Qloballaşma dövründə Azərbaycan
dilinin qorunması obyektiv sosial zərurətdir
"Azərbaycan xalqının
dili onun milli varlığını müəyyən edən
başlıca amillərdəndir".
Heydər
ƏLİYEV
XXI əsr əbəs yerə sürət
əsri adlandırılmır: dünya sürətlə
qloballaşır - bu qarşısıalınmaz proses
obrazlı şəkildə "oxundan çıxmış
yay"la müqayisə oluna bilər. Qloballaşma, sadəcə,
ölkələr arasında coğrafi-iqtisadi sərhədlərin
aradan qalxması, dünyanın sürətlə kiçilməsi,
yaxud həyat tərzi və davranışların vahid
standartlarının yaranması, iqtisadiyyatın transmilliləşməsi
zəminində cərəyan etmir. Yeni dünya nizamı
kütləvi mədəniyyət stereotipləri
formalaşdıraraq ayrı-ayrı xalqların milli
özünəməxsusluğuna, milli-mənəvi dəyərlərinə,
tarixən formalaşmış mental dəyərlərinə,
dilinə, mənəviyyatına mənfi təsir göstərir.
Ən
müxtəlif mövqe və yanaşmalardan asılı
olmayaraq qloballaşmaya doğru istiqamətlənmiş nəhəng
inteqrasiya magistralı bütün planeti öz ardınca
aparır. Bu gün nə qloballaşma proseslərinin, nə də
elmi-texniki tərəqqinin qarşısına sipər çəkmək
mümkündür. Mümkün və həm də zəruri
olan bu proseslərin doğurduğu çeşidli problemləri
əvvəlcədən müəyyənləşdirərək
qabaqlayıcı tədbirlər görmək, milli-mənəvi
dəyərlərin zərər çəkməsinin
qarşısını almaq gərəkdir. Bu qlobal problem
hazırda bütün dünya alimlərini səylərini
birləşdirməyə, insanların normal fiziki, sosial, mənəvi
yaşam tərzinə yönələn açıq təhdidlərə
qarşı səmərəli mexanizmlər üzərində
düşünməyə məcbur edir. Mümkün olan ən
optimal variant bu prosesə hər bir etnosun milli-mənəvi
"Mən"ini dərk edərək qoşulmasından ibarət
ola bilər. Bəlkə də bu zərurətin dərkindən
doğan həqiqətin nəticəsidir ki, indi qloballaşma
ayrı-ayrı xalqların etnik-mənəvi köklərinə
yenidən dönüşü ilə xarakterizə olunur. Yeni
geosiyasi şəraitdə dünyada hegemonluq iddiasına
düşərək qərbləşmə və
qloballaşmanın dirijoru qismində çıxış edən
fövqəlgüc dövlətləri ideoloji silah kimi öz
dillərinin (ingilis, fransız, rus və s.) bütün
ölkələrdə geniş yayılmasına, bir növ,
ideya müstəmləkəçiliyinə
çalışırlar.
Fəlsəfi
dilçilik məktəbinin banisi, alman dilçisi V.Humboldt
yazır ki, "xalqın dili onun ruhudur və xalqın ruhu
onun dilidir - bundan da güclü olan eynilik təsəvvür
etmək çətindir".
Ana dili hər bir xalqın, millətin
varlığıdır. Hazırda hər bir xalq, etnos özünəməxsusluğunu,
milli ruhunu və mənəvi irsini qorumağın ümdə
şərtlərindən biri kimi ana dilini yad təsirlərdən,
assimilyasiyadan qorumağa çalışır. Dünyanın müxtəlif yerlərində
yaşayan xalqlar dil amilini tarixi mədəniyyətin və digər
özünəməxsus xüsusiyyətlərin kompleks
halında birləşdiyi unikal hadisə kimi dəyərləndirirlər.
Dilin suveren xarakterə malik olduğunu təsdiqləyən
əsas amillərdən biri də budur ki, o, istənilən
xalq və ya etnos üçün ən ümdə fərqlənmə
etalonu kimi qəbul edilir. Milliyyətin təyinində
ən mühüm amil olması səbəbindəndir ki, dillə
millət məfhumları çox vaxt eyni anlamda
qavranılır. Bu prinsip, demək olar ki,
bütün sosioloq, kulturoloq və digər fikir adamları tərəfindən
mənimsənilmişdir. Dil birliyi təmin
edilməyən bir cəmiyyətdə milli kimlik və milli
şəxsiyyət axtarışı da mənasızdır.
Qloballaşan dünyanın yeni
çağırışlarına müsbət cavab verən
Azərbaycan bu prosesin müəyyən neqativ təsirlərini
də nəzərə alır, xüsusən mühüm
siyasi mədəniyyət hadisəsi olan milli dilin təmizliyinin
qorunmasına çalışır. Ana dilinə yüksək
məhəbbət azərbaycançılıq
ideologiyasının milli mahiyyətini açmaqla
yanaşı, xalqımızın etnik fərdiliyini
özündə təcəssüm etdirən mühüm
amildir. Azərbaycan dilinin dövlət dili
olaraq işlədilməsi müstəqil dövlətçiliyimizin
mühüm atributlarından biri kimi həm də dünya azərbaycanlılarının
milli-mədəni özünüifadə ehtiyaclarının
ödənilməsinə imkan yaradır.
Görkəmli
rus yazıçısı Konstantin Uşinski demişdir:
"Bir millətin, xalqın varını, dövlətini əlindən
alsan, o millət ölməz, yaşayar. Ancaq ana
dilini əlindən alsan, həmin millət məhv olar, ondan əsər-əlamət
qalmaz". Xalqımız tarix boyu müxtəlif
təsirlərə, ərazi işğalına məruz qalsa
da, ana dilinin özünəməxsusluğunu, zənginliyini və
saflığını qoruyub saxlamış, zənginləşdirmişdir.
70 illik SSRİ kimi böyük imperiyanın tərkibində
yaşayan Azərbaycan xalqı rus mədəniyyətinin
hegemonluğu və ifrat ideoloji-siyasi təsiri şəraitində
milli-mənəvi dəyərlərinin ifadəçisi olan
ana dilini unutmamış, onu göz bəbəyi kimi
qorumuşdur. Milli ideallara bağlı
şəxsiyyət olan Heydər Əliyev dühası hələ
respublikaya birinci rəhbərliyi dövründə
böyük vətənpərvərliklə, siyasi iradə və
əzmlə nəinki ana dilinin
sıxışdırılmasına yol verməmiş, eyni
zamanda, onun inkişafına xidmət edən çoxsaylı tədbirlər
həyata keçirmişdir. 1969-cu ilin sentyabrında Azərbaycan
Dövlət Universitetinin 50 ililk yubileyində Azərbaycan
dilində səlis çıxış edən respublika rəhbəri
Heydər Əliyev ana dilinin qorunması və yayılması
ilə bağlı cəmiyyətə mühüm siyasi mesaj
vermiş, sonrakı mərhələdə üç cildlik
"Azərbaycan dili" dərsliyini dövlət
mükafatına layiq görmüş, Azərbaycan SSR Elmlər
Akademiyasının Dilçilik İnstitutunun inkişafına
böyük dəstək vermişdir.
1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan
dilinin dövlət dili kimi təsbit olunması isə Heydər
Əliyevin xalqımız qarşısındakı ən
böyük tarixi xidmətlərindən biri kimi bu gün də
böyük ehtiramla xatırlanır. Heydər Əliyevin həmin
vaxt böyük israrla irəli sürdüyü bu təşəbbüs
ittifaq rəhbərliyi tərəfindən müsbət
qarşılanmamış, bir çoxları bunu milli
ayrı-seçkilik siyasətinin təzahürü kimi qələmə
vermişdi. Belə bir addımın guya
digər müttəfiq respublikalarda mənfi reaksiya
doğuracağı iddia edilmişdi. Konstitusiyanı
hazırlayan komissiyanın rəhbəri Heydər Əliyev
bütün bu iddialara qarşı tutarlı arqumentlərlə
çıxış edərək öz təşəbbüsünün
kifayət qədər real olduğunu sübuta yetirmişdi.
Maneələrə, ciddi təzyiqlərə
baxmayaraq, böyük strateq konstitusiya layihəsindən Azərbaycan
dilini dövlət dili kimi təsbit edən 73-cü maddənin
çıxarılması barədə təkliflərlə
razılaşmamışdı. Beləliklə,
Azərbaycan dili dövlət dili statusu almış, bu
addım respublikada xalqın milli ruhunun oyanışı, mədəni-tarixi
inkişafının stimullaşdırılması
baxımından mühüm əhəmiyyət kəsb
etmişdi.
Ötən əsrin sonlarına doğru dövlət
müstəqilliyini bərpa edən Azərbaycanda ana dili məsələsinə
yanaşmada müxtəlif ziddiyyət və fikir
ayrılıqları meydana çıxmağa başladı. Bu, xüsusilə
xalqın real dəstəyindən məhrum olmuş
AXC-Müsavat cütlüyünün iqtidarı dövründə
özünü daha qabarıq şəkildə büruzə
verirdi. Bəzi qüvvələr heç
bir məntiqi əsasa söykənmədən dövlət
dilinin adının dəyişdirilməsini və onun
"türk dili" adlandırılmasını təklif
edirdilər. Psevdomillətçilik mərəzinə
tutulmuş bəzi qüvvələr Azərbaycanın
dövlət dilinin türk dili adlandırılmasına
çalışır, amma bunun çoxluq tərəfindən
qəbul olunan elmi izahını verə bilmirdilər.
Uzun müzakirələrdən sonra 1992-ci ilin dekabrında
Milli Məclisdə dövlət dili haqqında qanun müzakirə
olunmuş,
dövlət dilinin "türk dili" olması
barədə qərar qəbul edilmişdi. Qərarın qəbul
edildiyi iclasda 50 deputatdan cəmi 39 nəfər iştirak
etmiş, yalnız 26 deputat dilimizin "türk dili"
adlandırılmasına səs vermişdi. 7 nəfər
bunun əleyhinə olmuş, qalan 6 deputat bitərəf
çıxmışdı. Halbuki qərarın
qəbul edilməsi üçün deputatların
üçdə ikisinin səsi tələb olunurdu.
Ümummilli lider Heydər Əliyev sonralar bu məsələyə
toxunarkən demişdir: "Bu böyüklükdə tarixi
bir qərar Azərbaycan xalqının iradəsi nəzərə
alınmadan 26 nəfər tərəfindən qəbul
olunubdur. Burada da böyük bir səhv
buraxılıbdır... Volyuntarizm və
özbaşınalıqla belə bir qanunun qəbul
olunduğu hesab edilmişdir".
1995-ci ildə
Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının
qəbulu ərəfəsində ictimaiyyətin müxtəlif
təbəqələrinin, dilçi alim və
ziyalıların iştirakı ilə keçirilən genişmiqyaslı
müzakirələr, diskussiyalar, nəhayət, yekdil qərarın
qəbulu ilə nəticələnmişdir: xalqımız
referendum yolu ilə öz prinsipial mövqeyini nümayiş
etdirərək Azərbaycan dilinin Konstitusiyada dövlət
dili kimi təsbitlənməsinə səs vermiş, bununla da
ana dilimizə qarşı edilmiş haqsızlıq, biganəlik
aradan qaldırılmış, onun cəmiyyətdəki
mövqeyi bərpa edilmişdir.
Ümummilli lider Heydər Əliyev
çıxışlarında dilimizin
saflığının, mənəvi zənginliyinin
qorunmasını gənc nəslə tövsiyə edirdi. Xüsusi
vurğulayırdı ki, Azərbaycan dili dünyanın
inkişaf etmiş dillərindən olduğundan müasir
dövrün ən müxtəlif ictimai-siyasi, elmi-mədəni,
fəlsəfi intellektual məzmun və hadisələri,
informativ mənzərəsi bu dildə çevik şəkildə,
səlisliklə əksini tapa bilir. Dilimizin
gözəlliyi, rəvanlığı,
obrazlılığı və ən dərin mətləbləri
ifadə etmək imkanları hətta əcnəbilər tərəfindən
də dəfələrlə qeyd olunmuşdur. Azərbaycan dili minillər, yüzillər boyu
xalqın varlığını yaşatmış əvəzsiz
hadisədir. Hansı ölkədə
yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı
gənc öz ana dilini, milli ənənələrini öyrənməli,
onları təbliğ etməlidir. Ümummilli lider Heydər
Əliyevin hər çıxışında dilimizin zənginlikləri,
incəlikləri aşkara çıxır, ədəbi dilin
normalarına heyrətamiz
dərəcədə əməl olunurdu.
Ulu öndər Azərbaycan dilinin qorunması və
inkişafına dövlət siyasətinin tərkib hissəsi
kimi yanaşırdı. Hələ Azərbaycan Gənclərinin I Forumunda Heydər
Əliyev gəncləri ana dilini dərindən mənimsəməyə
çağırmış, özünəməxsus
müdrikliklə onlara Şekspiri ingilis, Puşkini rus, Nizamini,
Füzulini, Nəsimini isə Azərbaycan dilində
oxumağı tövsiyə etmişdi: "Məni bu gün
bu forumda sevindirən cəhətlərdən biri də o oldu
ki, çıxış edən bütün gənclər
çox sərbəst, səlis Azərbaycan dilində
danışırdılar. Bilirsiniz, bir neçə il bundan öncə bunu görmək
mümkün deyildi. Keçmiş illərin
müəyyən xüsusiyyətlərinə görə Azərbaycan
dili Azərbaycanda lazımi qədər inkişaf edə bilməmişdi.
Doğrudur, biz buna çox
çalışmışıq, 60-cı, 70-ci, 80-ci illərdə
bu barədə çox səylər göstərilmişdir.
Ancaq Azərbaycan dili hakim dil ola bilməmişdi.
Biz Sovetlər İttifaqının tərkibində
idik. Öz dilini bilməyən, öz dilini sevməyən
adam öz tarixini yaxşı bilə bilməz".
Heydər
Əliyev hesab edirdi ki, ana dilini bilməyən, bu dildə zəngin
ədəbiyyatı oxumayan, tariximizlə, mədəniyyətimizlə,
adət-ənələrimizlə yaxından tanış
olmayan gənc əsla vətənpərvər ola bilməz. Ümummilli lider Azərbaycan dilini müstəqil
dövlətçiliyin əsas rəmzlərindən saymaqla,
onun inkişafı, zənginləşməsi və
saflaşması, habelə gənclər tərəfindən mükəmməl
mənimsənilməsi naminə xüsusi tədbirlər həyata
keçirmişdir. Bu istiqamətdə
atılmış ilk mühüm addımlardan biri 18 iyun
2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında" fərmanın imzalanması olmuşdur. Həmin fərmanda Azərbaycan Prezidenti yanında
Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə
tutulurdu. Dünyanın heç bir dövlətində
analoqu olmayan belə bir qurumun yaradılması ana dilimizin tətbiqi
işinin təkmilləşdirilməsinə daha effektli şəkildə
nəzarət etmək və bu prosesi ümummilli maraqlar
kontekstində tənzimləmək məqsədi
daşımışdır. Fərmanda, həmçinin,
Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil
dövlətçilik atributu kimi rolu və funksiyası
göstərilmiş, on il ərzində tətbiqi
vəziyyəti hərtərəfli nəzərdən
keçirilmişdir. Dilimizin qədim tarixinə obyektiv
elmi-tarixi qiymət verən, habelə türk köklü bir
dil olmasını təsdiqləyən, onun əsas təkamül
mərhələlərini, inkişaf yollarını dahiyanə
bir müdrikliklə, elmi-nəzəri əsaslarla izləyərək
son söz deyən, rəsmi dövlət münasibəti
bildirən bu fundamental tarixi sənəd Heydər Əliyevin
ana dilimizin inkişafına göstərdiyi qayğının
əyani təcəssümü kimi tarixiləşmişdir.
2001-ci il
avqustun 9-da ulu öndər "Azərbaycan əlifbası və
Azərbaycan dili gününün təsis edilməsi
haqqında" fərman imzalamış, beləliklə,
latın qrafikalı Azərbaycan əlifbasına keçid
reallaşmış, respublikada bütün yazılı sənədləşmələrin
heç bir istisnaya yol verilmədən bu qrafika ilə
aparılması təmin edilmişdir. Ulu öndər
Heydər Əliyevin 2003-cü ilin 2 yanvar tarixli fərmanı
ilə "Azərbaycan Respublikasında dövlət dili
haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə
minmişdir. Bu qanunda təhsil sahəsində
başqa dillər üçün də geniş imkanlar
açılmışdır. Lakin bu o demək
deyil ki, sözügedən qanun digər dillərin tətbiqinə
məhdudiyyət qoymamaqla Azərbaycan dilinin imkanlarını
azaldır. Əksinə, qanuna görə,
başqa dillərdə tədris aparan təhsil müəssisələrinin
hər birində Azərbaycan dilinin tədrisi məcburi
xarakter daşıyır. Qanunda, həmçinin,
kütləvi informasiya vasitələrinin yazı üslubunda,
televiziya və radio aparıcılarının nitqində,
dublyaj və tərcümələrdə ana dilimizin
normalarına əməl olunmasına dair bir sıra məcburi
tələblər var və bu da Azərbaycan dilinin
qorunmasına dövlət səviyyəsində ciddi önəm
verildiyinin bariz göstəricisidir.
Hər bir dil cəmiyyətin, dövlətin inkişaf
xüsusiyyətlərinə adekvat olaraq təkmilləşir,
zənginləşir, ictimai həyat reallıqlarını
daha dolğun ifadə etmək imkanı qazanır. Bu
reallıqdan çıxış edən möhtərəm
Prezident İlham Əliyev son 10 ildə ulu öndərin əsasını
qoyduğu dil siyasətini yeni dövrün tələblərinə
uyğun şəkildə davam etdirir. Dövlət
başçısının "Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamı öz ictimai-tarixi əhəmiyyətinə
görə kifayət qədər vacib sənəd
olmuşdur. Sərəncama əsasən, 2004-cü ildən
etibarən Azərbaycanda hər il bədii
və elmi əsərlərin latın qrafikalı Azərbaycan
əlifbası ilə çapı üçün dövlət
büdcəsindən maliyyə vəsaiti ayrılır. Şübhəsiz, elm və mədəniyyətin, ədəbiyyatın
ən dəyərli nümunələrinin yeni əlifbada nəşri
cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizə
həssas münasibətinin ifadəsidir.
İnkişaf etmiş zəngin dil mədəniyyətinə
sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə
malikdir. Azərbaycan dili bu gün dərin fikirləri ən
incə çalarlarınadək, olduqca aydın şəkildə
ifadə etmək qüdrətinə malik dillərdəndir.
Azərbaycan dilinin özünəməxsus inkişaf
qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin
söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası,
yüksək səviyyəli yazı normaları var.
Düşüncələrdəki dərinliyi, hisslərdəki
incəlikləri bütünluklə ifadə etmək
kamilliyinə yetişə bilməsi üçün hər
hansı xalqa bir neçə minillik tarix yaşaması
lazım gəlir. Azərbaycan dilinin
bugünkü inkişaf səviyyəsi isə göstərir
ki, Azərbaycan xalqı dünyanın ən qədim
xalqlarındandır. Azərbaycan dilinin
dünya dilləri arasında ən kamil dillərdən biri
olduğu həqiqətini bir çox xalqların görkəmli
nümayəndələri də dönə-dönə etiraf
etmişlər. Onlar öz əsərlərində
bu dili XIX əsrdə Avropada geniş yayılmış
fransız dili ilə müqayisə edərək onu
Avrasiyanın hər tərəfində işlənilən bir
dil kimi yüksək qiymətləndirmişlər. Milyonlarla azərbaycanlının hazırda mədəni
inkişaf vasitəsi olan bu dil tarixən nəinki Qafqazda
yayılmışdır, hətta müəyyən dövrlərdə
daha geniş məkanda müxtəlif xalqların istifadə elədikləri
ümumi bir dil olmuşdur. Bu mənada
dünyanın ən şirin, mükəmməl, zəngin və
poetik dillərindən olan Azərbaycan dilinin
saflığını, büllurluğunu göz bəbəyi
kimi qorumaq, milli sərvətimizin keşiyində
ayıq-sayıq dayanmaq hər bir vətəndaşın
müqəddəs borcudur. Unutmamalıyıq
ki, milli varlığımızın, birliyimizin, mədəniyyətimizin
ən davamlı daşıyıcısı ana dilimizdir.
Bütün bunlarla yanaşı, son 20 illik inkişaf
yolunun təcrübəsi göstərir ki, digər sahələrdə
olduğu kimi, ana dilimizin öyrənilməsi və tətbiqi
sahəsində də hələ görüləsi işlər
çoxdur.
Ölkəmizin orta, orta ixtisas və ali məktəblərində
Azərbaycan dilinin müasir dünya standartlarına, milli-mədəni
inkişaf tariximizin tələblərinə cavab verən tədrisi
işinin təkmilləşdirilməsinə ehtiyac vardır. Bir çox kütləvi informasiya vasitələrində,
rəsmi yazışmalarda, kargüzarlıq və sair sahələrdə
Azərbaycan ədəbi dilinin normalarına lazımınca əməl
edilməməsi də aktual problemlərdən biri kimi
özünü göstərir. Azərbaycan
dilinin reklam işində istifadəsində ciddi qüsurlara,
nöqsanlara rast gəlinir. Kəskin tənqidlərə
baxmayaraq, reklam vasitələrinin hazırlanmasında bir
çox hallarda xarici dillərə əsassız olaraq
üstünlük verilir. Şəhər
və qəsəbələrimizin görkəminə xələl
gətirən xarici dilli lövhələr gənc nəslin azərbaycançılıq
ruhunda tərbiyəsinə mənfi təsir göstərir.
Kino və televiziya ekranlarında dublyaj
edilmiş ekran əsərlərinin tərcümə səviyyəsi
olduqca aşağıdır. Eyni zamanda,
xaricdə yaşayan soydaşlarımızın Azərbaycan
dili dərslikləri, tədris vəsaiti, ana dilində elmi və
bədii ədəbiyyat, mətbuat və sair ilə təmin
olunması qənaətbəxş deyildir.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri
akademik Ramiz Mehdiyev "İctimai və humanitar elmlər: zaman
kontekstində baxış" əsərində haqlı
olaraq yazır: "Azərbaycan dilinin cəmiyyətimizdəki
mövqeyi çox güclüdür. Həyata keçirilən
irimiqyaslı layihə ədəbi irsimizi kütləvi surətdə
latın qrafikası ilə çap etməyə
imkan verdi. Bu, mədəni həyatımızda
çox böyük hadisədir. Digər
tərəfdən, dövlətin dilə və ədəbiyyata
olan qayğısının təzahürüdür. Lakin hər bir dilin inkişafı onun kütləvi
informasiya vasitələrində, müasir ədəbiyyatda,
terminoloji problemlərin həllindəki mövqeyi ilə
bağlıdır. Bu baxımdan etiraf etmək
lazımdır ki, bu gün canlı danışıq dilimizdə
müşahidə olunan bəsitlik, müasir ədəbi əsərlərin
qıtlığı, kütləvi informasiya vasitələrinin
dilindəki üslub pozuntuları və qəlizlik bizim
dilçilərin və ədəbiyyatşünasların
araşdırmalarında lazımi yer tutmur. Heç kəsə elə gəlməsin ki, dilin
dövlət dili elan edilməsi ilə dillə əlaqəli
olan bütün problemlər aradan qaldırılır. Daim dilin keşiyində dayanmalı olan insanlar, təəssüf
ki, müasir dövr üçün zəruri sanballı tədqiqatları
həyata keçirmirlər".
Möhtərəm
Prezident İlham Əliyevin 2012-ci il 23 may tarixdə
imzaladığı "Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı" haqqında sərəncamı bu
və digər problemlərin həlli yolunda son dərəcə
əhəmiyyətli addım kimi dəyərləndirilməlidir.
Sərəncamda Azərbaycan dilinin tarixi təkamül
və inkişaf mərhələlərinə elmi-tarixi
rakursdan nəzər salınmış, qloballaşma şəraitində
bu sahədə mövcud olan problemlər, görülməli
tədbirlər dolğun əksini tapmışdır. Sənəddə
vurğulanır ki, Azərbaycan dili xalqımızın mənəvi
sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin
sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin
başlıca rəmzlərindən biridir: "Hər bir azərbaycanlı
tarixin ayrı-ayrı dövrlərində dilimizin dövlət
dili kimi fəaliyyət göstərməsindən
böyük qürur hissi keçirir. Ölkəmizin
zaman-zaman müxtəlif imperiyalar tərkibində
yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta
bu ağır vaxtlarda belə milli məfkurənin, milli
şüurun və milli-mədəni dəyərlərin
layiqincə yaşamasını və inkişafını təmin
etmişdir. Bu gün onun qorunması və
qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın
hər bir vətəndaşının müqəddəs
borcudur".
Sənəddə
Azərbaycan dilçiliyinin inkişafında Mirzə Kazım
bəy, Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev,
Sultan Məcid Qənizadə, Məhəmməd ağa
Şahtaxtlı, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli,
Əbdürrəhim bəy Haqverdiyev, Bəkir Çobanzadə,
Cavad Axundzadə, Xalid Səid Xocayev, Məmmədağa
Şirəliyev, Əbdüləzəl Dəmirçizadə,
Muxtar Hüseynzadə, Əliheydər Orucov, Səlim Cəfərov,
Əlövsət Abdullayev, Fərhad Zeynalov və digərlərinin
tarixi xidmətləri vurğulanmış,
xalqımızın böyük oğlu Heydər Əliyevin
respublikaya rəhbərliyi illərində Azərbaycan ədəbi
dilinə xüsusi diqqətin mövcudluğu qeyd
olunmuşdur.
Sərəncamda
bütün bunlarla yanaşı, mövcud problemlərə də
ətraflı nəzər salınmış, son dövrlər
müasir Azərbaycan ədəbi dilinin tükənməz
imkanlarından lazımınca və düzgün istifadə
edilməməsi təəssüflə diqqətə çəkilmişdir:
"Ədəbi dilimizin özünəməxsus inkişaf
qanunauyğunluqlarına xələl gətirə biləcək
yad ünsürlərin üzə çıxarılması və
qarşısının alınması istiqamətində
mütəxəssislər heç də həmişə
çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi
sahəsində bir sıra problemlər özünü
qabarıq şəkildə büruzə verir. Azərbaycan dilində internet resurslarının
qıtlığı, elektron və interaktiv dərsliklərin
yoxluğu, Azərbaycan dilini öyrənən əcnəbi
dilli insanlar üçün tədris vəsaitlərinin bir
çox hallarda müasir tələblərə cavab verməməsi
narahatlıq doğurur. Sovet dövründə
Azərbaycan dilçilərinin dünya elmində gedən
proseslərdən təcrid olunması ilə ölkəmizdə
dilçilik sahəsindəki nəzərəçarpan
boşluq hələ də aradan
qaldırılmamışdır.
Dilçilik elmimiz təkcə Azərbaycan dili ilə
bağlı deyil, həmçinin onun digər türk dilləri
ilə münasibətlərini öyrənmək istiqamətində
ciddi addımlar atmalı, müasir dillərin nəzəri cəhətdən
araşdırılmasına, eyni zamanda qədim dünya dilləri
və mədəniyyətlərinin tədqiqinə yönələn
yeni layihələr işləyib hazırlamalıdır".
Sərəncamda
ana dilinin istifadəsi və tədqiqinə dövlət
qayğısının artırılması, ölkəmizdə
dilçilik elmi sahəsində vəziyyətin əsaslı
surətdə yaxşılaşdırılmasını təmin
etmək məqsədi ilə Azərbaycan Milli Elmlər
Akademiyasına, Təhsil, Rabitə və İnformasiya
Texnologiyaları, Mədəniyyət və Turizm nazirlikləri
və digər aidiyyəti qurumlarla birlikdə "Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət
Proqramı"nın layihəsini hazırlayıb 2012-ci il
oktyabr ayının
1-dək Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə təqdim etmək
tapşırılmışdır. Sərəncamla Azərbaycan dilində termin
yaradıcılığı sahəsində işlərin tənzimlənməsi
və koordinasiya edilməsi üçün Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası
da yaradılmışdır. Sənəd əsasında,
eyni zamanda, Azərbaycanda müxtəlif sahələrdə tərcümə
işinin mərkəzləşdirilmiş qaydada və məqsədyönlü
aparılması üçün Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Tərcümə
Mərkəzi yaradılmışdır.
"Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı"nın qısa müddətdə hazırlanaraq
Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı
ilə təsdiq olunması mənəviyyatımızın
güzgüsü olan ana dilimizin saflığının və
zənginliyinin qorunması yolunda mühüm tarixi hadisədir.
Sənədin preambula hissəsində haqlı olaraq göstərilir
ki, elm və texnikanın sürətlə inkişaf etdiyi
hazırkı qloballaşma dövründə Azərbaycan
dilinin zənginləşməsi və tətbiqi
imkanlarının genişləndirilməsi istiqamətində
aparılan işlər yeni səviyyəyə yüksəldilməlidir:
"...Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsi və
azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli
inkişafı baxımından gənc nəslin ana dilinə
sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi
dilin normalarına ciddi surətdə əməl edilməsi, o
cümlədən dilçilik elminin müxtəlif sahələri
üzrə yüksəkixtisaslı kadrların
hazırlanması dövrün tələbi olaraq
qalır".
Dövlət
proqramı 2013-2020-ci illər ərzində bu istiqamətdə
bir sıra zəruri tədbirlərin həyata keçirilməsini
nəzərdə tutur. Proqramın məqsədi
Azərbaycan dilinin istifadəsinə və tədqiqinə
dövlət qayğısının artırılması, Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsi, ölkədə dilçilik
araşdırmalarının əsaslı surətdə
yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı
istiqamətlərində fundamental və tətbiqi tədqiqatların
inkişafına yönəldilmiş yaradıcılıq səylərinin
birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin
aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə
tutur.
Bu
fundamental sənəd özündə Azərbaycan dilinin
qloballaşma şəraitində zamanın tələblərinə
uyğun inkişafı, qorunması, elektron məkanda daha
geniş istifadəsi və ölkədə dilçiliyin
inkişaf etdirilməsi mexanizminin yaradılması;
dilçilik sahəsində yüksəkixtisaslı
kadrların hazırlanmasının təkmilləşdirilməsi;
dünya dilçilik elminin müasir inkişaf meyillərini nəzərə
almaqla, elmi tədqiqatların prioritet istiqamətlərinin
müəyyənləşdirilməsi; dilçilik sahəsində
dünyanın aparıcı elmi mərkəzləri ilə əməkdaşlığın
inkişaf etdirilməsi; dilin inkişafı və tədrisi məsələlərinin
uzlaşdırılması və təkmilləşdirilməsi;
dilçi alimlərin müasir informasiya və kommunikasiya
texnologiyalarının yaradılmasında
iştirakının təmin edilməsi; dil (ədəbi dil)
və mədəniyyət tarixinin daha əsaslı tədqiqini
təmin etmək üçün qədim dillərin tarixinin
öyrənilməsi; dilin inkişafını və ədəbi
dil normalarının qorunmasını təmin edən
qanunvericilik bazasının təkmilləşdirilməsi; dil
və nitq mədəniyyətinin yüksəldilməsi; Azərbaycan
dilinin lüğət tərkibinin və qrammatik
normalarının sistemləşdirilməsi; Azərbaycanda dil
situasiyalarının və dil əlaqələrinin öyrənilməsi
kimi mühüm vəzifələri özündə ehtiva
edir.
Sənəddən gözlənilən ən
mühüm nəticə qloballaşma şəraitində Azərbaycan
dilinin zamanın tələblərinə uyğun istifadəsi
və ölkədə dilçiliyin inkişafının
dövlət səviyyəsində təmin olunmasıdır. Bundan başqa, sənəd əsasında
dünya dilçilik elminin müasir inkişaf meyilləri nəzərə
alınmaqla Azərbaycan Milli Elmlər Akademiyasında və
respublikanın digər elmi müəssisələrində,
ali məktəblərində aparılan fundamental və tətbiqi
tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi;
bu sahədə fəaliyyət göstərən elmi müəssisə
və qurumların maddi-texniki bazasının möhkəmləndirilməsi;
Azərbaycan dilinin və dilçilik elminin inkişafı ilə
bağlı qısamüddətli və uzunmüddətli
kompleks elmi proqramların işlənib həyata keçirilməsi;
Azərbaycan dilçiliyinin prioritet istiqamətlərinin
müəyyənləşdirilməsi; qədim dillərin
öyrənilməsi sahəsində dönüş
yaradılması və müasir dünya dilçiliyinin nəzəri
səviyyəsinə uyğun elmi tədqiqatlar
aparılması işinin gücləndirilməsi;
dilçilik sahəsində ixtisaslı kadrların
hazırlıq səviyyəsinin yüksəldilməsi;
dünyanın aparıcı mərkəzləri ilə beynəlxalq
elmi əməkdaşlığın inkişaf etdirilməsi,
dilçiliyin aktuallıq kəsb edən müxtəlif
problemlərinə dair birgə tədbirlərin həyata
keçirilməsi; Azərbaycan dilinin dövlət dili kimi
inkişafı, tədrisi, lüğət ehtiyatının zənginləşdirilməsi,
qrammatik quruluşunun qorunması, söz
yaradıcılığı prosesinə nəzarətin
gücləndirilməsi və nitq mədəniyyəti sahəsində
kompleks tədbirlərin həyata keçirilməsi; dilin
inkişafını və ədəbi dil normalarının
qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi;
mətbuat orqanlarında, televiziya və radio kanallarında,
internet resurslarında və sosial şəbəkələrdə
ədəbi dil normalarının pozulması hallarının
qarşısını almaq üçün mexanizmlərin
müəyyənləşdirilməsi; elmi, bədii və
publisistik əsərlərin orijinaldan tərcüməsi, eləcə
də filmlərin dublyajı sahəsində qüsurların
aradan qaldırılması üçün tədbirlərin
müəyyənləşdirilməsi; reklam, afişa və
elanlarda ədəbi dil normalarının pozulması
hallarının qarşısını almaq üçün
yollar müəyyən edilməsi; Azərbaycan dilini öyrənən
xarici vətəndaşlar və xarici dil öyrənmək
istəyən azərbaycanlılar üçün tədris vəsaitlərinin
daha intensiv hazırlanmasının təmin olunması; Azərbaycan
dilinin düzgün işlənilməsində çevikliyin təmin
olunması üçün müvafiq internet
resurslarının yaradılması; Azərbaycan dilində
internet resurslarının, elektron və interaktiv dərsliklərin
yaradılması sahəsində işlərin görülməsi
nəzərdə tutulur.
Dilin milli
varlığın mühafizəsindəki roluna dair dünya
xalqlarının mütəfəkkirləri çoxsaylı əsərlər
yazmış, zəngin elmi-nəzəri irs
qoyub getmişlər. Dil hər bir milli mədəniyyətin
canı, cövhəri, mədəniyyətin ən
mühüm və davamlı
daşıyıcısıdır. Fəqət,
dilin özünü hifz etmədən, onun inkişafı, zənginləşməsi
üçün zəruri tədbirlər həyata keçirmədən
xalqın milli özünəməxsusluğunu, milli ruhu
qorumaq mümkün deyildir.
Dövlət
başçısı İlham Əliyevin ana dilinə
qayğı siyasətini keyfiyyətcə yeni mərhələdə
uğurla davam etdirməsi onun milli təəssübkeşliyindən,
vətənpərvərliyindən irəli gələrək
bütövlükdə qloballaşma şəraitində
xalqın milli-mənəvi dəyərlərini qorumağa
xidmət edir.
Nurlana ƏLİYEVA,
Azərbaycan Dövlət Pedaqoji
Kollecinin direktoru,
filologiya elmləri doktoru, professor
Azərbaycan.-2013.- 21 may.- S.2.