Həştərxanda «Heydər Əliyev irsi» mövzusunda yaradıcı işlər müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilmişdir

 

Mayın 20-də Həştərxandakı Heydər Əliyev adına orta məktəbdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş yekun tədbirlər çərçivəsində "Heydər Əliyev irsi" mövzusunda yaradıcı işlər müsabiqəsinin iştirakçılarına mükafatlar təqdim edilmişdir.

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində Heydər Əliyevin büstü önünə tər çiçəklər qoymuş, sinif otaqlarına baxmış, şagirdlərin yaradıcı işləri ilə tanış olmuşlar.

Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan regional bölməsinin sədri Ədalət Hüseynov tədbiri açaraq qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun, Nərimanov Rayon İcra Hakimiyyətinin və Həştərxan vilayəti Administrasiyasının dəstəyi ilə Həştərxanda keçirilən silsilə tədbirlər bu gün başa çatır.

Həştərxan vilayətinin baş naziri Konstantin Markelov Azərbaycan xalqının ümummilli lideri, həm Azərbaycan, həm də bütövlükdə sovet ölkəsi üçün çox iş görmüş Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbirlərin əhəmiyyətini vurğulayaraq demişdir: "Ölkələrimiz arasında çox yaxşı iqtisadi, siyasi və sosial əlaqələr vardır. Rusiya və Azərbaycan prezidentlərinin dəstəyi ilə Həştərxanda həyata keçirilən layihələr buna sübutdur. Həştərxanda məktəb, park, uşaq şəhərciyi salınmışdır. Bundan əlavə, burada knyaz Vladimirə abidə ucaldılacaqdır".

Baş nazir qeyd etmişdir ki, Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda uşaq bağçası da tikiləcəkdir. K.Markelov bildirmişdir ki, bu il Bakıda Azərbaycan ilə Həştərxan vilayəti arasında dostluğun rəmzi olan park salınacaq, abidə qoyulacaqdır.

Sonra Həştərxan vilayətinin baş naziri Konstantin Markelov və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov məktəbin 10 şagirdinə və 5 müəlliminə Heydər Əliyev Fondunun mükafatlarını təqdim etmişlər.

Daha sonra məktəb şagirdləri arasında "Heydər Əliyev irsi" müsabiqəsinin "Şeir", "İnşa", "Kompyuter yaradıcılığı", "Yaradıcı layihə" və "Tədqiqat işi" nominasiyalarında qaliblər mükafatlandırılmışdır.

 

 

Azərbaycan.-2013.- 21 may.- S.3.