Ukrayna Azərbaycanlı Gənclər
Birliyinin III Ümumukrayna
forumu işə başlamışdır
Mayın 20-də Odessa şəhərində Azərbaycanın Ukraynadakı səfirliyinin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Ukraynada və Şərqi Avropa ölkələrində təhsil alan azərbaycanlı gənclərin III forumu öz işinə başlamışdır.
İki gün davam edəcək forumda Azərbaycan, Ukrayna və Avropanın 15 ölkəsindən 400 gənc iştirak edir.
Forumun rəsmi açılışı Odessa şəhərindəki "Bristol" mehmanxanasının Azərbaycan və Ukrayna bayraqları ilə bəzədilmiş konfrans zalında dost dövlətlərin himnlərinin sədaları altında başlamışdır.
Forumda çıxış edən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov rəhbərlik etdiyi qurumun üçillik fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Təməlini ulu öndər Heydər Əliyevin qoyduğu müasir müstəqil Azərbaycan dövlətinin Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilərək beynəlxalq arenada böyük nüfuz sahibinə, bölgədə lider dövlətə çevrilməsindən qürur duyduqlarını bildirən birliyin sədri ölkəmizin beynəlxalq imicinin yüksəldilməsində, xalqımızın qədim və zəngin mədəniyyətinin təbliğ olunmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin üzərinə düşən vəzifələrdən danışmışdır.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli öz çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bir çox sahələrlə yanaşı, gənclərin inkişafına göstərilən xüsusi diqqət və qayğıdan danışmışdır. Səfir yarandığı üç il müddətində böyük inkişaf yolu keçən Ukrayna Azərbaycanlı Gənclər Birliyinə belə bir möhtəşəm forumun təşkil olunmasına görə minnətdarlığını bildirmişdir.
Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) idarə heyətinin üzvü Emin Hacıyev Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın Ukrayna Azərbaycanlı Gənclər Birliyinin III forumunun iştirakçılarına təbrik məktubunu oxumuşdur. Təbrik məktubunda ifadə olunan xoş və səmimi sözlər forum iştirakçıları tərəfindən hərarətli alqışlarla qarşılanmışdır.
Forumda Odessa şəhər merinin müavini Mariya Stotskaya, Ukrayna gənclər və idman nazirinin birinci müavini Sergey Qluşenko, Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev və digər rəsmi şəxslər çıxış edərək iqtisadi inkişaf tempinə görə Cənubi Qafqazda lider ölkə olan müstəqil Azərbaycan dövlətinin öz maddi-mənəvi sərvətlərinin sahibinə çevrilməsindən danışmışlar. Bildirilmişdir ki, Avropanın 15 ölkəsindən 400-dən çox azərbaycanlı gəncin Odessa şəhərində bir araya gəlməsi Azərbaycanda insan kapitalının inkişafına göstərilən diqqət və qayğının məntiqi nəticəsidir.
"Reallaşan ideyalar" devizi altında keçirilən forumda Azərbaycan Milli Məclisinin deputatları, Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun üzvü Rüfət Quliyev, Qənirə Paşayeva, Ceyhun Osmanlı, Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin rəhbəri, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin əlaqələndirmə şurasının sədri Elçin Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyli, ASAİF-in idarə heyətinin üzvü İlham Nağıyev və Dnepropetrovsk Azərbaycanlıları Konqresinin sədri Qüdrət Hacıyev çıxış edərək Azərbaycanın milli-mənəvi dəyərlərinin, zəngin mədəniyyətinin və Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xarici ölkələrdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin üzərinə düşən tarixi missiyadan söz açmış, gələcəyimiz olan gənclərə yeni-yeni uğurlar arzulamışlar.
Öz
işini mayın 21-də davam etdirəcək forumda Azərbaycanda
keçiriləcək növbəti prezident seçkilərində
dövlət başçısı İlham Əliyevin namizədliyinin
dəstəklənməsi barədə bəyanat qəbul ediləcəkdir.
Zeynal AĞAZADƏ,
AzərTAc-ın xüsüsi
müxbiri
Odessa
Azərbaycan.-2013.- 21 may.- S.5.