Parlamentarilərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatı Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir

 

Mayın 21-də Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Parlamentarilərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının (GOPAC) Direktorlar Şurasının sədri, senator Edqardo Anqaranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə korrupsiyaya qarşı sərt mübarizə aparıldığını, bu sahədə qanunvericilik və institusional tədbirləri, o cümlədən Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin səmərəli fəaliyyətini qeyd etmiş, cəmiyyətdə dözümsüzlük mühitinin formalaşdırılması, hüquq-mühafizə orqanlarında qaynar xətlərin yaradılması və digər tədbirlər barədə məlumat vermişdir.

Eyni zamanda, korrupsiya ilə mübarizədə mühüm rolu olan hakimlərin Avropada ən şəffaf seçimi qeyd olunaraq Azərbaycanın bu müsbət təcrübəsinin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirildiyi və digər dövlətlərə tövsiyə edildiyi bildirilmişdir.

Qonaqlara ölkəmizin həmtəsisçilərindən biri olduğu və dünyanın 140 ölkəsini birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) fəaliyyəti barədə məlumat verilmişdir. Ədliyyə naziri vitse-prezidenti olduğu bu assosiasiya ilə GOPAC arasında əlaqələrin təşviq olunmasının əhəmiyyətini qeyd etmiş, qonaqları IAACA-nın tədbirlərində iştirak etməyə dəvət etmişdir.

Azərbaycanın dinamik tərəqqisindən məmnunluğunu ifadə edən qonaqlar ölkəmizdə həyata keçirilən antikorrupsiya tədbirlərinin yüksək təəssürat doğurduğunu vurğulayaraq bu sahədə əldə olunmuş nailiyyətləri təqdir etmişlər. E.Anqara təmsil etdiyi qurumun məqsəd və fəaliyyətindən danışaraq korrupsiya ilə mübarizədə qarşılıqlı fəaliyyətin genişləndirilməsinin əhəmiyyətini söyləmişdir.

Görüşdə əməkdaşlığa dair faydalı fikir mübadiləsi aparılmış, qonaqları maraqlandıran suallara aydınlıq gətirilmişdir.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 22 may.- S.3.