Təmsilçimiz uğur qazandı

 

İsveçin Malmö şəhərində keçirilən "Eurovision-2013" mahnı müsabiqəsi nəhayət ki, başa çatdı. Bu beynəlxalq mahnı yarışmasında Azərbaycanı təmsil edən Fərid Məmmədov yarışmanın qalibləri siyahısında ikinci pillədə dayandı. Maraqlıdır ki, bu müsabiqədə ən çox 12 bal toplamış ölkə məhz Azərbaycan oldu. Düz 10 ölkə - Avstriya, İsrail, Macarıstan, Bolqarıstan, Rusiya, Malta, Yunanıstan, Monteneqro, Gürcüstan və Litva təmsilçimizə ən yüksək xal verib.

Ötən əsrin ortalarından başlayaraq "Eurovision" mahnı müsabiqəsi nəinki dünya musiqisevərlərini, hətta müxtəlif təbəqədən olan insanları da bir araya gətirir. Bu təntənəli musiqi bayramının yaratdığı xoş ovqat dünya ölkələrində böyük əks-səda tapıb. Bu səbəbdən də müsabiqənin coğrafiyası genişlənib. 1956-cı ildən başlayaraq indiyədək hər il bu yarışma keçirilir. Azərbaycan altıncı dəfədir ki, "Eurovision" yarışmasında iştirak edir. Həmişə də ilk onluqda olub. "Eurovison-2011" mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin yarışmada qazandığı birincilik ölkəmizin ünvanına dünyanın hər yerindən təbriklər gətirdi. Doğrudan da, musiqinin dili yoxdur. O, möhtəşəm olanda ünsiyyəti daha da möhkəmlənir. Azərbaycanın gənc ifaçıları Eldar Qasımov və Nigar Camalın əldə etdikləri nailiyyət nəticəsində ötən il, yəni "Eurovision-2012" mahnı müsabiqəsi Azərbaycanda - "Bakı Kristal Zal"ının səhnəsində baş tutdu. Ekspertlərin rəyinə görə, "Eurovision"nun 58 illik tarixində Bakı büsatı daha maraqlı və yaddaqalan oldu. Bunu şərtləndirən səbəblərdən biri şəhər əhalisinin musiqisevər, qonaqpərvər olması ilə bağlıdırsa, ikinci mühüm şərt təmsilçilərimizin həmişə beynəlxalq yarışmalarda, yəni özgə səhnələrində çox parlaq çıxışları ilə ilk onluqda olmalarıdır. Həqiqətən də Bakıda keçirilən yarışma bütün dünyanı heyrətə gətirdi. Bu hadisənin üstündən bir il keçməsinə baxmayaraq, əcnəbilər -  şəhərimizdə bu büsatı gözləri ilə görən musiqisevərlər hələ də Bakıdakı yarışmanın möhtəşəm təşkilindən, hazırlığın yüksək səviyyədə olmasından, yerli sakinlərin humanistliyindən, qonaqpərvərliyindən danışmaqdan doymurlar. Bu yarışmada təmsilçimiz Səbinə Babayeva dördüncü yerdə qərar tutdu.

"Eurovision-2013" mahnı yarışmasında Azərbaycan təmsilçisi Fərid Məmmədovun möhtəşəm şousu milyonlarla avropalının ürəyini fəth etdi. Zahirən sadə görünsə də, əslində mürəkkəb quruluşda təqdim edilən bu şouda təmsilçimizi səhnədə iki rəqqas müşayiət edirdi. Rəqqaslardan biri kub şəklində şəffaf qurğunun içində çox çətin akrobatik elementlər nümayiş etdirdi. Azərbaycanın finalda çıxışı zamanı Malmö Arenanın səhnəsində düz üç dəqiqə ərzində sevginin, ehtirasın və istedadın harmoniyası hökm sürdü. Quruluşun ideyası məşhur rejissor Fokas Evangelinosa məxsusdur. Bir faktı da deyək ki, Fərid Məmmədov ilk kişi solo təmsilçimiz oldu. Final mərhələsində mahnı müsabiqəsinin qalib adını qazanmaq uğrunda 26 ölkənin təmsilçisi yarışırdı. Qalibi isə 39 ölkənin münsiflər heyəti və tamaşaçılar müəyyən etdi. Son nəticə isə ürəkaçan oldu.

Fərid Məmmədov xalq artisti Aybəniz Haşımovanın rəhbərlik etdiyi "Bülbüllər" qrupunun üzvü olub. Vaxtilə o, bu qrupun tərkibində dünyanın 50-dən artıq ölkəsində öz mahnıları ilə iştirak edib. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sonuncu kurs tələbəsi olan Fərid Məmmədov uşaq yaşlarından idmanla məşğuldur. O, Bakıda anadan olub. 21 yaşı var. Orta təhsilini Elitar Gimnaziyada alıb. Bir nömrəli musiqi məktəbində oxuyub. Altı yaşından "Bülbüllər" qrupunun solistidir. Anası Maya Məmmədova sovet dövründə yüngül atletika üzrə dünya çempionu olub.

Azərbaycan təmsilçisi yarışmaya qatıldığı ilk gündən favoritlərin siyahısında idi. Onun çıxışlarını, ifaçılıq qabiliyyətini rəqibləri də yüksək qiymətləndirirdilər. Hətta yarışma başa çatdıqdan sonra qaliblərin iştirakı ilə keçirilən mətbuat konfransında da birinci yerin sahibi danimarkalı xanım Emmeile De Forest etiraf etdi ki, onu valeh edən, heyrətə gətirən və çıxışlarına məhəbbətlə, vurğunluqla baxdığı təmsilçi məhz azərbaycanlı Fərid Məmmədov olub.

Finaldan bir qədər əvvəl mətbuat işçilərinin apardığı sorğulara verilən cavablarda əcnəbilər bu sözləri tez-tez işlədirdilər: "Kaş ki qalib Azərbaycan olaydı. Çünki biz ötən il Bakıda olmuşduq. Heç yerdə görmədiyimiz füsunkarlığın, möhtəşəmliyin bu ölkədə şahidi olduq". Bəzi əcnəbilər isə təəssüf edirdilər ki, onlar Bakı haqqında yalnız gözəl xəbərlər eşidiblər. Orada yarışmanın çox yüksək səviyyədə təşkili haqqında bir ildir ki, dünya mətbuatı susmadan yazır. Bu səbəbdən də çox arzulayırdılar ki, birinci yeri yenə də Azərbaycan təmsilçisi götürsün. Azərbaycan təmsilçiləri öz qeyri-adi çıxışları, ifaçılıq məharəti ilə dünya musiqisevərlərinin diqqətini çəkməklə həmişə ilk onluqda olublar. Bu yarışmalarda I, III, IV, V yerləri qazanmışdıq. İndi də Fərid Məmmədovun parlaq çıxışı sayəsində adımız bu beynəlxalq yarışmanın ikinci pilləsində qərar tutdu. Azərbaycandan sonra dayananların sırasına nəzər salsaq, yarışma başlanan ilk ildən bu günə kimi müsabiqədə iştirak edən elə ölkələr var ki, adları heç ilk onluğa da düşməyib. Biz isə "Eurovision" beynəlxalq mahnı yarışmasının 58 illik tarixində altıncı dəfədir ki, çıxış edirik. Adımız həmişə ucalardadır!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.-2013.- 21 may.- S.7.