anadan
olmasının 90 illiyinə həsr edilmiş təntənəli
mərasim olmuşdur
Mayın
20-də Həştərxan Dövlət Filarmoniyasında Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin anadan
olmasının 90 illiyinə həsr edilmiş təntənəli
mərasim olmuşdur.
AzərTAc-ın
xüsusi müxbiri xəbər verir ki, mərasimdə Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin müdiri Əli Həsənov
başda olmaqla Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə
keçirilən təntənəli tədbirlərdə
iştirak etmək üçün Həştərxana gəlmiş
Azərbaycan nümayəndə heyəti, Həştərxan
vilayətinin qubernatoru Aleksandr Jilkin, Həştərxan şəhər
administrasiyasının və Həştərxan hökumətinin
rəhbərləri, şəhər ictimaiyyətinin və Azərbaycan
diasporunun nümayəndələri iştirak etmişlər.
Tədbir
başlamazdan əvvəl mərasim
iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevin
Həştərxanda Heydər Əliyevin abidəsinin və
ümummilli liderin adını daşıyan parkın
açılışında iştirakını, habelə
Rusiyanın bu şəhərində müxtəlif sosial və
humanitar layihələrin həyata keçirilməsində
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
iştirakını əks etdirən fotostendlə
tanış olmuşlar.
Həştərxan
vilayətinin qubernatoru Aleksandr Jilkin mərasimdə
çıxış edərək demişdir:
"Böyük və kiçik millətlər yoxdur, öz
millətini və deməli, öz ölkəsini ucaldan
görkəmli şəxsiyyətlər var. Belə şəxsiyyətlər
arasında görkəmli dövlət xadimi, Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev xüsusi
yer tutur".
O
qeyd etmişdir ki, müasir Azərbaycanın uğurları, tərəqqisi,
inkişafı Heydər Əliyevin adı ilə
bağlıdır. Qubernator vurğulamışdır:
"Heydər Əliyev çətin dövrdə Azərbaycana
rəhbərlik etmişdir. Lakin o, nəinki ölkədə vəziyyəti
sabitləşdirməyə nail olmuş, həm də müstəqil
Azərbaycanın sonrakı davamlı sosial-iqtisadi inkişaf
şəraitini təmin etmişdir". A.Jilkin qeyd etmişdir
ki, bu gün Azərbaycan postsovet məkanındakı
bütün dövlətlərdən daha dinamik inkişaf edən
ölkədir. Bu gün Azərbaycan Heydər Əliyevin
ölkəyə rəhbərlik etdiyi dövrdə
yaratdığı imkanlardan istifadə edir. O demişdir:
"Şübhəsiz, bugünkü Azərbaycan ona ən
yaxşı abidədir".
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin müdiri Əli Həsənov
Həştərxanda ulu öndər Heydər Əliyevin anadan
olmasının 90 illiyi münasibətilə tədbirlərin
təşkil edilməsinə və keçirilməsinə
görə qubernator Aleksandr Jilkinə və vilayətin rəhbərliyinə
minnətdarlığını bildirmişdir.
Ə.Həsənov
vurğulamışdır ki, Heydər Əliyev təkcə
Azərbaycan xalqının deyil, bütövlükdə
keçmiş Sovet İttifaqının xalqlarının həyatında
böyük rol oynamışdır. Ə.Həsənov Azərbaycan
ilə Rusiya arasında ikitərəfli münasibətlərin
nizamlanmasında Heydər Əliyevin rolu barədə söhbət
açaraq demişdir ki, Heydər Əliyev ölkəyə rəhbərlik
edərkən RF ilə dostluq əlaqələrinin
canlanmasında mühüm rol oynamışdır. Onun səyləri
sayəsində Azərbaycan-Rusiya münasibətləri
mürəkkəb transformasiya mərhələsini uğurla dəf
edərək konstruktiv əməkdaşlığa əsaslanan
yeni inkişaf pilləsinə çatmışdır.
Ə.Həsənov
qeyd etmişdir ki, 2001-ci ildə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana
səfəri iki ölkənin qarşılıqlı
münasibətlərində mühüm hadisə olmuşdur.
"Bu səfər iki ölkənin münasibətlərində
yeni mərhələ açmışdır. O dövrdə
Heydər Əliyev V.Putinin səfərini tarixi hadisə kimi səciyyələndirmişdi",
- deyən şöbə müdiri vurğulamışdır
ki, Rusiya ilə qarşılıqlı münasibətlər
dərin tarixi köklərə əsaslanır və Azərbaycan
üçün böyük əhəmiyyət kəsb edir. Ə.Həsənov
demişdir: "Azərbaycan dövləti Rusiya ilə mehriban
qonşuluq və dostluq əlaqələrinin, keyfiyyətcə
yeni dinamika kəsb etmiş və etimada əsaslanan münasibətlərin
möhkəmlənməsi və inkişafı məsələsində
qətiyyətli mövqe tutur. Bu gün Prezident Vladimir Putin və
Prezident İlham Əliyev tərəfindən həyata
keçirilən siyasi xətt sayəsində Azərbaycan-Rusiya
münasibətləri hərtərəfli strateji
qarşılıqlı fəaliyyət və tərəfdaşlıq
səviyyəsinə çatmışdır. Bu gün
ölkələrimiz ticari-iqtisadi, elmi-texniki və mədəni
sahələrdə uğurla əməkdaşlıq edir".
Şöbə
müdiri qeyd etmişdir ki, Azərbaycan Rusiyanın bir sıra
regionları, o cümlədən Həştərxan vilayəti
ilə sıx tərəfdaşlıq əlaqələri
qurmuşdur. Bu vilayətlə Azərbaycan arasında
imzalanmış onlarca saziş müxtəlif layihələrin
həyata keçirilməsinə imkan yaradır. O, Heydər Əliyev
Fondu tərəfindən həyata keçirilmiş layihələrə
nümunə kimi Heydər Əliyevin adını
daşıyan parkın və məktəbin, Rusiya-Azərbaycan
Dostluq Körpüsünün açılmasını
göstərmişdir. Ə.Həsənov demişdir:
"Bugünkü tədbir Azərbaycan ilə Rusiya
arasında sarsılmaz dostluğun parlaq təzahürü,
qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsi
və əməkdaşlığın genişlənməsi
işinə sanballı töhfədir. Azərbaycan bundan sonra
da Rusiya ilə əməkdaşlıq sahələrini
genişləndirəcəkdir".
Sonra
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin "Gənclər
təbiətə münasibətdə
zorakılığın əleyhinədir" layihəsi
çərçivəsində Həştərxanda
keçirdiyi müsabiqənin qalibləri
mükafatlandırılmışdır.
Tədbir
Azərbaycanın və Həştərxan vilayətinin
yaradıcı kollektivlərinin iştirak etdiyi konsert
proqramı ilə davam etmişdir.
Tədbir
başa çatandan sonra Həştərxanda möhtəşəm
atəşfəşanlıq olmuşdur.
Azərbaycan.-2013.- 21 may.- S.3.