Gürcüstan Azərbaycan ilə strateji
tərəfdaşlığa xüsusi önəm verir
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Gürcüstanın daxili işlər naziri İrakli Ğaribaşvili ölkəmizə rəsmi səfərə gəlmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Gürcüstanın daxili işlər naziri İrakli Ğaribaşvili və onu müşayiət edən şəxslər mayın 21-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə güllər düzülmüşdür.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.
Daha sonra respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gürcüstanın daxili işlər naziri İrakli Ğaribaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Səfərin iki ölkənin daxili işlər orqanları arasında əməkdaşlığın daha da genişlənməsinə və dərinləşməsinə təkan verəcəyinə inandığını bildirən Ramil Usubov müstəqilliyimizin ilk illərində ölkəmizdə hökm sürən gərgin ictimai-siyasi və kriminogen durumu xatırlatmış, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalını, doğma yurd-yuvalarından didərgin düşən soydaşlarımızın acınacaqlı taleyini, kriminogen durumun dözülməz həddə çatdığını yada salmışdır. O demişdir ki, yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra ümummilli liderin rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində həyata keçirilən islahatlar, hüquq- mühafizə, o cümlədən daxili işlər orqanlarının cinayətkarlıqla mübarizə, ictimai qayda və ictimai təhlükəsizliyin təmini sahəsində gördüyü qətiyyətli tədbirlər nəticəsində Azərbaycanda sabitlik, əmin-amanlıq bərpa edilmiş, kriminogen durum nəzarətə götürülmüşdür.
Nazir insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini özünün prioritet istiqamətlərindən biri elan etmiş respublikamızda ictimai münasibətlərini, o cümlədən daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən, demokratik prinsiplərə söykənən yeni qanunların qəbul edildiyini, bu sahədə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların mütəxəssislərinin böyük rolu olduğunu, onların icrasının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırılmışdır.
Xalqlarımızın
arasında dostluğun qədim tarixə malik olduğunu, bu
münasibətlərin hər iki ölkə rəhbərliyinin
siyasi iradəsinə, müəyyənləşdirdiyi
strategiyaya uyğun uğurla inkişaf etdiyini vurğulayan Ramil
Usubov Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın,
xüsusilə də transmilli cinayətkarlıqla mübarizə
sahəsində qarşılıqlı əlaqələrin, təcrübə
və informasiya mübadiləsinin ilk növbədə
dost xalqlarımızın mənafelərinə,
bölgədə təhlükəsizliyin təmini işinə
xidmət etdiyini bildirmişdir.
Qeyd olunmuşdur ki, ötən illər ərzində nazirliklər arasında imzalanmış sənədlər, xüsusilə 2002-ci ilin aprelində Azərbaycan, Gürcüstan və Türkiyə arasında terrorçuluq, mütəşəkkil cinayətkarlıq və ağır cinayətlərin digər növlərinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair imzalanmış müqavilə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar səviyyəsində əlaqələrin inkişafına təkan vermişdir.
Daxili
işlər naziri mövcud problemlərdən də
danışmış, transmilli mütəşəkkil cinayətkarlığın
əsas növlərindən olan narkotiklərin qanunsuz
dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və
qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində
dayandığını, onlara qarşı yalnız birgə
səylərlə səmərəli mübarizə
aparılmasının mümkünlüyünü
vurğulamışdır.
Ətraflı
məlumata və göstərilən qonaqpərvərliyə
görə təşəkkür edən İrakli
Ğaribaşvili ölkəsinin Azərbaycanla strateji tərəfdaşlığa
xüsusi önəm verdiyini diqqətə
çatdırmışdır. Qonaq Gürcüstanda həyata
keçirilən hüquqi islahatlardan söz
açmış, təhlükəsizliyin yüksək səviyyədə
təmin olunduğu bir dövlət, mehriban qonşu və
yaxın dost olan Azərbaycan ilə bütün sahələrdə,
o cümlədən daxili işlər orqanları arasında əlaqələrin
bundan sonra daha da inkişaf edəcəyinə əminliyini
bildirmişdir.
Azərbaycan.-2013.- 22 may.- S.3.