Münxenin məşhur «Rezidens»
mədəniyyət sarayında Heydər Əliyev Fondunun təşkil etdiyi Azərbaycan
mədəniyyət gecəsi keçirilmişdir
Heydər
Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı,
Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə
Bavariya federal torpağının paytaxtı Münxenin məşhur
"Rezidens" mədəniyyət sarayında Azərbaycan mədəniyyət
gecəsi keçirilmişdir.
Bavariya
federal torpağının dövlət naziri xanım Emilia
Müller, Almaniya Bundestaqı, Bavariya Landtaqı və Avropa
Parlamentinin deputatları, Almaniyanın bir çox siyasi, ictimai
və mədəniyyət xadimlərinin
qatıldığı tədbirdə Azərbaycan Dövlət
kamera orkestrinin ifa etdiyi milli və beynəlxalq klassik musiqi
nümunələri dinlənilmiş, "Azərbaycan"
adlı fotosərgiyə baxış olmuşdur.
Mədəniyyət
gecəsinin iştirakçılarını salamlayan Azərbaycanın
Almaniyadakı səfiri Pərviz Şahbazov ölkələrimiz
arasında münasibətlərin siyasi, iqtisadi, elm və mədəniyyət
sahələrində inkişafından
danışmışdır. Səfir Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
mədəniyyət gecəsinin iştirakçılarına
təbrik məktubunu oxumuşdur.
Daha
sonra dövlət naziri Emilia Müller çıxış
etmişdir. Xanım Müller musiqinin və mədəniyyətin
xalqlar arasında mühüm dialoq vasitəsi olduğunu və
Münxendə Azərbaycan mədəniyyətinin təqdim
edilməsindən məmnunluğunu bildirmişdir. Nazir qeyd
etmişdir ki, üç il əvvəl Azərbaycanda rəsmi
səfərdə olarkən onda Azərbaycanın mədəni
müxtəlifliyinə böyük maraq, Azərbaycan musiqisinə
və incəsənətinə rəğbət
oyanmışdır. Musiqi Azərbaycan cəmiyyətində
mühüm əhəmiyyətə malikdir.
Bütövlükdə ölkə füsunkar təbiəti,
qədim şəhərləri və gözəl insanları
ilə öz qonaqlarını heyran edir.
Daha
sonra Emilia Müller Azərbaycan ilə Almaniya və xüsusilə
də Bavariya federal torpağı arasında mövcud olan və inkişaf edən əlaqələrdən
danışmışdır. Nazir demişdir ki, bu əlaqələr
enerji təminatından tutmuş maşınqayırma, kənd
təsərrüfatı, tikinti sənayesinə qədər
müxtəlif iqtisadi sahələrlə yanaşı, tələbə
mübadiləsi, elm, mədəniyyət və incəsənət
sahələrində əməkdaşlığı da əhatə
edir. Xanım Müller Azərbaycanı Bavariyanın
mühüm tərəfdaşı adlandırmış, Azərbaycan
mədəniyyətinin Almaniyada uğurla təbliğ
olunmasına görə Heydər Əliyev fondunun prezidenti
Mehriban Əliyevaya minnətdar olduğunu və bu işdə
fondun və Azərbaycanın Almaniyadakı səfirliyinin fəaliyyətini
yüksək qiymətləndirdiyini
vurğulamışdır.
Çıxışlardan
sonra tədbirin moderatoru Almaniyanın məşhur
teleaparıcısı Co Fexner iştirakçıları Azərbaycan
ilə Almaniyanı bağlayan tarixi və müasir əlaqələr,
xüsusilə də iki xalq arasında tarixən mövcud olan
mədəni bağlar haqqında məlumatlandırmışdır.
Aparıcı həmçinin müsəlman Şərqində
ilk operanın, qadınlara seçki hüququ verən ilk
demokratik dövlətin Azərbaycanda
yaradıldığını diqqətə
çatdırmışdır.
Heydər
Əliyev Fondunun və onun prezidenti xanım Mehriban Əliyevanın
həm ölkə daxilində, həm də bütün
dünyada mədəni irsin qorunması və inkişaf
etdirilməsi, xalqlar arasında humanitar dialoqun dərinləşməsi
sahəsində gördüyü işlərdən
danışılmışdır. Qeyd edilmişdir ki, fond
"Mədəniyyət sərhəd tanımır"
prinsipi ilə fəaliyyət göstərərək Azərbaycanda
məscidləri, mədəniyyət obyektlərini bərpa
etdirməklə yanaşı, Parisdə və Strasburqda kilsələrin,
Romada katakombaların restavrasiyasına töhfələr
vermişdir. Heydər Əliyev Fondu, eyni zamanda,
özünün layihələri ilə Azərbaycan-Almaniya mədəni
münasibətlərinin inkişafına da xidmət edir.
Berlin Qəsrinin bərpasına kömək edən və
Berlində "Bakıya uçuş. Müasir Azərbaycan
incəsənəti" adlı sərgi keçirən fond
bu gün Münxen şəhərinin "Rezidens"
sarayında təşkil etdiyi möhtəşəm mədəniyyət
gecəsi ilə bu təqdirəlayiq fəaliyyətini davam
etdirir.
Mədəniyyət
gecəsi Azərbaycan Dövlət kamera orkestrinin canlı
ifası ilə davam etdirilmişdir. Dirijor Fuad İbrahimovun
idarə etdiyi orkestrin Üzeyir Hacıbəyli, Niyazi, Qara
Qarayev, Fikrət Əmirov və digər tanınmış Azərbaycan
bəstəkarlarının, habelə xarici bəstəkarların
repertuarından və Azərbaycan xalq mahnılarından ibarət
çıxışını tamaşaçılar ayaq
üstündə alqışlarla qarşılamışlar.
Konsertdən sonra müsahibə verən qonaqlar həm səsləndirilən
musiqi, həm də ifaya valeh olduqlarını bildirmiş və
mədəniyyət gecəsindən məmnunluqlarını
ifadə etmişlər.
Mədəniyyət
gecəsinin iştirakçıları Heydər Əliyev
Fondu tərəfindən Azərbaycan mədəniyyətinin
müxtəlif sahələri haqqında alman dilində nəşr
edilmiş kitablar və Azərbaycan musiqisindən ibarət
kompakt disklər əldə etmiş və Azərbaycan
şirniyyatlarına qonaq olmuşlar.
Tədbirdən
sonra Heydər Əliyev Fondu və Azərbaycanın
Almaniyadakı səfirliyi tərəfindən Avropa
Parlamentinin, Almaniya və Bavariyanın dövlət və
hökumət nümayəndələri, eləcə də
bir sıra incəsənət xadimlərinin iştirakı ilə
ziyafət verilmişdir.
Vüqar SEYİDOV,
AzərTAc-ın xüsusi
müxbiri
Münxen
Azərbaycan.-2013.- 21 may.- S.5.