Bakıda Korrupsiya Əleyhinə Parlamentarilərin Qlobal Təşkilatının informasiya sessiyası keçirilib

 

Mayın 21-də Bakıda Korrupsiya Əleyhinə Parlamentarilərin Qlobal Təşkilatının (GOPAC) informasiya sessiyası keçirilib. Tədbirdə çıxış edən GOPAC Direktorlar Şurasının sədri, senator Edqardo Anqara sürətlə inkişaf edən, müasirliyi ilə seçilən Bakı şəhərinin belə bir tədbirə ev sahibliyi etməsini yüksək qiymətləndirib.

E.Anqara GOPAC haqqında məlumat verərək bildirib ki, təşkilat 2002-ci ildə Ottavada keçirilmiş korrupsiyaya qarşı mübarizə və dövlət idarəetməsinin təkmilləşdirilməsinə həsr olunmuş Qlobal Konfransın qərarlarına əsasən yaradılmışdır. Bu konfrans 170 deputatı və 400 müşahidəçini bir araya gətirmişdir.

E.Anqaranın sözlərinə görə, bu təşkilat deputatların korrupsiyaya qarşı mübarizə üzrə yeganə beynəlxalq şəbəkəsidir: "GOPAC son 10 il ərzində böyük inkişaf yolu keçmişdir. Dünya sürətlə dəyişməkdədir. Bu baxımdan həyatın bütün sahələrində gənclərin fəallığı müşahidə olunur. Gənclərin istəklərini yerinə yetirmək olduqca çətindir. Çünki bugünkü gənclər olduqca yüksək idarəetmə tələb edirlər. GOPAC bu istiqamətdə ən yüksək idarəetmə formasını tətbiq edərək gənclərin istəyini təmin etməyə çalışır. Təşkilatın Afrikada, Latın Amerikasında və Cənub-Şərqi Asiyada nümayəndəlikləri mövcuddur. İstərdik ki, Azərbaycan kimi inkişafda olan ölkələr də bizim təşəbbüsə qoşulsunlar".

Tədbirdə çıxış edən Milli Məclisin Sədr müavini Valeh Ələsgərov qeyd edib ki, bu sessiya GOPAC-la əlaqələrin inkişafı üçün faydalı olacaq: "Azərbaycan son illərdə korrupsiyaya qarşı mübarizədə çox ciddi islahatlar həyata keçirir. Bu problemin həllində parlamentin də böyük rolu var. Çünki korrupsiyaya qarşı mübarizədə qanunların qəbul olunmasında parlamentin üzvləri böyük işlər görmüşlər. Ölkəmizdə korrupsiya ilə mübarizə aparmaq üçün bir sıra yerli orqanlar yaradılmışdır. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya təşkil olunmuşdur. Bu mübarizədə Azərbaycan bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək onların təcrübəsindən yararlanır. Vətəndaşlarla dövlət qurumları arasında şəffaflığı təmin etmək üçün "ASAN" xidmət yaradılmışdır. Bununla da dövlət-vətəndaş münasibətləri yeni müstəviyə qədəm qoymuşdur. Əminik ki, Azərbaycanla GOPAC dost münasibətində olacaq və əməkdaşlıq formasında fəaliyyətini davam etdirəcək".

GOPAC-ın icracı direktoru Akaaş Maharac isə qeyd edib ki, Azərbaycan gənc demokratik ölkə olsa da, unikal tarixi mövqeyə malikdir: "Ölkənizdə dinamik inkişafa nail olmusunuz. İnanıram ki, Azərbaycan parlamentinin üzvləri də bizimlə əməkdaşlıq edərək korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini  təmin edəcəklər. Ümid edirəm ki, GOPAC-ın Azərbaycanda milli nümayəndəliyinin yaradılması uğurla həyata keçiriləcək".

Azərbaycanda korrupsiya əleyhinə görülmüş tədbirlər haqqında Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov məlumat verib. Bildirib ki, Azərbaycan bu mübarizədə bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Bu siyahıya GOPAC-ın da əlavə edilməsi, təbii ki, müsbət hal kimi dəyərləndirilməlidir.

Daha sonra Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının üzvü, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək bildirib ki, GOPAC-ın Azərbaycan nümayəndəliyinin açılması mümkündür: "Çünki korrupsiya əleyhinə mübarizə aparmaq üçün bizim deputatların potensialı var. Əlbəttə ki, belə bir nümayəndəliyi yaratmazdan əvvəl ciddi müzakirələrə ehtiyac var".

 

 

Elgün MƏNSİMOV

 

Azərbaycan.-2013.- 22 may.- S.3.