Azərbaycanın paytaxtında Avropanın gənc alimlərinin forumu keçirilir

 

Mayın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) konfrans zalında "Avropa məkanında yeni çağırışlar: gənc alimlərin Beynəlxalq Bakı Forumu" öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş forumda Avropanın 32 ölkəsindən 160, Azərbaycandan isə 190 gənc alim iştirak edir.

Mayın 25-dək davam edəcək forum Gənclər və İdman Nazirliyinin, AMEA-nın, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin birgə təşkilatçılığı, Avropa Gənc Alimlər Şurasının (EURODOC) dəstəyi ilə keçirilir.

Tədbiri açan Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirmişdir ki, forum Avropanın gənc alimləri arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması, birgə elmi-tədqiqatların aparılması üçün şəraitin yaradılması, habelə Azərbaycanın gənc  alimlərinin Avropa elmi mühitinə inteqrasiyasının intensivləşdirilməsi məqsədini daşıyır.

İ.Orucov qeyd etmişdir ki, mayın 22-də forum iştirakçıları Şamaxı Astrofizika Rəsədxanasını ziyarət edəcəklər. Mayın 23-də isə  paralel sessiyalarda texniki elmlər, o cümlədən texnika, nanotexnologiyalar, iqtisadiyyat və sosiologiya üzrə elmin inkişafı, problemlər və yeni metodlar, alimlərin biznes və iqtisadi strukturlarla əməkdaşlığı və inteqrasiya, yer elmləri sahəsində Avropa alimlərinin əldə etdikləri nəticələr və digər mövzular üzrə müzakirələr aparılacaqdır.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik Akif Əlizadə ölkəmizdə elmə və təhsilə, xüsusilə gənc alimlərə və tədqiqatçılara dövlət qayğısından danışmışdır. Qeyd etmişdir ki, Avropanın gənc alimlərinin Bakıda toplaşmaları ulu öndər Heydər Əliyevin gənclər, elm və təhsil sahəsində müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.

A.Əlizadə təbiət və cəmiyyətin həssaslıq nöqtəsinə çatdığı indiki qloballaşma dövründə dünyanın elm adamlarının bir-birlərinə daha çox ehtiyacları olduğunu bildirmişdir. Demişdir ki, beynəlxalq tədbirlərin mərkəzinə çevrilən Azərbaycana yalnız nanotexnologiyalar sahəsindəki yenilikləri izləmək kifayət etmir.  Artıq bu yeniliklərin müəllifi olmaq lazımdır. Bunun üçün  Azərbaycan alimləri avropalı həmkarları ilə əməkdaşlığı genişləndirməlidirlər. AMEA bu məsələdə öz dəstəyini göstərməyə hazırdır.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə bildirmişdir ki, Azərbaycanda elm sahəsi daim diqqət mərkəzində olmuşdur. O, ölkəmizdə gənc alimlərin maddi rifah halının yaxşılaşdırılması, eləcə də elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışmışdır. Bildirmişdir ki, Azərbaycan parlamentində "Elm haqqında qanun" hazırlanır və bu sənəd yaxın günlərdə plenar iclasa çıxarılacaqdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev demişdir ki, qloballaşan dünyada gənclərin müsbət xarakterli ambisiyalarına yol açılmalıdır.

Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev müxtəlif ixtisaslar üzrə tədqiqatları yerinə yetirən  gənc alimlərin təcrübə və bilik mübadiləsi aparmaları, habelə Azərbaycan alimlərinin elmi nailiyyətlərini dünyaya göstərmək baxımından forumun əhəmiyyətini vurğulamışlar.

Qeyd olunmuşdur ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına yönəlmişdir. Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı, eləcə də Azərbaycan Prezidenti yanında Gənclər Fondunun yaradılması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığının əyani sübutudur. Bildirilmişdir ki, Gənclər Fondu ölkə gəncləri ilə yanaşı, xarici ölkələrin gənclərinin Azərbaycan ilə bağlı elmi-tədqiqat işlərinə maliyyə vəsaiti ayırır.

EURODOC-un sədri Slobadan Radicev forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirmiş və ölkəmizdə elmə sərmayə qoyuluşunu yüksək qiymətləndirmişdir. Xarici qonaq Azərbaycanın paytaxtında aparılan  quruculuq işlərinin Avropanın heç bir şəhərində olmadığını qeyd etmişdir.

Forum işini "Kəsişən maraqlar: avropalı gənc alimlərin yeni elmi istiqamətlərinin nəzəri əsasları - yanaşmalar, nəticələr" mövzusunda plenar sessiyada davam etdirmişdir.

 

 

Azərbaycan.-2013.- 22 may.- S.6.