Korrupsiya əleyhinə mübarizə gücləndirilir

 

Mayın 21-də Milli Məclisin Sədri Oqtay Əsədov Korrupsiya Əleyhinə Parlamentarilərin Qlobal Təşkilatının (GOPAC) sədri, senator Edqardo Anqaranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla GOPAC əlaqələri müzakirə olunub və təşkilatın Azərbaycan nümayəndəliyinin açılması barədə danışıqlar aparılıb.

Milli Məclisin Sədri Oqtay Əsədov qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnunluğunu bildirib. Qeyd edib ki, bu görüş ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verəcək. Sədr korrupsiya əleyhinə mübarizədə Azərbaycan qanunvericiliyindən danışıb və bildirib ki, bununla bağlı Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası da yaradılıb. Həmin komissiyanın tərkibində Azərbaycan parlamentinin üzvləri də var. "Sizi əmin edirik ki, GOPAC-ın gələcək sessiyası Bakıda keçirilərsə, bunu yüksək səviyyədə təşkil edəcəyik"- deyə Oqtay Əsədov əlavə edib.

GOPAC Direktorlar Şurasının sədri, senator Edqardo Anqara isə Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Azərbaycana ilk səfəri olduğunu deyən senator qeyd edib ki, buradakı müasirliyin, inkişaf və tərəqqinin şahidi olması onda böyük təəssürat yaradıb.

 

 

Azərbaycan.-2013.- 22 may.- S.1.