Amnistiya aktı icra olunur

 

"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 7 may 2013-cü il tarixli qərarının icrası davam etdirilir. Qərarın gecikdirilmədən və düzgün icrasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının ədliyyə nazirinin əmri imzalanmışdır. Bunun üçün xüsusi komissiya yaradılmış və qərarın icrası ilə bağlı konkret tapşırıqlar verilmişdir. Hazırda buna uyğun olaraq məhkumlar azadlığa buraxılırlar.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın humanist təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə və onun əbədiyaşar xatirəsinə ehtiram əlaməti olaraq ölkə parlamenti tərəfindən növbəti dəfə qəbul edilən amnistiya qərarı ölkə ictimaiyyəti tərəfindən də sevinclə qarşılanıb. Amnistiya aktının icrasının tərkib hissəsi kimi 18 may 2013-cü il tarixdə kütləvi informasiya vasitələrinin də iştirakı ilə Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində amnistiya qərarının təsiri dairəsinə düşən 7 nəfər məhkum azadlığa buraxılıb.

14 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Nazim Kəngərli azadlığa buraxılan məhkumları təbrik edərək bildirib ki, bu qərarla bağlı artıq ikinci dəfədir ki, məhkumlar azadlığa çıxırlar. Birinci dəfə beş məhkum azad olunmuşdu. Bu gün isə 9 nəfər məhkuma amnistiya qərarı şamil edilib. Onlardan ikisinin cəza müddəti altı ay azaldılıb, digər 7 nəfər isə bu gün azadlığa buraxılır. O, məhkumlara xitabən qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu humanist akt bu gün cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir: "Belə bir qərarın verilməsini məhkumlar və bütövlükdə cəmiyyətimiz alqışlayır. Ümid edirik ki, siz dövlətimizin tətbiq etdiyi bu humanist aktdan doğru nəticə çıxaracaqsınız və gələcəkdə bir daha cinayət törətməyəcəksiniz. Çünki bu amnistiya sizin üzərinizə böyük məsuliyyət qoyur. Siz nə qədər özünüzü doğrultsanız, təkrar cinayət etməsəniz, hesab edin ki, digər məhkum yoldaşlarınız üçün daha böyük imkanlar yaradacaqsınız. Həm də sizin cəmiyyətə adaptasiyanız baxımından bu amnistiya təşəbbüsü  çox humanist bir addımdır. Siz çəkdiyiniz cəzanı vaxtından əvvəl başa vuraraq öz ailənizin, doğmalarınızın yanına qayıdırsınız. Unutmayın ki, heç bir halda sizin burada olmağınız arzuolunan deyil. Ümid edirik ki, yolunuz bundan sonra uğurlu olacaq. Sizin hər birinizi təbrik edir, gələcək həyatınızda nailiyyətlər arzulayırıq".

Azadlığa buraxılan məhkumlardan Emin Mehdiyev, Arif Bağırov, Cavanşir Ağayev, Adil Hacıyev, Samir Həsənov və Zahir Nəzərov ölkə başçısı cənab İlham Əliyevə və belə bir təşəbbüslə çıxış etdiyi üçün ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Bir daha cinayət etməyəcəklərinə və azad həyatda layiqli vətəndaş olacaqlarına söz veriblər.

18 may 2013-cü il tarixədək Penitensiar Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələri üzrə amnistiya qərarının təsiri dairəsinə düşən 158 nəfər məhkum azadlığa buraxılmışdır.

 

 

Elgün MƏNSİMOV

 

Azərbaycan.-2013.- 21 may.- S.5.