Tənəzzüldən yüksəlişə
doğru: inkişafın Azərbaycan modeli
"Azərbaycan"
qəzetinin Lənkəran Şəhər İcra Hakimiyyəti
ilə birgə "dəyirmi masa"sı
Azərbaycan
xalqının bu il böyük təntənə ilə qeyd
etdiyi əlamətdar hadisələrdən biri də Milli
Qurtuluş Gününün 20-ci ildönümüdür.
Müstəqilliyimizin ilk illərində dərin mənəvi
və iqtisadi iztirablara məruz qalan xalqımız yalnız
1993-cü il iyunun 15-dən, təkidlə siyasi hakimiyyətə
çağırdığı Heydər Əliyevin Ali Sovetə
sədr seçilməsindən sonra rahat nəfəs
almağa başladı. Çünki məhz həmin tarixdən
Azərbaycan dövlətçiliyi bütün təhlükələrdən
xilas oldu. Azərbaycanın faktiki müstəqilliyinin və gələcək
inkişafının təməli qoyuldu.
Azərbaycanın
müstəqillik və dövlətçilik tarixindəki əlamətdar
hadisələrin işıqlandırılmasına geniş
yer ayıran "Azərbaycan" qəzeti Milli Qurtuluş
Gününün 20-ci ildönümü ilə bağlı
"dəyirmi masa"ların keçirilməsinə
başlayıb. İlk "dəyirmi masa" Lənkəran
şəhərində keçirildi. Tədbir rayon mərkəzində
ulu öndər Heydər Əliyevin xatirəsinə
ucaldılmış abidənin önünə gül dəstələrinin
qoyulması ilə başladı.
Tədbiri
giriş sözü ilə açan "Azərbaycan" qəzetinin
Baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV
dedi:
- XX əsr
Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti
Heydər Əliyevin siyasi obrazı xalqımızın
dövlətçilik şüurunun, tarixin
sınağından şərəflə
çıxmış bütöv bir idarəçilik məktəbinin,
müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin
canlı təcəssümüdür.
Heydər
Əliyev hələ sovet rejiminin ideoloji məsələlərə
xüsusi həssaslıqla yanaşdığı vaxtlarda Azərbaycanın
milli maraqları üçün mümkün olan
bütün işləri gördü. Sovet rejiminin sərt
qanunlarına baxmayaraq, Azərbaycanda böyük iqtisadi, elmi və
ədəbi-mədəni inkişafa, müstəqil
düşüncəyə yol açdı. Qısa zaman kəsiyində
Azərbaycan ittifaq tərkibində o zaman üçün
müasir iqtisadi potensiala malik olan respublikaya çevrildi. Heydər
Əliyevin rəhbərliyi ilə XX əsrin 70-ci illərindən
elə bir tarixi bünövrə yaradıldı ki, onun
möhkəm dayaqları üzərində gələcəkdə
müstəqil Azərbaycanın qurulması, yeni tarixinin əsasının
qoyulması labüd idi. Həqiqətən də sovet dönəmində
xalqımızın dahi oğlunun Azərbaycan
üçün gördüyü bütün işlər
böyük gələcəyə hesablanmışdı və
bu potensial müstəqillik illərində ölkəmizin
başlıca dayaqlarını təşkil etdi.
1993-cü
ildə, AXC-Müsavat cütlüyünün dövlət
idarəçiliyindəki kobud səhvlərinin məntiqi nəticəsi
olaraq ağır sosial-iqtisadi gərginliyin pik həddinə
çatdığı, ölkə vətəndaş
müharibəsi təhlükəsi ilə üz-üzə
qaldığı, torpaqlarımızın itirildiyi, bir
sözlə, Azərbaycan dağılmaq və parçalanmaq
təhlükəsi ilə üzləşdiyi vaxtda
xalqımızın öz sınanmış oğlu Heydər
Əliyevə üz tutması təsadüfi deyildi.
Çünki ölkədəki hərc-mərcliyi, itaətsizliyi,
anarxiyanı, siyasi çəkişmələri, Gəncədə
başlamış qardaş qırğınını, hərbi
xəyanəti, qanunsuz silahlı dəstələrin Bakıya
yürüşünü yalnız o böyük insan aradan
qaldıra bilərdi.
1993-cü
il iyunun 9-da Heydər Əliyevi Bakıya gətirən təyyarə
Binə hava limanında yerə endi. Böyük xilaskarın
Bakıya gəlməsi xəbəri xalq tərəfindən
sevinclə, ruh yüksəkliyi ilə qarşılandı.
İyunun 15-də isə xalqımızın dahi oğlu Azərbaycan
Ali Sovetinin sədri seçildi. Heydər Əliyevin ölkənin
ali qanunvericilik orqanına sədr seçilməsi,
sözün əsl mənasında, siyasi qayıdış
idi! Onun xilaskar missiyası ilə gəlişi dövlətçilik
tariximizin şanlı səhifəsinə daha bir şanlı
gün yazdı! 15 iyun tarixə Milli Qurtuluş Günü
kimi daxil oldu!
Azərbaycanın
milli qurtuluşu ilə dövlətçiliyimizin gələcək
mövcudluğunun təməl daşı qoyuldu. Bu parlaq
dühanın xilaskarlıq missiyası nəticəsində Azərbaycan
dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən,
Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən
qurtuldu! Milli Qurtuluş yeni, yüksək intibaha
açılan qapı kimi tariximizi şərəfləndirdi.
Ulu öndərin müdrikliyi, uzaqgörənliyi, qətiyyəti
və dövlətçilik istedadı sayəsində Azərbaycan
tezliklə təlatümlərdən, sarsıntılardan
uğurla çıxaraq gələcəyə inamla baxan bir
dövlətə çevrildi.
1993-cü
ilin iyun ayından ölkədəki vəziyyətin nəzarət
altına alınmasına nail olan Heydər Əliyevin həmin
il oktyabrın 3-də Prezident seçilməsi ilə Azərbaycan
dövlətçiliyini gözləyən faciələrin
qarşısı alındı. 1993-cü il sentyabrın 29-da
növbədənkənar prezident seçkiləri ərəfəsində
Milli Məclisin Sədri kimi həm də Azərbaycan
Prezidentinin səlahiyyətlərini həyata keçirən
Heydər Əliyev öz proqramını belə bəyan etdi:
"Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət
qurulmalıdır. Azərbaycan Respublikası demokratiya
yolu ilə getməlidir, heç vaxt totalitar sistemə,
kommunist rejiminə qayıtmamalıdır. Azərbaycan
Respublikasında siyasi plüralizm hökm sürməlidir.
İnsan, söz, din, dil azadlığı -
bunların hamısı bərqərar edilməlidir. İnsan hüquqlarının qorunması bizim əsas
məqsədlərimizdən biri, dövlət
orqanlarının, hüquq-mühafizə orqanlarının əsas
vəzifələrindən biri olmalıdır. Dövlətin hüquqları da qorunmalıdır.
Biz iqtisadiyyatda köklü islahatlar aparıb
bazar iqtisadiyyatına keçməliyik. Bizim
borcumuz bütün Azərbaycanın simasını dəyişdirməkdir,
Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik
prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə
çevirməkdir, Azərbaycan vətəndaşlarının
gələcək həyatını azadlıq, demokratiya yolu
ilə təmin etməkdir. Biz bu yolun
yolçusuyuq, bu yolla da gedəcəyik. Bu
yol xalq yoludur".
Artıq
o vaxtdan 20 il ötür. Aradan
keçən bu illər yalnız sözügedən
qayıdışa bəslənən ümidlərin
özünü doğrultması ilə yadda qalmadı, həm
də Azərbaycanın gələcək
inkişafının etibarlı bünövrəsinin təməli
qoyuldu. Heydər Əliyev tarixi
qayıdışı ilə xilaskarlıq missiyasını ləyaqətlə
yerinə yetirdi. Bütün bunlar, eyni zamanda, Azərbaycanın
indiki sürətli inkişafının strategiyası,
bütün sahələrdə həyata keçirilən
köklü islahatlar öz başlanğıcını məhz
Milli Qurtuluşdan götürdü!
Milli Qurtuluşla başlanan Heydər Əliyev siyasətinin
Azərbaycanı regionun liderinə çevirməsini dünya
etiraf edir. Son 10 ildə bu siyasət ulu öndərin siyasi
varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
inamla və uğurla davam etdirilir. Bu
müddətdə cənab İlham Əliyevin siyasi xəttinin
bir neçə aspektinə diqqət yetirməklə onun Azərbaycan
dövlətçiliyinin inkişafına, ölkənin milli
maraqlarının müdafiəsinə və iqtisadiyyatın
inkişaf etdirilməsinə nə kimi töhfələr
verdiyini görmək olar. İlk növbədə,
Prezident İlham Əliyev ulu öndərin
başladığı neft strategiyasını uğurla davam
etdirdi. Bakı-Tbilisi-Ceyhan və
Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin
inşasının başa çatdırılması ilə
Prezident İlham Əliyev Azərbaycanın bölgədəki
lider mövqeyini daha da möhkəmləndirdi. Bakı-Tbilisi-Qars yeni dəmiryolu xəttinin çəkilişinin
başlanması isə regionun lider dövləti olan Azərbaycanın
xarici maddi və mənəvi dəstək olmadan belə iri
maliyyətutumlu layihələrin
reallaşdırılmasına qadir olduğunu göstərdi.
Son olaraq Azərbaycanın kosmik klubun üzvü olması isə
ölkəmizin iqtisadi potensialını bir daha dünyaya
nümayiş etdirdi!
Prezident İlham Əliyevin əzmkarlıqla həyata
keçirdiyi siyasət respublika iqtisadiyyatında böyük
uğurlara zəmin yaratdığı kimi, hər bir vətəndaşın
həyatında da irəliləyişlərə səbəb
olub.
Uğurlu siyasət həm də Azərbaycanın beynəlxalq imicini
gücləndirib, ölkəmizin BMT Təhlükəsizlik
Şurasına üzv seçilməsini təmin edib. Bu
gün Azərbaycan ulu öndərin ideyalarından nur alaraq gələcəyə
doğru inamla addımlayır! Bu ideyaların alternativinin
olmadığını xalqımız çox gözəl
anlayır! Bu ideyaların layiqli
davamçısı cənab İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanın öz inkişafının yeni mərhələsinə
qədəm qoyması Heydər Əliyev yolunun nə qədər
doğru-düzgün olduğunu əyani şəkildə
göstərir. Ona görə qarşıdan gələn
prezident seçkilərində cənab İlham Əliyev Azərbaycan
xalqının alternativsiz seçim ünvanı olacaqdır!
Azərbaycanın dilbər guşələrindən olan
Lənkəran həmişə özünəməxsusluğu,
ənənələri, təbiətinin gözəlliyi ilə
seçilib. Hələ sovet dövründə respublikamız
ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə
yüksəliş dövrünü yaşayanda Lənkəran
da sürətlə inkişaf etmişdi. O zaman Lənkəran
əkinçiliklə məşğul olan bir rayondan sənaye
istehsalı ilə məşğul olan bir şəhərə
çevrilmişdi. Çoxlu zavodlar, fabriklər, məktəblər,
uşaq bağçaları, xəstəxanalar, mədəniyyət
müəssisələri, xidmət obyektləri, hava limanı,
şəhərlərarası avtovağzal tikilmiş, park və
bağlar, yeni yollar, körpülər salınmış, kəndlərin
və qəsəbələrin siması tamamilə dəyişmişdi.
Məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində
separatçı qruplar Lənkəranda antiazərbaycançı
dairələrin məkrli planlarını həyata keçirməyə
cəhd göstərmişdilər. Fəxr hissi ilə
xatırlayırıq o ağır günlərdə Lənkəran
sakinləri Azərbaycan dövlətçiliyinin keşiyində
mətanətlə dayandılar. Heydər Əliyevin
səsinə səs verərək ölkəmizin
parçalanması planının qarşının
alınmasında əsil vətəndaşlıq nümunəsi
göstərdilər.
1993-cü
ildən Milli Qurtuluşdan başlanan inkişaf Lənkəranın
da həyatında tezliklə hiss olundu. Vaxtilə
ulu öndərin göstərdiyi diqqət və
qayğını isə bu gün lənkəranlılar
Prezident İlham Əliyevdən görürlər. Cənab Prezidentin dəfələrlə Lənkərana
səfər etməsi bu qayğının parlaq nümunəsidir.
Artıq Lənkəran Azərbaycanın əsas
iqtisadi mərkəzlərindən birinə çevrilib.
Son illərdə burada onlarca yeni istehsal sahəsi
yaradılıb, bölgənin turizm potensialı hərəkətə
gətirilib. İndi Lənkəran o şəhərlərdəndir
ki, buradan Moskva şəhərinə birbaşa təyyarə
uçuşları həyata keçirilir.
Bütün bu nailiyyətlər öz kökünü
Milli Qurtuluşdan götürür. Əgər 20 il əvvəl
Azərbaycanda Heydər Əliyev siyasəti başlamasaydı,
hansı faciələrlə üzləşəcəyimizi təsəvvür
etmək çətin deyil. Bugünkü "dəyirmi
masa"nın keçirilməsində də
məqsəd Milli Qurtuluşdan başlanan yüksəlişə
Lənkəran rayonunun timsalında nəzər salmaqdır.
İndi isə çıxış üçün
söz Lənkəran Şəhər İcra Hakimiyyətinin
başçısı Taleh QARAŞOVa verilir.
Taleh QARAŞOV:
-
Bütün mənalı ömrünü Azərbaycan
xalqının tərəqqisinə həsr etmiş ulu öndər
Heydər Əliyev özünün əməli fəaliyyəti
ilə doğma xalqının əbədi məhəbbətini
qazanaraq əsl ümummilli liderə çevrilmişdir. Həm əvvəlki hakimiyyəti dövründə,
həm də müstəqillik illərində ulu öndər
həmişə xalqla birgə olduğunu, onun taleyi ilə
yaşadığını tarixi xidmətləri ilə
sübut etmişdir. 1969-cu ildən başlayaraq Azərbaycanın
hərtərəfli inkişafı və tərəqqisi
üçün gördüyü işlərin bəhrəsini
bu gün xalqımız daha yaxından hiss edir. Keçən
əsrin 70-80-ci illərində qurub-yaratdığı, zəngin
respublikaya çevirdiyi Azərbaycanı 1993-cü ildə məhv
olmaqdan xilas edib rəvan inkişaf yoluna çıxardı.
Ona görə də xalqımızın təkidli tələbi
ilə ulu öndərin 1993-cü il 15
iyunda yenidən siyasi hakimiyyətə qayıtdığı
gün Milli Qurtuluş günü kimi tarixə
düşdü.
Məhz Milli Qurtuluş günündən ulu öndərin
başlamış olduğu haqq mübarizəsi
xalqımıza əmin-amanlıq, ölkəmizə siyasi
sabitlik gətirdi və Azərbaycanı rəvan inkişaf
yoluna çıxardı. Bunları sözlə
ifadə etmək bəlkə də çox asandır.
Amma dünya
şahiddir ki, Azərbaycan xalqı bugünkü
qüdrətli dövlətçiliyinə və milli tərəqqisinə
görə məhz Milli Qurtuluş gününə minnətdardır.
Ona görə də Milli Qurtuluş
günündən ötən dövr ərzində ulu öndər
Heydər Əliyevin əsasını qoyduğu inkişaf
kursunun xalqımıza qazandırdığı
uğurları, bu yolda həyata keçirilmiş möhtəşəm
fəaliyyəti araşdırıb öyrənmək və
yeni nəsillərə çatdırmaq çox vacibdir.
Gənc nəsillər bilməlidir ki, biz nədən
qurtulmuşuq, hansı bəlalardan xilas olub bugünkü
xoş həyatımıza qovuşmuşuq. Xüsusulə
son 10 il ərzində Prezident İlham Əliyevin
ulu öndər tərəfindən əsası qoyulmuş
siyasi kursu uğurla davam etdirməsi xalqımıza hansı
nailiyyətləri qazandırmışdır.
Heydər Əliyevin müəllifi olduğu inkişaf
prosesində Lənkəran xüsusi yer tutur. Lənkəran
hələ keçən əsrin 70-80-ci illərində Heydər
Əliyev inkişaf kursunun parlaq nümunəsi kimi
tanınmışdır. Həmin illərdə
ulu öndər dəfələrlə Lənkəranda
olmuş, rayonun ictimai-siyasi və mədəni həyatı ilə
yaxından maraqlanmış, əhalini düşündürən
problemləri diqqətlə araşdırmışdır.
Ulu öndərin diqqəti sayəsində Lənkəranda
hələ o dövrdə genişmiqyaslı
tikinti-quraşdırma işləri aparılmış, sənaye
və kənd təsərrüfatı məhsulları
istehsalı sahəsində yüksək nailiyyətlər əldə
edilmişdi. O zaman rayonda sənayenin inkişafı ilə
bağlı planlı işlər görülmüş, iri sənaye
müəssisələri yaradılmış, məhsul
istehsalı çoxalmışdı. Nəticədə
insanların yaşayış səviyyəsi xeyli yüksəlmişdi.
1969-cu ildə
rayonda cəmi 7,1 min ton tərəvəz
istehsal olunduğu halda 1982-ci ildə bu rəqəm 198,9 min ton
olmuşdur. Məhsuldarlıq hər hektardan 141
sentnerdən 339 sentnerə
çatdırılmışdı. Rayonda
tərəvəzçiliyin inkişafı ilə əlaqədar
irihəcmli meyvə-tərəvəz kombinatı, kənd təsərrüfatı
məhsulları emalı zavodu tikilmiş, mövcud köhnə
müəssisələr yenidən qurularaq genişləndirilmiş
və nəticədə istehsal olunmuş tərəvəzin
və digər meyvələrin son məhsula qədər
emalı üçün əlverişli imkan
yaranmışdı.
80-ci illərdə
rayonun çayçılıq təsərrüfatlarında
16,5 min tondan çox yaşıl çay
yarpağı yığılıb emal müəssisələrinə
təhvil verilmişdi. Bu rəqəm 1969-cu illə müqayisədə
2,5 dəfə çox olmuşdu. Heyvandarlıq sahəsində də böyük
uğurlar qazanılmışdı. 1970-ci ilə nisbətən
1982-ci ildə ət istehsalı 1,9 dəfə,
süd və yumurta istehsalı isə 1,7 dəfə artmışdı.
Rayonun Nərimanabad qəsəbəsində
üzümçülük plantasiyaları
salınmış və üzüm emalı zavodu
tikilmişdi.
Hələ
70-ci illərin əvvəllərində Lənkəran şəhərində
əhalinin mənzil-məişət şəraitini
yaxşılaşdırmaq üçün dövlət tərəfindən
ümumi sahəsi 89,1 min kvadratmetr olan beşmərtəbəli
binalardan ibarət 1-ci və 2-ci mikrorayon yaşayış
massivləri, ilk dəfə olaraq yeddi və doqquzmərtəbəli
yaşayış evləri tikilmişdi. Əhalinin
rahatlığı üçün bu yaşayış
massivlərində həm də müxtəlif xidmət və
məişət obyektləri, təhsil, mədəni-maarif
müəssisələri, uşaq oyun meydançaları
yaradılmışdı. Ulu öndərin
səyi ilə Lənkəranda 52 milyon kubmetr sututumu olan
Yuxarı Xanbulançay dəryaçası tikilməklə
rayonda suvarma sistemi birdəfəlik həll olunmuşdu. Təhsilin
maddi-texniki bazasını gücləndirməkdən
ötrü 6360 şagird yerlik 11 məktəb binası, 1400
yerlik 27 məktəbəqədər uşaq
bağçası və valideyn himayəsindən məhrum
olan uşaqlar üçün uşaq evi, darısqal binalarda
yerləşmiş məktəblər üçün əlavə
korpuslar tikilmişdi. Rayonda əhaliyə göstərilən
səhiyyə xidmətinin və sanatoriya müalicəsinin səviyyəsini
yüksəltmək üçün 120 çarpayılıq
xəstəxana, 150 nəfərlik "İstisu" sanatoriya
pansionatı tikilib istifadə verilmişdi.
Həmin illərdə mədəniyyət tikililəri
çərçivəsində rayonda onlarca yeni mədəni-maarif
müəssisəsi açılmışdı. Lənkəran şəhərində
Nəcəf bəy Bəzirov adına Lənkəran dövlət
dram teatrının 360 yerlik binası, Qəni Vəliyev
adına 600 nəfərlik Mədəniyyət sarayı, Lənkəran
Dövlət Universitetinin elmi kitabxanasının yerləşdiyi
"Ziyalılar evi", onlarca kənddə klub və
kitabxanalar, Mərkəzi Kitabxana Sisteminin 2 mərtəbəli
binası məhz həmin dövrün yadigarlarıdır.
Təəssüflər olsun ki, tarixi düşmənlərimizin
əli ilə ulu öndər siyasi hakimiyyətdən kənarlaşdırıldıqdan
sonra xalqımızın qara günləri
başlamışdı. Yalnız 1993-cü ildə xalqın təkidli
tələbi ilə Heydər Əliyevin böyük
qayıdışı bütün çətinliklərə
son qoymuş, dövlət müstəqilliyimizi növbəti
dəfə məhv olmaqdan xilas etmiş, ölkəmizi sürətli
inkişaf yoluna çıxarmışdır.
Xalqımızla birlikdə lənkəranlılar da ulu
öndərin milli dövlətçiliyimizin qorunması və
inkişafı yolunda apardığı mübarizədə
daim ona sədaqət göstəriblər. Onlar
1993-cü ilin avqust hadisələri zamanı bunu bir daha subut
etmişdilər. Məhz ümummilli liderin
çağırışı ilə lənkəranlılar
həmişə olduğu kimi, həmin hadisələr
zamanı da dövlətçiliyimizin və müstəqilliyimizin
müdafiəsinə qalxıb onun qorunmasında qəhrəmanlıqla
iştirak etmişdilər. Təsadüfi deyil ki, ulu
öndər 1993-cü ilin avqust hadisələri zamanı
respublikamızın ərazi bütövlüyünün
qorunması uğrunda şəhid olmuş 3 nəfər lənkəranlıya
Azərbaycan Respublikasının Milli Qəhrəmanı, 5 nəfərə
"Azərbaycanın ərazi bütövlüyü
uğrunda mərd mübariz" fəxri adlarını
vermişdi.
Müstəqillik illərinin
əvvəllərində ulu öndər Heydər Əliyevin
qayğısı ilə ölkəmizin hər yerində
olduğu kimi, Lənkəranda da bütün sahələrdə
quruculuq işlərinə başlanmış, həyat
normallaşmışdır. Regionlarda
iqtisadiyyatın yenidən dirçəldilməsində
mühüm rol oynamış torpaq islahatı Lənkəranda
da öz bəhrəsini vermiş, rayon iqtisadiyyatının
aparıcı sahəsi olan kənd təsərrüfatında
işlər sürətlənmişdi. Həmin
dövrdə ulu öndər Lənkəranda görülən
işlərlə daim maraqlanmış və bu işlərin
sürətləndirilməsi ilə bağlı
tapşırıqlarını vermişdir.
Lənkəranlılar
Heydər Əliyevin müstəqil dövlətimizin
başçısı kimi 1998-ci il
oktyabrın 5-də şəhərimizə etdiyi səfərini
heç vaxt unutmurlar. Məhz həmin səfər zamanı lənkəranlılarla
görüşündə ulu öndər lənkəranlıların
Vətən qarşısında göstərdikləri sədaqətə
yüksək qiymət vermiş, Lənkəranın parlaq gələcəyinə
inandığını söyləmişdir. Ümummilli liderin bu qiymətli sözlərini
dönə-dönə xatırlayan hər bir lənkəranlı
fəxr edir ki, Lənkəran bu gün də Heydər Əliyev
siyasi kursunun nurunda sürətli inkişaf dövrünü
yaşayır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət
proqramlarının icrası ilə əlaqədar rayonumuzda da
böyük işlər görülmüşdür. Rayonda Nur süd zavodu,
Pal-fud dondurma fabriki, Gilan-Lənkəran konserv zavodu, yeni
çay fabriki kimi irihəcmli istehsal müəssisələri
yaradılmış, Regional Diaqnostika Mərkəzi, Uşaq
poliklinikası, beynəlxalq hava limanı, Olimpiya İdman
Kompleksi tikilib istifadəyə verilmişdir. Dövlət
proqramlarının icrası nəticəsində son illərdə
rayonda 30 min 777 yeni iş yeri açılmışdır. Rayonda müasir tələblərə cavab verən
turizm infrastrukturu yaradılmış, genişmiqyaslı quruculuq-abadlıq
işləri həyata keçirilmişdir.
2012-ci ildə
rayonda ümumi məhsul buraxılışı 2003-cü ilə
nisbətən 5,3 dəfə artaraq 323,3 milyon manata, kənd təsərrüfatı
məhsulları 3,4 dəfə artaraq 103,5 milyon manata, sənaye
məhsulu 3,8 dəfə artaraq 19,2 milyon manata
çatmışdır. Əsas
kapitala yönəldilmiş investisiyalar 13,7
dəfə artaraq 107,3 milyon manat, tikinti-quraşdırma
işlərinin həcmi 17,1 dəfə artaraq 105 milyon manat
olmuşdur.
Bu müddətdə rayonda 24 məktəb tikilmiş, 1
məktəb və 1 uşaq bağçası əsaslı
təmir olunmuşdur. Şəhərdə 4 saylı məktəb
əsaslı təmir olunmaqla orada 500 şagird yerlik əlavə
korpus tikilmişdir. Təkcə 2012-ci ildə
rayonun Hirkan qəsəbəsində, Xarxatan və Şilavar kəndlərində
üç məktəb tikilib istifadəyə verilmiş,
Vilvan və Bəliton kənd məktəblərinin tikintisinə
başlanılmışdır. Bu il
daha 11 məktəbin və 1 uşaq bağçasının
tikintisi nəzərdə tutulmuşdur.
Cənab Prezidentin verdiyi sərəncamlara əsasən
rayonda yeni asfalt yollar çəkilir, Mərkəzi xəstəxana
əsaslı təmir olunur, təzə məktəblər
tikilir, çoxmərtəbəli yaşayış
binaları əsaslı təmir olunur. Şəhərdə
Heydər Əliyev parkı ən müasir dizaynda yenidən
qurulmuş, parkda qiymətli bəzək ağacları əkilmiş,
yaşıllıq zolaqları yaradılmışdır.
Xatirə parkında həmçinin
yaraşıqlı Gənclər Mərkəzi tikilmişdir.
Şəhərin Heydər Əliyev prospektində
yaradılmış Bayraq meydanı hər bir lənkəranlı
gəncin and yerinə çevrilərək onlarda Vətən
sevgisi, Vətən təəssübkeşliyi
formalaşdırır.
Son 9 ayda Prezident İlham Əliyev tərəfindən Lənkəranın
sosial-iqtisadi inkişafının sürətləndirilməsi
məqsədilə 4 sərəncam verilmişdir. Bu sərəncamlarla rayonda
böyük yol layihələri həyata keçirilmiş, on
minlərlə sakinin istifadə etdiyi
Şürük-Vel-Qamuşovka magistral yolu başdan-başa
asfaltlanmış, Lənkəran-Vilvan-Osakücə-Tükəncil
yolunun 16,5 km-lik hissəsi asfaltlanaraq istifadəyə
verilmiş və hazırda yolun qalan hissəsinin bərpasına
və 18 km-lik Vilvan-Zövlə-Boladı-Liman yolunun əsaslı
təmirinə başlanmışdır. Lənkəran
şəhəri abadlaşdırılmış, magistral
yollar boyunca ornamentli divarlar hörülmüş,
küçələr və səkilər yenidən
qurulmuş, müasir küçə
işıqlandırıcıları
quraşdırılmışdır. Çoxmərtəbəli
yaşayış evlərinin fasadları və damları əsaslı
təmir olunmuşdur. Şəhərdə
24 ailə uzun illər ərzində qəzalı vəziyyətdə
olan binada yaşamağa məcbur olmuşdu. Cənab Prezidentin göstərişi ilə bu ailələr
üçün yeni yaraşıqlı yaşayış
binasının tikilməsi onların həddsiz sevincinə səbəb
olmuşdur. Hazırda rayonda çox
iritutumlu layihə olan su-kanalizasiya sisteminin əsaslı şəkildə
yenidən qurulması, şəhərdə, kənd və qəsəbələrdə
kütləvi qazlaşdırma və Mərkəzi xəstəxananın
əsaslı şəkildə yenidən qurulması işləri
davam etdirilir. Bu il rayonda 11 məktəb
və 1 uşaq bağçası üçün yeni binalar
tikiləcək, 1 məktəb əsaslı təmir
olunacaqdır. Narkoloji xəstəxananın
tikintisi başa çatdırılacaq,
tarix-diyarşünaslıq müzeyi əsaslı təmir
olunacaq, beşulduzlu otel tikiləcək, Olimpiya İdman
Kompleksi üçün yeni binanın tikintisinə
başlanacaqdır.
Bütün bunlar göstərir ki, ümummilli lider tərəfindən
əsası qoyulmuş inkişaf kursu Azərbaycanın hər
yerində olduğu kimi, Lənkəranda da böyük
uğurla davam edir. Bu gün lənkəranlılar bu
qayğını Prezident İlham Əliyevdən
görürlər. Prezidentin həyata
keçirdiyi siyasətin bəhrəsidir ki, rayonun iqtisadi
gücü günü-gündən artır və mərkəzin
dotasiyasından asılılığı getdikcə
azalır.
Rayon subtropik zonada yerləşdiyindən
burada sənaye ilə yanaşı, kənd təsərrüfatının
inkişafı üçün də əlverişli şərait
var. Keçmişdə də Lənkəran özünün
faraş tərəvəzi, ətirli çayı, sitrus meyvələri,
gözəl təbiəti və digər təbii ehtiyatları
ilə tanınmışdır. Bu imkanlar bu
gün də Lənkəranda var. Göstərilən sahələrin
inkişafı üçün rayonda əməli işlər
görülür. Aqrar sahədə böyük canlanma
hiss olunur. Əkinəyararlı torpaq sahələrindən
səmərəli istifadə edilərək tərəvəz
sahələri və meyvə bağları genişləndirilmişdir.
Nəticədə məhsul istehsalı
artmış, əhalinin gəlirləri
çoxalmışdır. Xüsusilə
çayçılığa diqqətin artması bizi
sevindirir. Ayrı-ayrı ərazilərdə
əvvəlki çay bağları bərpa olunur, yeni
plantasiyalar salınır, bununla da əhalinin məşğulluq
səviyyəsi yüksəlir. Qarşıda
isə bizi yeni layihələr gözləyir. Bu layihələrin icrası nəticəsində Lənkəran
daha da inkişaf edib bölgənin zəngin rayonuna çevriləcəkdir.
Bütün bunlar Azərbaycan dövlətinin,
cənab Prezidentin xalqımızı firavanlığa aparan
siyasətinin bəhrələridir, xalqa xidmətin parlaq
nümunəsidir.
Bəxtiyar SADIQOV:
- Lənkəran
tarixən özünün ənənələri ilə fərqlənib.
Bu ənənələr müxtəlif sahələrlə
yanaşı, iqtisadiyyatda, kənd təsərrüfatı
istehsalında da formalaşıb. Bu gün
Lənkəran özünün iqtisadi yüksəlişinə
görə nümunəvi bölgələrimizdən biridir.
Yeni tipli iqtisadiyyat burada da yüksəlişin əsas
hərəkətverici qüvvəsinə çevrilib. Eyni zamanda, rayonda köhnə iqtisadi ənənələr
yenidən bərqərar olur. Bu barədə
danışmaq üçün söz "İlyas
çay" MMC-nin rəhbəri İlyas ƏLİYEVə
verilir.
İlyas ƏLİYEV:
-
Ümummilli lider Heydər Əliyev tərəfindən
başlanmış inkişaf kursunun Prezident İlham Əliyev
tərəfindən böyük uğurla davam etdirilməsi nəticəsində
ölkəmizdə sosial-iqtisadi inkişaf daha da sürətlənmiş,
quruculuq-abadlıq işləri geniş vüsət
almışdır. Son 10 il ərzində həyata
keçirilən uğurlu islahatlar hesabına ölkə
iqtisadiyyatı durmadan artır. İqtisadi sahədə
keçmiş ənənələr bərpa olunur, yeni tipli
iqtisadiyyat Lənkəranın yüksəlişində əsas
amilə çevrilir, aqrar sektorda daha yüksək nəticələrə
əlverişli imkanlar yaranır. İctimai-siyasi
həyatın bütün sahələrində qazanılan
uğurlar milli tərəqqimizi təmin etməklə
yanaşı, dövlətimizin beynəlxalq aləmdə
nüfuzunu da artırır, onu dünya birliyinin etibarlı tərəfdaşına
çevirir. Bütün bu uğurların
mənbəyi Heydər Əliyev inkişaf kursudur. Bu inkişaf kursu isə hələ keçən əsrin
70-ci illərindən ulu öndər tərəfindən
başlanmışdır. Məhz Heydər
Əliyevin dərin düşüncəsi ilə hələ
o zaman bugünkü tərəqqimizin bünövrəsi
qoyulmuş, ölkəmiz müstəqil yaşamağa
hazırlanmışdı.
Heydər Əliyev kənd təsərrüfatının,
ümumilikdə ölkədə aqrar sahənin hərtərəfli
inkişafını təmin etmək üçün Azərbaycanda
hər bir regionun torpaq və iqlim şəraitinə uyğun
bitkilərin əkilməsinə ciddi diqqət yetirirdi. Respublikanın
başqa regionlarında olduğu kimi, Lənkəran rayonunda da
aqrar sahədə işlər sürətlənib. Rayonda kənd təsərrüfatı məhsulları
istehsalı artdığından iritutumlu emal müəssisələrinə
ehtiyac yarandı. Ulu öndərin göstərişi
ilə Lənkəranda öz dövrü üçün
çox böyük gücə malik meyvə-tərəvəz
konservi kombinatı tikilib qısa müddətdə istifadəyə
verildi.
Kombinatda yüzlərlə
gənc işlə təmin olundu. Mövcud
köhnə müəssisələr yenidən qurularaq emal
gücü artırıldı və istehsal olunmuş tərəvəzin
və digər meyvələrin son məhsula qədər
emalı üçün əlverişli imkanlar yarandı.
Nəticədə əmək məhsuldarlığı
əvvəlki illərlə müqayisədə dəfələrlə
artdı. Bunu statistika da göstərir. 1982-ci
ildə 200 min ton tərəvəz
yığılmışdı. Məhsuldarlıq
hər hektardan 141 sentnerdən 339 sentnerə
çatdırılmışdı. Həmin
illərdə rayonun çayçılıq təsərrüfatlarında
ildə 16800 tondan çox yaşıl çay yarpağı
yığılıb emal müəssisələrinə təhvil
verilmişdi. Bu rəqəm 1969-cu illə müqayisədə
2,5 dəfə çox olmuşdu. Heyvandarlıq sahəsində də böyük
uğurlar qazanılmışdı. 1970-ci ilə nisbətən
1982-ci ildə ət istehsalı 1,9 dəfə,
süd və yumurta istehsalı isə 1,7 dəfə
artmışdı.
Təəssüflər olsun ki, ulu öndər siyasi
hakimiyyətdən gedəndən sonra inkişafımız tənəzzülə
uğradı.
Xalqımız ciddi çətinliklərlə
üzləşdi. Bu çətinliklər
Lənkərana da öz təsirini göstərdi. Bütün sahələrdə geriləmə prosesi
başlandı. Təsərrüfatlarda iş ahəngi
pozuldu.
Yalnız xalqın təkidli tələbi ilə
1993-cü ildə Heydər Əliyevin yenidən siyasi hakimiyyətə
qayıdışı ölkəni fəlakətlərdən
qurtardı. Həyat yavaş-yavaş öz axarına
düşməyə başladı. İlk
növbədə, idarə, müəssisə və təşkilatlarda
nizam-intizam bərqərar oldu. Ən
aşağı səviyyəyə düşmüş
iqtisadiyyat yenidən yüksəlməyə başladı.
Uğurla həyata keçirilən iqtisadi islahatlar tez bir
zamanda öz bəhrəsini verdi.
2003-cü ildən başlayaraq cənab İlham Əliyevin
ulu öndərin siyasi kursunu yüksək bacarıqla davam
etdirməsi hesabına ölkəmizdə iqtisadiyyatın
inkişafında yeni mərhələnin əsası qoyuldu. İqtisadi sahədə
keçmiş ənənələr bərpa olunmağa
başladı. Cənab Prezidentin təsdiq
etdiyi regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının icrası istiqamətində
görülmüş işlər nəticəsində rayon
iqtisadiyyatı əvvəlki illərə nisbətən dəfələrlə
artmış, ümumi məhsul buraxılışı
çoxalmışdır. Vaxtilə əsas
iqtisadi fəaliyyət və istehsal istiqaməti olan sahələr
yenidən dirçəldilir, eyni zamanda, yeni istehsal istiqamətləri
uğurla tətbiq olunur.
Sahibkarlığın inkişafına verilən dövlət
dəstəyi rayonda işgüzar ab-hava yaratmışdır. Əhaliyə
verilən kreditlər, subsidiyalar, yanacaq və sürtgü
yağlarına görə edilən güzəştlər
sahibkarlarda böyük həvəs yaratmışdır.
Nəticədə rayon iqtisadiyyatına iş adamları tərəfindən
böyük sərmayələr qoyulur. Son illərdə
Lənkəranda Nur süd, Pal-fud, Gilan-Lənkəran konserv
zavodları, Gilan-Lənkəran çay fabriki, Pivə zavodu,
kərpic zavodu kimi, irihəcmli emal müəssisələri
tikilmiş, üzüm emalı zavodunun fəaliyyəti bərpa
edilmişdir. Ümumi fəaliyyət həcminə
görə, rayonun ən iri istehsal müəssisələri
olan bu zavodlarda yüzlərlə işçi
çalışır. Keçən il
keçmiş meyvə-tərəvəz kombinatı əsaslı
təmirdən sonra fəaliyyətini bərpa etmişdir. Lənkəran
Şəhər İcra Hakimiyyəti rəhbərliyinin
qayğısını sahibkarlar hər zaman hiss edirlər. Ümumiyyətlə, rayonda sahibkarlığın
inkişafı üçün çox əlverişli şərait
yaradılmışdır. Bu inkişaf
bütün sahələrdə olduğu kimi, iqtisadiyyatın
aparıcı sahəsi olan aqrar sahənin inkişafında da
özünü göstərir.
Cənab Prezident regionların sürətli
inkişafı ilə bağlı təsdiq etdiyi Dövlət
proqramları aqrar sahədə də dayanıqlı
inkişafı təmin etdi. Aqrotexservis xidməti
yaradıldı, lizinq yolu ilə kreditlər verildi. Bunlarla yanaşı cənab İlham Əliyev
böyük humanistlik göstərib kənd təsərrüfatı
məhsulları istehsalçılarına bir sıra güzəştlərin
tətbiq olunması barədə sərəncam imzaladı.
Sərəncama əsasən, kənd əməkçilərinə
subsidiyalar, güzəştli kreditlər verildi, yanacaq və
sürtgü materialarının, gübrənin dəyərinin
50 faizi əkinçiyə güzəşt edildi. Bütün bunlar cənab Prezidentin kənd
adamına misilsiz qayğısı oldu.
Cənab Prezidentin qayğısından ruhlanaraq biz də
kəndli-fermer təsərrüfatı yaratdıq və
çayçılıqla məşğul olmağa
başladıq. 2005-ci ildə 10 hektardan çox sahədə
çay plantasiyası saldıq. Artıq
iki ildir bu sahələrdən məhsul yığırıq.
Əkinçiliklə bağlı
keçmiş ənənələri xatırlayaraq işin
yeni mütərəqqi forma və metodlarından bəhrələnirik.
Çox xoşdur ki, iqtisadi cəhətdən səmərəli
əkinçilik növü olan
çayçılığın inkişafı
üçün dövlət səviyyəsində tədbirlər
görülür. Bu da biz fermerləri ruhlandırır, daha
yaxşı işləməyə həvəsləndirir.
Rayonun digər yerlərində də yeni çay
plantasiyaları salınır. Fermerlər tərəfindən
İstisu qəsəbəsində 50 hektarda, Girdəni kəndində
80 hektarda, Hirkan qəsəbəsində 10 hektarda, Parakənd
kəndində 50 hektarda, Lənkəran çay MMC-də,
Azfilial Elmi-Tədqiqat İnstitutunun bazasında yeni çay
plantasiyaları salınıb. Bu plantasiyalarda
minlərlə sakin daimi işlə təmin olunub. Rəhbərlik etdiyim fermer təsərrüfatında
da 35 nəfər işləyir. Təsərrüfatımız
gəlirlə işlədiyindən işçilər il boyu əməkhaqqı alırlar. İldən-ilə məhsuldarlıq artır. Yeni çay plantasiyaları salmaqdan ötrü
şitillik təsərrüfatı da yaratmışıq.
Bu şitillərdən digər təsərrüfatlara
da veririk. Bu da bizə əlavə gəlir
gətirir. Keçmiş təsərrüfatçı
kimi bu uğurlara sevinirəm. Sevinirəm
ki, dövlətimizin iqtisadi qüdrəti getdikcə artır,
xalqımızın güzəranı
yaxşılaşır. Bütün bu
uğurlar Prezident İlham Əliyevin xalqımızın
xoşbəxt gələcəyi naminə səylə davam
etdirdiyi Heydər Əliyev siyasi kursunun bəhrələridir.
Tam qətiyyətlə inanırıq ki,
yalnız Heydər Əliyev siyasi kursu, yalnız cənab
Prezident İlham Əliyev bizi xoşbəxt sabaha aparacaq, səadətə
qovuşduracaqdır.
Bəxtiyar SADIQOV:
- İqdisadi inkişaf paralel olaraq digər sahələrdə
də canlanma yaradır, problemlərin aradan
qaldırılmasına imkan verir. Bu gün Azərbaycan
rəhbərliyinin məqsədlərindən biri ölkədə
sosial problemlərin tamamilə həllidir. Respublikamızın
inkişaf strategiyası bu məqsədə doğru uğurla
addımlamağa imkan verir. İqtisadi
inkişaf ölkədə sosial yüksəlişə də
geniş meydan açır. Bu mövzuda isə O.Mirzəyev
adına Lənkəran uşaq evinin direktoru, Yeni Azərbaycan Partiyası Lənkəran
şəhər təşkilatı Qadınlar
Şurasının sədri Ofeliya CƏFƏROVA
danışacaq.
Ofeliya CƏFƏROVA:
-
Qurtuluş günü yalnız Azərbaycan vətəndaşlarının
faciələrdən qurtulduğu gün deyil, bu, həm də
müstəqilliyimizin, hüquqlarımızın,
azadlıqlarımızın, mənəviyyatımızın,
iqtisadiyyatımızın, mədəniyyətimizin
qurtuluşudur. Məhz Qurtuluş günündən
sonra ölkəmizdə ilk dəfə həqiqi siyasi
azadlıqlar təmin olunmuş, demokratik təsisatlar
yaradılmış, uğurlu islahatlar
aparılmışdır. Bir sözlə,
Milli Qurtuluş günü kimi tariximizə əbədi həkk
olunmuş bu gün bizə azad, demokratik, güclü, zəngin,
xalqının rifah və təhlükəsizlik şəraitində
yaşayışını təmin edən, dünya birliyinin
tamhüquqlu üzvü olan bir dövlət bəxş
etmişdir. Bu gün hər bir azərbaycanlı
harada yaşamasından asılı olmayaraq, qurucusu və
memarı ulu öndər Heydər Əliyev olan dövlətimizlə
fəxr edir. Cənab Prezident İlham Əliyev
ulu öndərin layiqli davamçısı, ləyaqətli
siyasi varisidir. Ulu öndər kimi cənab
Prezident İlham Əliyev də xalqın xoş güzəranı,
əminamanlığı üçün
çalışır.
Cənab Prezident sosial sahəyə böyük diqqət
yetirir. Son illərdə
maaş və müavinətlərin,
pensiyaların dəfələrlə artırılması,
xüsusi kateqoriyalı insanlara sosial dəstəyin davamlı
olması bunun bariz nümunəsidir. Xüsusilə
ölkədə yoxsulluğun azalması, ünvanlı sosial
yardımların verilməsi və bu sahədə qazanılan
uğurlar məhz sosial sahəyə diqqətin bəhrələridir.
Cənab Prezident İlham Əliyevin diqqət və
qayğısı ilə Lənkəran rayonunda da əhalinin
xüsusi kateqoriyalı hissəsinə göstərilən
maddi və mənəvi dəstək hesabına bir çox
sosial məsələlər həllini tapır.
Son illərdə
Lənkəran şəhərində şəhid ailələri,
Qarabağ əlilləri və veteranları üçün
30, 24 və 20 mənzilli çoxmərtəbəli
yaşayış binaları, ayrı-ayrı yerlərdə 6
fərdi mənzil tikilib istifadəyə verilmişdir. Qəzalı
vəziyyətdə olan evlərdə yaşayan ailələr
üçün də cənab Prezidentin
tapşırığı ilə 40, 24 və 16 mənzilli
çoxmərtəbəli yaşayış evləri, torpaq
sürüşməsi nəticəsində evi
dağılmış ailələr üçün fərdi
evlər tikilmişdir.
Son 10 il ərzində rayonda çoxlu sayda
sahibkarlıq subyekti yaranmış, onların fəaliyyət
dairəsində minlərlə vətəndaş daimi iş
yeri tapmışdır. Məhz cənab
Prezidentin aqrar sahəyə diqqəti sayəsində kənd təsərrüfatında
gedən işlərin həcmi artmış və kənddə
yaşayan insanların məşğuliyyəti əhəmiyyətli
dərəcədə yaxşılaşmışdır.
Son illərdə tərəvəzçiliyin və
çayçılığın inkişafı istiqamətində
görülmüş işlər nəticəsində minlərlə
kənd adamı tarla və plantasiyalara cəlb olunmuş və
iş yeri ilə təmin olunmuşdur.
Lənkəran şəhərində və rayon ərazisində
genişmiqyaslı quruculuq-abadlıq işləri
aparılır. Hər bir bölgədə olduğu kimi,
Lənkəranda da ən müasir tələblərə cavab
verən turizm infrastrukturu, yeni otel kompleksləri, istirahət və
xidmət mərkəzləri yaradılır. "Qafqaz
sahil", "Palıdlı sahil", "Palmalayf" otelləri,
"Bəşəru", "Xan", "Şah",
"Starlayf" xidmət və istirahət mərkəzlərindən
minlərlə yerli sakin və qonaq istifadə edir. Hazırda şəhərdə 5 ulduzlu otelin tikintisi
davam etdirilir.
Artıq kəndlərin siması dəyişir, şəhərə
çevrilirlər. Burada yaraşıqlı evlər tikilir,
yollar bərpa olunur, kommunikasiya xətləri müasirləşdirilir,
qazlaşma sürətlə davam etdirilir. 2004-cü
ildən bəri rayonda 24 elektron ATS, 12 poçt şöbəsi,
Regional Diaqnostika Mərkəzi, Uşaq poliklinikası, 17 tibb məntəqəsi
əhalinin istifadəsinə verilib. Bu müddətdə
rayonda dövlət tərəfindən 15, Heydər Əliyev
Fondunun vəsaiti hesabına 9 məktəb, şəhər 4
saylı məktəb üçün əlavə korpus
tikilib istifadəyə verilib, 1 məktəb əsaslı təmir
olunmuşdur. Hazırda rayonun Vilvan və Bəliton
kəndlərində yeni məktəblər, şəhərdə
isə 1 uşaq bağçasının tikintisi davam
etdirilir.
Lənkəran
şəhərində təkcə son bir il
ərzində on illərə bəs edəcək qədər
quruculuq-abadlıq işləri görülüb. Heydər Əliyev xatirə parkı, iki dəfə
Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun
adını daşıyan park tamamilə yenidən
qurulmuşdur. Şəhərin Şəhidlər
xiyabanı adlanan küçəsi əsaslı şəkildə
qurularaq asfaltlanmış, küçədəki
körpü genişləndirilmiş, ən müasir
işıqlandırıcılar
quraşdırılmışdır. Heydər
Əliyev prospektində magistral yollar boyunca hörülən
ornamentli istinad divarları, yeni qurulan səkilər, çoxmərtəbəli
yaşayış evlərinin fasad və dam hissələrinin
müasirləşdirilməsi şəhərimizin
simasını tamamilə dəyişmiş, onu daha əzəmətli
etmişdir. Xüsusilə, Bayraq meydanı
hər birimizə qürur verir. Ən əsası
uzun illərdən sonra kəndlərə gedən magistral
yollar əsaslı təmir olunur, asfaltlanır. Çətin təbii şəraitə malik dağ
kəndlərinə gedən yolların əsaslı təmiri
bu ərazidə yaşayan insanlara dövlətimizin
başçısı tərəfindən göstərilən
misilsiz qayğıdır. Rayonun kənd və
qəsəbələrinin kütləvi şəkildə
qazlaşdırılması, yeni, müasir texnologiyaya əsaslanan
su-kanalizasiya sisteminin tikintisi cənab İlham Əliyevin
davamlı sosial siyasətinin parlaq sübutudur.
Rayonda dövlət gənclər
siyasətinin uğurla həyata keçməsi
üçün əməli işlər görülür.
Hazırda şəhərdə üçmərtəbəli
yaraşıqlı Gənclər Mərkəzi tikilmişdir.
Gənclər burada asudə vaxtlarını səmərəli
keçirməklə yanaşı, həm də kamil insan kimi
formalaşacaqlar. Rayonda ahıl insanlar da
diqqət mərkəzindədir. Ahıl və
kimsəsiz insanlara dövlət səviyyəsində sosial və
digər xidmətlərin göstərilməsi onların həyat
şəraitini xeyli yaxşılaşdırmışdır.
Rayonda pensiya və təqaüdlər bankomatlar
vasitəsilə vaxtında ödənilir. Rayonda hər il Ahıllar bayramı, rayonun ictimai-siyasi həyatında
fəal iştirak edən yaşlı insanların ad günləri,
yubileyləri keçirilir, milli bayramlarda onlara sovqatlar
paylanır. Bütün bunlar ahıl insanlarda
böyük ruh yüksəkliyi yaradır, onları
yaşamağa, ictimai həyatda daha fəal olmağa
ruhlandırır.
Sevinirik
ki, Milli Qurtuluşunun 20 illiyini bayram etdiyimiz Azərbaycan Prezident İlham Əliyevin
yorulmaz fəaliyyəti ilə getdikcə güclənir, əhalinin
sosial durumu yaxşılaşır. Ümummilli liderin
xalqımızın səadəti üçün
arzuladığı bu gün onun layiqli davamçısı Prezident
İlham Əliyevin müdrik düşüncəsi ilə
reallaşır. Biz prezident seçkiləri ərəfəsindəyik.
Xalqımız kimi biz də öz seçimimizi
çoxdan etmişik. Kimə səs verəcəyimizi
çox yaxşı bilirik! Biz xalqımızın
sınanmış oğlu, Yeni Azərbaycan Partiyasının
sədri İlham Heydər oğlu Əliyevə səs verəcəyik!
İlham Əliyevə səs verməklə, əslində,
sabitliyə, xoş güzəranımıza, Azərbaycan
xalqının milli maraqlarına səs verəcəyik! Azərbaycanın
ərazi bütövlüyünə, Azərbaycan dövlətçiliyinə
səs verəcəyik! Biz xalqımızı ləyaqətlə
təmsil edən şəxsiyyətə səs verəcəyik!
Bəxtiyar SADIQOV:
- Ötən
əsrin 70-80-ci illərində inkişaf edən Lənkəran
zəngin iqtisadi potesialının olmasına baxmayaraq,
90-cı illərin əvvəllərində tənəzzülə
uğramışdı. Üstəlik,
separatçı ünsürlərin fəaliyyəti vəziyyəti
daha da gərginləşdirmişdi. Bu mənada, 20 il öncə ulu öndər Heydər Əliyevin
başladığı Milli Qurtuluş missiyasının nəticələrini
Lənkəranın timsalında daha yaxından görmək
mümkündür. Lənkəranın dünəni
ilə bu gününün müqayisəsi bu barədə
daha geniş və ətraflı fikir yürütməyə
imkan verir. Bu mövzuda
çıxış etmək üçün söz Lənkəran
Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad
MƏMMƏDOVa verilir.
Sərhad MƏMMƏDOV:
- Milli Qurtuluş missiyasının əyani nəticəsi
Lənkəranın dünəni ilə bu gününün
müqayisəsində öz real nəticəsini tapır. Keçən
əsrin 70-ci illərinə qədər Lənkəranda
iqtisadiyyat çox zəif inkişaf etmişdi. İritutumlu müəssisələr yox idi, emal sənayesindən
söhbət gedə bilməzdi. Məktəblərin
90 faizi yöndəmsiz, uyğunlaşdırılmış
binalarda yerləşirdi. Normal təhsil
almağa şərait yox idi. Kəndlərdə
səhiyyə xidməti də yarıtmaz hala
düşmüşdü. Mədəniyyət
müəssisələri bir neçə kənddə
mövcud idi. Kənd yolları
asfaltlanmamışdı. Bəzi kəndlərə,
ümumiyyətlə, yol çəkilməmişdi. Bütün bu çatışmazlıqlar 1970-ci ildən
başlayaraq sürətlə aradan qaldırılmağa
başlandı. 70-80-ci illərarası ulu öndərin
birbaşa tapşırığı ilə Lənkəranda
11 məktəb binası, onlarca uşaq bağçası, Mərkəzi
xəstəxananın yeni korpusu və poliklinika, qəsəbə
və kəndlərdə tibb məntəqələri, onlarca mədəniyyət
evi, klublar, kitabxanalar tikilib istifadəyə verilmişdi,
ümumi məsafəsi yüz kilometrlərlə
ölçülən asfalt yollar çəkilmiş, onlarca
zavod, fabrik açılmışdı. O zaman tikilmiş Meyvə-tərəvəz
kombinatında yüzlərlə fəhlə, texnoloq və
mühəndis çalışırdı. Kombinatın
istehsal etdiyi məhsullar həm ittifaq respublikalarına, həm
də xaricə ixrac olunurdu.
Təkcə Xanbulançay hidroqovşağı sistemində
yüslərlə fəhlə və mühəndis
çalışırdı. Bütün kəndlərdə
əhali sovxozlarda işləyib yüksək əməkhaqqı
və illik mükafatlar alırdı. Həmin
illərdə rayonun bir çox təsərrüfatları, o
dövrün sözü ilə desək, "milyoner
sovxoz" adlanırdı. Onlar hər il
milyonlarla manat gəlir əldə edirdilər. İmkanlı
sovxozlar uşaq bağçaları, klub, mədəniyyət
evi tikir, yolları əsaslı təmir etdirirdilər.
Ulu öndər lənkəranlıların dostu və
sevimlisi idi. Onun Lənkərana hər gəlişi toy-bayrama
çevrilirdi. Hər dəfə onun
xeyir-duası ilə yeni tikilmiş obyektlər
açılırdı. İnsanlar Heydər
Əliyevlə doğma ata kimi görüşürdülər.
Çox təəssüflər olsun ki, siyasi hakimiyyətdən
uzaqlaşdırılandan sonra Azərbaycanın hər yerində
olduğu kimi, Lənkəranda da sosial-iqtisadi inkişaf,
quruculuq-abadlıq işləri dayandı. Hər yerdə tənəzzül
baş verdi. Vətəndaş
müharibəsi başlayırdı. Belə
bir ağır zamanda xalq təkidlə Heydər Əliyevi
yenidən ölkə rəhbərliyinə dəvət etdi.
Doğma xalqına qəlbən bağlı
olan, onun üçün hər zaman həyatından
keçməyə hazır olan Heydər Əliyev yenidən
Bakıya qayıdıb xalqına qovuşdu. Yenə də zəkasını işə saldı,
vətəndaş müharibəsinin qarşısını
aldı.
O zaman Azərbaycan
xalqı kimi, lənkəranlılar da ağır günlər
yaşayırdılar. 1993-cü ilin yayı
bizim üçün dəhşətli keçdi. Əlikram Hümbətovun silahlı quldur dəstəsi
AXC-Müsavat hakimiyyətinin
bacarıqsızlığından istifadə edərək əvvəlcə
Lənkəranda hakimiyyəti ələ keçirdi. Sonra qondarma "Talış Muğan
Respublikası" yaratdığını elan edib Vətənimizin
ərazi bütövlüyünü parçalamağa cəhd
etdi. Lakin lənkəranlılar həmişə
vətənpərvər, azərbaycançılıq
ideyalarına sədaqətli olduqlarından bədnam Əlikram
Hümbətovun avantürası ilə razılaşmayaraq
kömək üçün ulu öndərə müraciət
etdilər. Lənkərana, burada yaşayan
vətənpərvər insanlara böyük sevgisi olan Heydər
Əliyev onları unutmadı, özünün köməyini
əsirgəmədi. Məhz dahi öndərin
müəyyənləşdirdiyi tədbirlər hesabına Əlikram
Hümbətov qaragüruhu darmadağın edildi, onun saxta
respublikası ləğv olundu və cənub tərəfdən
respublikamızın ərazi bütövlüyünün
parçalanması cəhdinin qarşısı alındı.
Ölkədə sabitliyin bərqərar olunması ilə
əlaqədar çox ciddi tədbirlər görüldü. 1993-cü ilin
15 iyunundan başlayan bu tədbirlər ölkədə
böyük dönüş yaratdı və xalqı, ölkəni
əsl Qurtuluş yoluna çıxartdı. Artıq biz Milli Qurtuluş günümüzün 20
illiyini bayram edirik. Azərbaycan xalqı
2003-cü ildə yekdil səslə Heydər Əliyev məktəbinin
ən layiqli yetirməsi cənab İlham Əliyevi prezident
seçməklə ulu öndərin siyasi kursunun davam etməsi
arzusunda olduğunu ifadə etdi. Cənab
İlham Əliyev məhz ulu öndərin ideyalarını həyata
keçirərək ölkəmizi ən yüksək səviyyədə
inkişaf etdirdi. Bu inkişaf regionlara da gəlib
çıxdı. Ulu öndər Heydər
Əliyev kimi Lənkərana ardıcıl diqqət göstərən
Prezident İlham Əliyevin göstərişi ilə rayonda
çoxlu sənaye müəssisələri, sosial obyektlər
tikilib istifadəyə verilmiş, abadlıq-quruculuq işləri
görülmüşdür.
Lənkəran əsl tikinti meydançasını
xatırladır. Hər yerdə quruculuq işləri gedir.
Yeni istehsal müəssisələri, məktəblər,
tibb ocaqları, yaşayış evləri tikilir, yeni yollar,
körpülər salınır. Yolların
asfaltlaşdırılması, yaşayış ərazilərinin
qazlaşdırılması, su-kanalizasiya sisteminin yenidən
qurulması, yeni iş yerlərinin açılması hər
bir lənkəranlını sevindirir, onları daha
yaxşı işləməyə ruhlandırır. Cənab İlham Əliyev 8 dəfə Lənkərana
səfərə gəlib. Ulu öndər
kimi cənab Prezident də səfərləri ilə bizə hədsiz
sevinc, fərəh gətirib. Onun səfərləri
mehriban, hərarətli görüşlərlə, rayonun
inkişafında mühüm rol oynayan sosial obyektlərin,
istehsal müəssisələrinin
açılışları ilə zəngin olur. Biz bu görüşləri heç vaxt unutmuruq.
Cənab Prezidentin qayğısı ilə Lənkəran
artıq beynəlxalq əhəmiyyətli şəhərə
çevrilib. Burada beynəlxalq idman
yarışları keçirilir. Keçən il Lənkəran şəhərində
ağırlıqqaldırma üzrə Avropa
çempionatı, 17 yaşlı qızlar arasında dünya
çempionatının oyunları keçirildi. Bütün bunlar cənab Prezidentin Lənkərana,
burada yaşayan vətənpərvər insanlara inamı,
etibarı olmuşdur. Biz lənkəranlılar
bu qayğıya, bu etimada görə cənab Prezidentə
çox minnətdarıq.
Bəxtiyar SADIQOV:
-
Qurtuluşdan başlanan intibahın və inkişafın
kökündə Heydər Əliyev kursu, Heydər Əliyev
siyasəti dayanır. Azərbaycan xalqı bunu
bilir və hər zaman dəyərləndirir. Eyni zamanda, onu da bilirik ki, bu kursun alternativi yoxdur.
Son 10 ilin siyasi və iqtisadi mənzərəsi
göstərir ki, Prezident İlham Əliyevin layiqincə davam
etdirdiyi bu kurs Azərbaycanın dövlətçilik qüdrətinin
və davamlı inkişafının əsas təminatçısıdır.
Bu barədə danışmaq üçün
söz Lənkəran Dövlət Universitetinin tələbə
gənclər birliyinin sədri Uğur QURBANZADƏyə
verilir.
Uğur QURBANZADƏ:
- Tarix
yaradan dühalar insan ömrünün zaman adlı sədlərini
dəf edərək əbədiyasarlıq hüququ
qazanırlar. Belə şəxsiyyətlərdən
biri də şərəfli və mənalı ömür
yolu Azərbaycan xalqının nicatına, milli dövlətçiliyinin
dirçəlməsinə, müasir Azərbaycan dövlətinin
qurulmasına və xalqımızın müstəqillik
arzusuna qovuşmasına həsr olunan ümummilli lider Heydər
Əliyevdir.
Tarixə müraciət etdikdə hər bir nailiyyətlərimizin,
uğurlarımızın məhz ulu öndərin adı ilə
bağlı olduğunu görürük. 1969-cu ildən
başlayaraq Vətənimiz Azərbaycan ümummilli liderin
yorulmaz fəaliyyəti ilə sürətlə inkişaf edib
qabaqcıl respublikalardan birinə çevrilmiş,
şöhrəti hər tərəfə
yayılmışdır. Ulu öndərin
müdrik düşüncəsi ilə o zaman bütün sahələrdə
böyük uğurlar qazanılıb, insanların arzu və
istəkləri reallaşıb, həyat səviyyəsi
yüksəlmişdir. O zaman əhalinin bütün təbəqələri
kimi gənclərə də böyük qayğı, yüksək
etimad göstərilmişdir. Sevinirik ki,
1993-cü ildə ulu öndərin yenidən siyasi hakimiyyətə
qayıdışı ilə əldə etdiyimiz Milli
Qurtuluşumuzun bəhrələri müstəqil dövlətimizin
əsaslarını möhkəmləndirir,
xalqımızı tərəqqiyə aparır. İftixar hissi keçiririk ki, ümummilli lider Heydər
Əliyev tərəfindən əsası qoyulmuş
inkişaf kursu bu gün cənab Prezidentimiz tərəfindən
layiqincə davam etdirilir. Ölkəmiz
sürətlə inkişaf edir. Dövlətimiz
iqtisadi cəhətdən gücləndikcə quruculuq-abadlıq
işləri genişlənir, istehsal çoxalır, büdcəyə
daha çox vəsait daxil olur, bunun hesabına maaşlar,
pensiya və təqaüdlər artır, sosial problemlər həll
olunur.
Biz gənclər bu inkişafın mənbəyini banisi
ümummilli lider Heydər Əliyev olan Azərbaycan dövlətçiliyinin
qüdrətində və davamlı inkişafda
görürük. 2003-cü ildən başlayaraq Prezident
İlham Əliyev ümummilli liderin başlamış
olduğu siyasi kursu davam etdirərək milli tərəqqimizin
yeni mərhələsinin başlanğıcını qoydu.
Bu mərhələdə ulu öndərin
ardıcıl səyləri ilə təmin edilmiş siyasi
sabitlik və rifaha aparan yol üzərində iqtisadi tərəqqimizi
şərtləndirən fəaliyyətin qurulması dururdu.
Cənab Prezident İlham Əliyev bunun öhdəsindən
layiqincə gələrək milli intibahımızın
konturlarını təşkil edən layihələrin icrasına,
xalqın taleyüklü problemlərinin həllinə xidmət
edən möhtəşəm fəaliyyətə
başladı.
Bütün ölkə ərazisində qurucuq-abadlıq
işləri geniş vüsət aldı, ilk növbədə,
yeni müəssisələr tikilib istifadəyə verildi, 900
mindən çox yeni iş yeri açıldı, maaş və
müavinətlər, pensiyalar artdı, xalqın güzəranı
yaxşılaşdı. Aparılan sosial-iqtisadi
və hüquqi islahatlar dünyəvi dövlət
quruculuğu proseslərini daha da sürətləndirdi, beynəlxalq
aləmdə ölkəmizin nüfuzunu təmin etdi.
Prezident İlham Əliyevin dərin
düşünülmüş xarici siyasəti hesabına
ayrı-ayrı dövlətlərlə qurulmuş dostluq və
əməkdaşlıq əlaqələri ölkəmizə
dünya birliyinin dəstəyini qazandırmaqla onu dünyada
etibarlı tərəfdaş kimi tanıtdırdı. Fəxr edirik
ki, dünyanın ən nəhəng dövlətlərinin
maliyyə və digər böhranlarla üz-üzə
qaldıqları bir zamanda Azərbaycan kosmosa süni peykini
buraxır. Yeni məktəblər, xəstəxanalar
tikilir, yollar, körpülər salınır. Budur milli tərəqqimizin təntənəsi, budur
Heydər Əliyev inkişaf kursunun parlaq qələbəsi.
Biz gəncləri ruhlandıran, qəlbimizi
qürurla dolduran bu möhtəşəm nailiyyətlərdir.
Vətənimizin hər yerində aparılan
quruculuq-abadlıq işləri şəhər və kəndlərin
simasını tamam dəyişir, onları müasirləşdirir. Biz bu
inkişafı doğma şəhərimiz Lənkəranın
simasından da aydın görürük. Şəhərimizdə
genişmiqyaslı tikinti-quraşdırma, abadlıq işləri
aparılır. Yeni parklar, bağlar,
yaşıllıq zolaqları salınır. Binaların xarici görünüşü
müasirləşdirilir, küçələrə asfalt
döşənir, yol boyu ornamentli istinad divarları
hörülür. Bu gün hər bir lənkəranlı
gənc Heydər Əliyev Xatirə parkı ilə qürur
duyur. Parkda tikilmiş Heydər Əliyev Mərkəzinin
əzəmətindən zövq alırıq. Bayraq meydanı hər birimizdə vətənpərvərlik
coşqusu yaradır.
Bizim üçün çox yaraşıqlı bir Gənclər
Mərkəzinin tikilməsi təmin edilib. Bu, həqiqətən
müasir gəncliyə, kreativ insanlara yaraşan bir mərkəzdir,
inkişafımızın parlaq göstəricisidir. Bir sözlə, gördüyümüz canlı həyat
biz gənclərdə xoşbəxt sabaha böyük inam
formalaşdırır, bizi Prezident İlham Əliyevin ətrafında
daha sıx birləşdirir. Biz gənclər
üçün yaradılan şərait bizi daha yaxşı
oxumağa, ictimai həyatda fəal olmağa ruhlandırır.
Ulu öndərin tarixi irsinə layiq şəkildə
formalaşmağa istiqamətləndirir.
Biz ona
görə sabahımıza inanırıq ki, dinc
yaşayışımıza, yaradıcı fəaliyyətimizə,
ictimai-siyasi həyatda yerimizin təmin olunmasına qarant duran
Prezidentimiz var! Biz cənab Prezidentə inanırıq, onun
siyasi kursunu tamamilə müdafiə edirik, taleyimizi ona etibar
edirik! Bugünkü Azərbaycan gəncliyi Vətən
təəssübkeşliyini, xalqa sədaqət nümunəsini
məhz Prezident İlham Əliyevin həyat və fəaliyyətindən
götürür. Bu fəaliyyət isə
ümummilli lider Heydər Əliyevin şərəfli
missiyasının davamıdır. Xalqımız
bu şərəfli missiyanın bəhrələrini hələ
çox görəcəkdir.
Bütün
bunlar bir daha təsdiq edir ki, cənab İlham Əliyevin fəaliyyəti
məhz bu missiyanı davam etdirərək milli dövlətçiliyimizin
əsaslarının daha da möhkəmləndirilməsinə,
müstəqilliyimizin əbədiliyinə,
xalqımızın xoşbəxt sabahına ən etibarlı
təminatdır. Bütün bunlar Lənkəranda da
seçicilərə çətinlik çəkmədən
öz seçimini etməyə imkan verir. Biz gənclər də
öz seçimimizi etmişik və qarşıdakı
prezident seçkiləriində yalnız cənab İlham Əliyevə,
Heydər Əliyev siyasi kursunun davam etməsinə səs verəcəyik!
Bəxtiyar SADIQOV:
-
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə
başladığı xilaskarlıq missiyasını
uğurla başa çatdırdı, Azərbaycanın
dövlətçiliyinin və müstəqilliyinin əbədi
olmasını təmin etdi. Özünün dediyi kimi,
ömrünün qalan hissəsini xalqına
bağışlayan Heydər Əliyev Azərbaycanın bir
dövlət kimi dünyada yerini möhkəmləndirdi,
sosial-iqtisadi inkişaf yoluna çıxardı.
2003-cü
il prezident seçkiləri ərəfəsi dahi öndər
Azərbaycan xalqına müraciət edərkən demişdi:
"İnanıram ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları, işləri
sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev
başa çatdıracaq". Ötən 10 ildə
qazandığımız uğurlar göstərir ki, Prezident
İlham Əliyev Azərbaycanı Heydər Əliyevin
arzuladığı bir səviyyəyə
çatdırıb, Heydər Əliyevin görmək istədiyi
ölkəyə çevirib.
Burada
səslənən çıxışlarda bir fikir çox
doğru olaraq vurğulandı ki, qazandığımız
bütün siyasi, sosial-iqtisadi və digər nailiyyətlərin
bir istinad nöqtəsi var - Heydər Əliyev siyasi kursu! Məhz
bu kursun Prezident İlham Əliyev tərəfindən fədakarlıqla,
layiqincə davam etdirilməsi nəticəsində
respublikamızın hər bir rayonu, şəhəri
böyük inkişaf yolu keçmiş,
insanlarımızın rifahı yüksəlmişdir. Bu
nailiyytələrdən Lənkəran üçün də
mühüm pay düşür. Çıxışlarda bu
barədə müxtəlif fikirlər səsləndi, hər
birimizdə qürur doğuracaq faktlar sadalandı.
Bu il
xalqımızın həyatı əlamətdar hadisələrlə
zəngindir. Bunlardan biri də payızda keçiriləcək
prezident seçkiləridir. Artıq ölkə ictimaiyyətinin
bütün zümrələri Heydər Əliyev siyasi
kursunun ən layiqli davamçısına, Prezident İlham Əliyevə
səs verəcəklərini bəyan ediblər!
Çünki hər kəs çox gözəl bilir ki,
xoşbəxt həyatımız və güclü Azərbaycan
naminə Heydər Əliyevin əsasını qoyduğu
siyasi kursun alternativi yoxdur!
Azərbaycan.-2013.- 22 may.- S.4,5.