«Hakimiyyətimizin yüksək vəzifəli
məmurları iqtisadi cinayətkarlıqda
və dövlət əmlakının talan
edilməsində birbaşa iştirak edir»
AXC-Müsavat iqtidarının dövlət katibi Əli Kərimov 1993-cü ildə bütün sahələr üzrə "bespredel"in, rüşvətin,
mənimsəmələrin tüğyan etdiyini söyləyirdi
Oxucularımıza
təqdim etdiyimiz bu material tam 20 il öncə - AXC-Müsavat
hakimiyyətinin 1993-cü ilin may ayının 25-də
Prezidentin İcra Aparatında keçirdiyi hüquq-mühafizə
orqanları işçilərinin müşavirəsinin
stenoqramlarını əks etdirir. Müşavirədə səslənən
fikirləri, qarşılıqlı ittihamları təhlil
etdikcə bir məqam tam dolğunluğu ilə
özünü büruzə verir: iflas ərəfəsində
olan iqtidar siyasi süqutunu şərtləndirən səbəbləri
müzakirə edərkən xalq və dövlət
qarşısında xəyanətlərini, səriştəsizliyini
bütünlüklə etiraf edir. Bir il müddətində
ölkəyə bütün sahələr üzrə misli
görünməyən xaos bəxş edən, Azərbaycanın
cənubunda və şimalında separatçı ocaqlar
yaradan, xalqda sabaha inam hissini tamam öldürən, indi isə
"demokrat", "vətənpərvər", "Azərbaycansevər"...
amplualarında çıxış etməyə cəhd
göstərən bu siyasətbazları stenoqram materialları
ilə bir daha yaxından tanımaq olar.
Onları və onların xəyanətlərini unutmamalıyıq! Ölkənin dövlət katibinin "respublikada mafioz qüvvələr güclənir və onlar ölkəni, demək olar ki, idarə edir", baş prokurorun "iflic vəziyyətində olan dövlət aparatının özü rüşvətxorluqla məşğuldur və rüşvətxorluğa qarşı mübarizə də məhz dövlət aparatından başlamalıdır", ədliyyə nazirinin "hakimiyyətimiz dövründə rüşvətxorluq kommunist dövründəkindən də çoxalıb", Gömrük Komitəsi sədrinin "xalqın qabağında dayanan oğlanlar bu gün pulun qabağında dayana bilmir", Ali Məhkəmə sədrinin "Nazirlər Kabineti bu gün milyarderlərdən ibarətdir" etiraflarında AXC-Müsavat hakimiyyətinin əsl mahiyyəti, acgözlüyü və xalqa xəyanəti öz dilləri ilə açılır. Həmin iqtidarın sahibi sayılan prezident isə "xalq deyir, kaş canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən. Bu xalq əgər imperiyadan canını qurtardısa, gələcəkdə onun əlindən burada əyləşən adamların canı qurtarmayacaq. Deyin görüm, respublikanı niyə dağıdırsınız? Camaat yollarda oturub ata-anamızın qəbrini söyür... Bizdə demokratiya anarxiya halını alıb. İndiki şəraitdə Azərbaycan dövlətini, Azərbaycan hüququnu qorumaq olmaz" etirafından sonra özünəməxsus qəribə bir bəyanat verir: "Əgər hakimiyyətdə zorla qalmışıqsa, bizi heç kim yıxa bilməz". Heç bir ay da keçməmiş bu sözün müəllifi məşhur Kələki mühacirətinə, komandası isə aqressiv müxalifətçiliyə yollandı.
Onların nəyə "qadir" olduqlarını, dövləti necə məhv etdiklərini elə onların öz dilləri ilə xatırlayaq!..
Müşavirəni prezident Əbülfəz Elçibəy açaraq bəyan edir ki, "biz bir ildən çoxdur hakimiyyətdəyik. Amma Azərbaycanda hökumətin tərkibi yeni dəyişilibdir. Bu iş hələ tam başa çatmayıbdır. Təəssüf ki, dövlət quruculuğunu nəzərdə tutduğumuz kimi yerinə yetirə bilmirik" (seçmələr bizimdir - İ.H.). Prezident dövlətin inzibati-siyasi orqanlarının quruculuğunun ləng getməsi və bu sahədə böyük çatışmazlıqların olmasını ən böyük problemlərdən biri kimi xarakterizə edir və bildirirdi ki, "bunların üstündə təbii olaraq bizi tənqid edirlər. Düz tənqid edirlər. Kadr siyasətimizdə çoxlu nöqsanlar baş verir və bizim hüquq-mühafizə orqanlarımız bu məsələdə səriştə və bacarıq nümayiş etdirmir".
Daha sonra söz alan dövlət katibi Əli Kərimov prezidentin toxunduğu problemlərə faktların dili ilə nəzər salır və ondan başlayır ki, "hüquq-mühafizə orqanlarının fəaliyyəti lazımi səviyyədə əlaqələndirilmir. Bəzi orqanların nəinki bir-birinə kömək etməməsi, əksinə, ayrı-ayrı orqanları təmsil edən vəzifəli şəxslər arasında yaranan qarşıdurmalar, bütövlükdə, ölkəmizdə qanunçuluğun səviyyəsinə xələl gətirir və bizim hamımızın qarşımızda duran işin müvəffəqiyyətlə yerinə yetirilməsinə imkan vermir".
Dövlət katibi problemlər silsiləsini ilk olaraq Müdafiə Nazirliyindən və ordu quruculuğundan başlayır: "Bu sahədə bizim fəaliyyətimiz çox zəif olub. Milli Orduda nəzarətsizliklər nəticəsində heç bir intizamın olmaması, silahın, şəxsi heyətin, texnikanın uçotunun olmaması ona şərait yaratmışdır ki, Azərbaycan Respublikasının Milli Ordusunda külli miqdarda dövlət əmlakının mənimsənilməsinə şərait yaradılmış, külli miqdarda cinayətlər törədilmiş və bir sıra hərbi cinayətlər artıq cəzasızlıqdan adi hala çevrilmiş, ümumiyyətlə, cinayət kateqoriyası sırasından çıxmışdır. Məsələn, fərarilik o qədər geniş yayılmışdır ki, bu tipli cinayətlərə görə cəza verilməsi artıq mümkün olmur. Bütövlükdə, Müdafiə Nazirliyi sistemində, ümumiyyətlə, nəyin harada olduğu haqqında, şəxsi heyət haqqında heç bir dəqiq məlumat olmamış, hər cür cinayət əməllərinə imkan yaranmışdır".
Əli Kərimov müşavirənin iştirakçısı olan hüquq-mühafizə orqanları əməkdaşlarının nəzərinə hərbi sahədə baş verən cinayətkarlığa qarşı mübarizənin qənaətbəxş olmadığını da çatdırır. Əlavə edir ki, Xocalı, Şuşa, Laçın, Ağdərə və digər hadisələr üzrə qaldırılmış və artıq neçə müddətdir ki, aparılan cinayət işlərinin taleyi naməlum qalıb. "Bir il ərzində xalq haqlı olaraq bu suallara bizdən cavab istədi və biz bir il ərzində o sualların cavabını verə bilmədik. Çox təəssüf ki, həmin istiqamətdə işlər bu gün də ləng gedir."
Ə.Kərimov hakimiyyətlərinin nəinki həll edə bilmədiyi, hələ genişləndirdiyi problemlər sırasında iqtisadi cinayətkarlığa da geniş yer ayırır. "Xalqın böyük narazılığına səbəb olan bir qüsurumuz da iqtisadi sahədə cinayətkarlığın baş alıb getməsidir. İqtisadi sahədə cinayətkarlıq elə bir vüsət alıb ki, dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yollarla xaricə satılması, həmin vəsaitin xaricdə saxlanması və bir sözlə, dövlət əmlakının talan edilməsi adicə hala çevrilib. Biz bunu etiraf etməliyik. On milyonlarla dollar - mən hələ ən azını deyirəm - hələ də xaricdə, ayrı-ayrı adamların hesabında saxlanılır və biz yaddan çıxarmamalıyıq ki, bu, dövlət əmlakıdır və dövlət əmlakının mühafizəsi bizə tapşırılıb. Ona görə də bilavasitə bu dövlət əmlakının dağılmasında məsul şəxslər kimi özümüzü mənən iştirakçı saymalıyıq".
Müşavirədə Əli Kərimov Azərbaycanda iqtidar mənsublarının iştirakı ilə həyata keçirilən qeyri-qanuni özəlləşdirmə prosesində rast gəlinən cinayətkarlıq hallarına da toxunur: "Respublikada hələ rəsmi özəlləşdirmə başlamamış, qeyri-qanuni yolla dövlət əmlakının özəlləşdirmə adı ilə mənimsənilməsi prosesi kütləvi şəkildə gedir. Zavodların, müəssisələrin, əsas istehsal fondlarının zavod və müəssisələr yanında yaradılmış dövlət kiçik müəssisələri vasitəsilə dövriyyədən çıxarılması və mənimsənilməsini xüsusilə qeyd etmək istəyirəm. Respublikada xidməti maşınların özəlləşdirilməsi kütləvi hal alıb, 3 mindən artıq xidməti maşın özəlləşdirilərək mənimsənilib. Məmurların qorxusuzluğu o səviyyəyə gəlib çatıb ki, rayonlarda mənzil fonduna daxil olmayan xidməti, qonaq evlərinin özəlləşdirilməsi adi hal alıb."
Ə.Kərimov iqtisadi cinayətkarlıqda dövlətin yüksək vəzifəli məmurlarının birbaşa iştirak etməsi barədə yüzlərlə fakta malik olduqlarını da deyir: "İqtisadiyyatın bütün sahələrində cinayətkarlıq iri miqyas alıb və hətta ayrı-ayrı cinayət faktları göstərir ki, hüquq-mühafizə orqanlarının da müəyyən vəzifəli şəxsləri daxil olmaqla artıq dövlət orqanlarının daxilində cinayətkar təbəqələr formalaşmaqdadır. Bir misal çəkim: dəmir yolunda bir cinayət işi qaldırılıb və məlum olub ki, 198 sisternə qədər şərab məmulatı qeyri-qanuni şəkildə respublikadan kənara çıxarılıb. Görün neçə orqan bununla əlaqəlidir: şərab zavodundan başlamış dəmir yoluna, gömrük, sərhəd, polis orqanlarına qədər və s. və i. a. Bütün şəbəkədən 198 sistern keçir və heç bir pillədə bu məsələ açılmır. Son vaxtlar xüsusilə sosial gərginlik yaradan və xalqın haqlı narazılığına səbəb olan məsələlərdən biri də vəzifə cinayətkarlığının artması və vəzifə cinayətkarlığının artmasına baxmayaraq, məhkum olunanların, belə əməllərin cinayət kimi rəsmiləşdirilməsinin olduqca azalmasıdır. Çox yaxşı bilirsiniz ki, bu tipli cinayətlər Azərbaycanda indi çox geniş yayılıb. Ancaq vəzifə cinayətkarlığına qarşı mübarizə bizim respublikada qənaətbəxş səviyyədə deyil".
Əli Kərimov AXC-Müsavat hakimiyyətinin ölkədə yaratdığı yüzlərlə problemdən ən başlıcaları sırasında qaçaqmalçılığa qarşı mübarizənin təşkil olunmamasını, ümumiyyətlə, bu prosesin bilavasitə dövlət adamlarının nəzarəti altında baş verdiyini diqqətə çəkir: "Bu gün Azərbaycanın maddi sərvətləri qaçaqmalçılıq yolu ilə talan olunur. Respublikanın on minlərlə iribuynuzlu mal-qarası, minlərlə texnikası və digər maddi sərvətləri sərhəddən qaçaqmalçılıq yolu ilə keçirilir. Bu, respublikanın iqtisadiyyatına sarsıdıcı zərbə vurur."
Dövlət rəsmisi Azərbaycanda qanunsuz silahların çoxalmasını vacib problemlər sırasında qeyd edirdi: "Hərbi hissələrdə apardığımız yoxlamalar nəticəsində məlum olub ki, təkcə Müdafiə Nazirliyi xətti ilə bu hissələrdən qanunsuz yollarla minlərlə odlu silah çıxarılıb və onlar indi əllərdədir. Tək Müdafiə Nazirliyi sistemindən bizim vətəndaşların əlinə qanunsuz olaraq minlərlə silah keçibsə və ötən müddət qanunsuz silah əldə etmək üçün olduqca əlverişli olubsa, deməli, vətəndaşlarda qanunsuz silahların sayı külli miqdardadır. Qanunsuz saxlanan silahlar respublikada siyasi sabitliyin təminatsızlığına da təsir edən ciddi faktordur. Əhalidən toplanan qanunsuz silahlar ölkədə olan silahların heç onda biri də deyil."
Əli Kərimov hakimiyyət daxilində "bespredel"in artmasını da xüsusi qeyd edir və bildirir ki, dövlət məmurları hətta prezidentin fərmanlarını da ayaqları altına atırlar. "Respublikada bütövlükdə nəinki qanunçuluq, hətta icra intizamı xeyli dərəcədə aşağıdır. Prezident fərman və sərəncamlarının icrası qənaətbəxş səviyyədə deyil. Bəzən elə ab-hava yaradırıq ki, qanunsuzluq, özbaşınalıq, hakimiyyətsizlik demokratiya ilə eyniləşdirilir. Çox təəssüf ki, hətta fərmanlar icra olunduğu təqdirdə belə istənilən nəticəni vermir. Qarşıya qoyulan nəticəyə nail olunmur. Müzakirə edib həm fərmanların, həm bütövlükdə qanunların icrasına nəzarət mexanizmi yaratmalıyıq" - göründüyü kimi, dövlətçiliyin bu elementar prinsipini Əli Kərimov hakimiyyətlərinin yalnız birillik fəaliyyətindən sonra anlayır.
Birillik hakimiyyətləri dövründə AXC-Müsavat cütlüyünün yaratdığı problemlər isə bitmək bilmirdi. "Prezident Aparatına daxil olan ərizə və şikayətlərin təhlilindən göründüyü kimi, yerlərdə ərizə və şikayətlərə baxılması hələ də lazımi səviyyədə deyil. Yerlərdə məmurlar elementar ədaləti, hüquqları təmin etmirlər. Son vaxtlar cəmiyyətdə yaranmış haqlı narazılıqların böyük bir qismi məhz məhkəmə orqanlarının fəaliyyəti ilə bağlıdır. Son vaxtlar ayrı-ayrı vəzifəli şəxsləri, yaxud da öz statusuna görə vəzifəli şəxslər hesab olunmayan, lakin dövlət əmlakının talan edilməsində əli olan şəxsləri məhkəmələrin çox həvəslə işə bərpa etmək cəhdləri böyük gərginlik yaradır və ayrı-ayrı rayonlarda qeyri-sabitliyin əsas şərtinə çevrilir. Ali Məhkəmə tərəfindən nəzarət qaydasında baxılmış 61 vəzifəyə bərpa etmə işinin 59-u Ali Məhkəmə tərəfindən ləğv edilib. Təkcə bu fakt sübut etmirmi ki, birinci instansiya xalq məhkəmələrində bu işə necə yanaşılır. Xüsusi icraatlarda beş aylarla, altı aylarla işlərin yatıb qaldığı məhkəmələrin imkanlı adamları, dövlət əmlakının talan edilməsinin iştirakçısı olan adamları belə operativliklə işə bərpa etməsi camaatın arasında haqlı narazılığa və neqativ söz-söhbətə səbəb olur" - Əli Kərimov bu fikri ilə məhkəmə sistemini total rüşvətxorluqda birbaşa ittiham edirdi.
Dövlət katibi Azərbaycanda mövcud olan problemlərin yaradıcılarından biri kimi Ədliyyə Nazirliyinin "xüsusi rolunu" da müşavirə iştirakçılarının nəzərinə çatdırır. O bildirir ki, Ədliyyə Nazirliyinin məhkəmələrə nəzarət statusundan məhrum edilməsi bu sahədə böyük qanun pozuntularının yaranmasına səbəb olmuşdur. "Bu sahədə mövcud olan cinayətlərin iştirakçılarından biri də notarius və ZAQS-lardır. Bəzi məmurların cinayətkar fəaliyyəti nəticəsində minlərlə adamın mənzil hüququnu bərpa edə bilməmişik və bununla da minlərlə adamın mənzil hüququ məhdudlaşıb. Amma həmin minlərlə adamın hüquqlarını cinayətkar üsullarla pozan adamlar bu gün də vəzifələrində qalırlar".
Əli
Kərimov bu sahədə mövcud olan problemlərin aradan
qaldırılması üçün hüquq-mühafizə
orqanlarının koordinasiyalı fəaliyyətini əsas
sayırdı. "Bu sahədə vəziyyətimiz ürəkaçan
deyil, nə rayonlarda ərazi-müdafiə qərargahlarının
fəaliyyəti ilə hüquq-mühafizə
orqanlarının fəaliyyəti kifayət qədər
koordinasiya olunur, nə də ki, hələ biz
özümüz Prezident Aparatında bu işi lazımi səviyyədə
qura bilmişik. Fövqəladə vəziyyəti elan etməklə
ölkəmizdə sabitliyin bərqərar olunmasına, ordu
quruculuğunun başa çatdırılmasına, qanunsuz
silahlı dəstələrin, şəxslərin tərk-silah
olunmasına, bir sözlə, qanunçuluğun səviyyəsinin
yüksəlməsinə şərait yaratmalı idik. Ancaq...
Fövqəladə vəziyyətdə bizim görə bildiklərimiz
görməli olduqlarımızdan xeyli azdır. Və biz, əslində,
heç də bütün imkanlarımızdan istifadə edə
bilmədik".
AXC-Müsavat
hakimiyyətinin dövlət katibi postunu tutan Əli Kərimov
hesabat xarakterli nitqini "çıxışımda sizin nəzərinizə
respublikada qanunçuluqla bağlı görülməli olan
işlərin həyəcan doğurduğunu çatdırmaq
istəyirdim" sözləri ilə bitirdi.
Növbədə
isə respublikanın baş prokuroru İxtiyar Şirinovun
"Dövlət aparatımız iflic vəziyyətindədir,
ölkədəki rüşvətxorluq da məhz buradan
başlayır, ölkəni mafioz qüvvələr idarə
edir" kimi etirafları idi...
(Ardı
var)
İxtiyar HÜSEYNLİ
Azərbaycan.-2013.- 21 may.- S.6.