Vergi sistemində mütərəqqi islahatların banisi

 

"Vergi xidməti müasir əsaslarla idarə olunur, burada müasir menecment tətbiq edilir, dünya praktikası öyrənilir. Ölkə iqtisadiyyatı üçün çox vacib olan bu sahədə aparılan islahatlar, tətbiq edilən yeniliklər, "bir pəncərə" təşəbbüsü müasir Azərbaycanın inkişafına xidmət göstərir".

 

İlham ƏLİYEV

 

 

Müstəqillik hər bir xalqın, dövlətin davamlı inkişafını milli ideya səviyyəsinə yüksəldərək mövcud iqtisadi, elmi-intellektual və mədəni potensialdan səmərəli istifadəyə geniş imkanlar yaradır. Fəqət müstəqillik nemətinə qovuşan hər bir xalq ilkin mərhələdə onu qoruyub saxlamaq, möhkəmləndirmək, dövlətin gələcək inkişafına etibarlı bünövrə hazırlamaq kimi məsuliyyətli və çətin mərhələni də keçməli olur. Müstəqil Azərbaycan 1993-cü ilin iyun ayında üzləşdiyi bu taleyüklü mərhələni məhz qətiyyətli və müdrik lideri Heydər Əliyevin rəhbərliyi altında geridə qoymuş, ölkənin elmi təməl üzərində davamlı inkişaf yolunu müəyyənləşdirmişdir.

Azərbaycanın 22 illik müstəqillik yolunda nail olduğu inanılmaz iqtisadi nailiyyətlərin məhz milli inkişaf modeli ilə bağlılığı aksiom kimi qəbul edilən həqiqətdir. 1993-cü ildə yeni ictimai-iqtisadi formasiyaya keçidin çətinliklərini yaşayan Azərbaycanın hansı iqtisadi modelə üstünlük verəcəyi ilə bağlı müxtəlif fikirlər, təkliflər irəli sürülsə də, böyük strateq Heydər Əliyev hansısa dövlətin təcrübəsinin olduğu kimi milli iqtisadiyyata köçürülməsini düzgün saymamış, milli resurslarla yanaşı, xalqın mentalitetini, tarixi ənənələrini, inkişaf yolunun özəlliklərini ciddiliklə nəzərə almışdır. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini müdrikliklə irəli sürmüş, onun mərhələlərlə həyata keçirilməsinə çalışmışdır.

Bazar iqtisadiyyatı şəraitində həyata keçirilən islahatların səmərəliliyinə nail olmaq baxımından ölkənin vergi sistemində köklü dəyişikliklərin aparılması, vergi sisteminin müasir standartlar əsasında formalaşdırılması zərurət kimi ortaya çıxmışdı. Vergi sisteminin yeni ictimai-iqtisadi formasiyanın tələblərinə uyğun qurulması bütün təsərrüfat sisteminin səmərəli fəaliyyətinin təmini baxımından əhəmiyyətli idi. Hələ dövlət müstəqilliyinin ilk illərində ulu öndər Heydər Əliyev böyük müdrikliklə demişdi: "Əgər biz müstəqil dövlətiksə, müstəqil inkişaf etmək istəyiriksə, biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik. Buna görə də vergi orqanlarının işinə daha çox diqqət yetirməliyik".

Məhz Heydər Əliyevin diqqət və qayğısı nəticəsində ölkədə müasir  tələblərə cavab verən vergi sisteminin yaradılması mümkün olmuş, müasir iqtisadi münasibətlər şəraitində prinsipial cəhətdən yeni vergi siyasətinin həyata keçirilməsinə başlanılmışdır. Vergi sisteminin təkmilləşdirilməsi, onun vahid normativ hüquqi bazasının yaradılması, vergi dərəcələrinin aşağı salınması hesabına vergitutma bazasının genişləndirilməsi, kiçikorta sahibkarlıq üçün əlverişli vergi mühitinin yaradılması, həmçinin vergi xidməti orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması tədbirləri xüsusi diqqət mərkəzində olmuşdur.

Həmin dövrün vergi qanunvericiliyində mövcud bir sıra boşluqlar istər vergi ödəyiciləri, istərsə də vergi xidməti orqanlarında haqlı narazılıqlar doğurduğundan ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə ölkənin vergi sisteminin yenidən təşkil edilməsi prosesinə start verilmişdir. Ulu öndərin bilavasitə tapşırığı ilə Nazirlər Kabineti vergi münasibətlərinin təkmilləşdirilməsi məqsədilə bir sıra qərarlar qəbul etmişdir. Bunlara misal olaraq "Azərbaycan Respublikası ərazisində əhali ilə nağd pul hesablaşmalarının aparılmasına nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında" 18 iyul 1995-ci il, "Vergi ödəyicilərinin uçotunun təkmilləşdirilməsi barədə" 19 dekabr 1996-cı il, "Mənfəət vergisinin ödənilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən subyektlər haqqında" 31 mart 1997-ci il, "Azərbaycan Respublikası ərazisinə gətirilən minik avtomobillərinin aksiz vergisinə cəlb edilməsi haqqında" 16 aprel 1997-ci il tarixli və digər qərarları göstərmək olar. 

Vergi sisteminin təkmilləşdirilməsi və bu sahədə aparılan köklü islahatların daha da sürətləndirilməsi məqsədilə ulu öndər Heydər Əliyevin bilavasitə tapşırığı əsasında 1997-ci ildən başlayaraq Vergi Məcəlləsinin layihəsinin hazırlanmasına başlanılmışdır. Nazirlər Kabinetinin 1998-ci ilin noyabrında keçirilmiş geniş iclasında söylədiyi yekun nitqdə ölkə rəhbəri Vergi Məcəlləsinin qısa müddətdə hazırlanması və qəbul edilməsinin vacibliyini vurğulamış, müvafiq tapşırıqlarını vermişdir. Layihədə bütün diqqət mükəmməl vergi qanunvericiliyinin yaradılmasına, inzibati idarəetmənin yaxşılaşdırılmasına, vergilərin dövlət büdcəsinə tam səfərbər olunmasına yönəldilmişdir. Nəhayət, Milli Məclisdə qəbul olunaraq 2001-ci ilin yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsi vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış mühüm addımlardan biri olmuşdur.

Xatırladaq ki, hələ 1990-cı ildə Maliyyə Nazirliyinin tərkibində formalaşdırılmış vergi xidməti bir il sonra Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlamışdır. Lakin ulu öndərin rəhbərliyi altında həyata keçirilən vergi islahatları fonunda dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında, tam yığılmasını təmin edən, bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının yaradılması zəruri tələbə çevrilmişdi. Bu reallıqdan çıxış edən ulu öndər Heydər Əliyevin 11 fevral 2000-ci il tarixli fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilmiş, onun bazasında Vergilər Nazirliyi yaradılmış, onun səlahiyyətləri, ölkə iqtisadiyyatının inkişafındakı rolu dəqiqliklə müəyyənləşdirilmişdir. Ulu öndər bununla həm də vergi siyasətini iqtisadi siyasətin mühüm tərkib hissəsi kimi dəyərləndirərək iqtisadi tənzimləmədə, habelə fiskal siyasətin həyata keçirilməsində onun aparıcı rolunu müəyyənləşdirmişdir. Beləliklə, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə formalaşdırılan müasir vergi sistemi ölkədə iqtisadi keçid dövrünün uğurla başa çatdırılmasında mühüm rol oynamış, bazar münasibətlərinə adekvat çevik vergi siyasətini həyata keçirməyə qadir, beynəlxalq standartlara cavab verən səmərəli idarəetmə sisteminə çevrilmişdir.

2003-cü ildən ulu öndər Heydər Əliyevin siyasi kursunu inamla davam etdirən dövlət başçısı İlham Əliyev ölkənin davamlı tərəqqisinin təmini baxımından vergi orqanlarında islahatların sistemli şəkildə davam etdirilməsini vacib hesab etmişdir. Dövlət başçısının rəhbərliyi altında ötən illərdə Azərbaycanda həyata keçirilən vergi siyasəti sistemlilik, funksionallıq, çeviklik, operativlik, koordinasiya olunmagüclü təşkilati-idarəetmə mexanizmi kimi müsbət keyfiyyətləri özündə ehtiva edir. Vergilər Nazirliyi son illər istər vergi ödəyiciləri üçün elektron xidmətlərin təşkilinə, istər kreativ yeniliklərin tətbiqinə, istərsə də müasir menecment prinsiplərinə əsaslanan idarəetmə üsuluna görə fərqlənən dövlət qurumlarından biridir. 2006-cı ildə vergi inzibatçılığı proseslərinin elektron qaydada aparılmasına imkan verən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS), 2007-2010-cu illərdə vergi ödəyiciləri üçün elektron bəyannamə, elektron vergi hesab-fakturalarının göndərilməsi, "onlayn kargüzarlıq" sistemi tətbiq edilmişdir.

Ümumilikdə vergi sistemində aparılan islahatların əsas hədəfləri vergi xidmətinin texnoloji baxımdan inkişafına nail olunması, vergi prosedurlarının sadələşdirilməsi yolu ilə biznesin inkişafının dəstəklənməsi, vergi ödəyicilərinin könüllü əməletmə səviyyəsinin yüksəldilməsidir. Dövlət başçısının 2012-ci il 29 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında vergi islahatlarının bu və digər aspektləri dəqiq əksini tapmışdır.

Azərbaycanın müasir vergi inzibatçılığı biznes iştirakçıları üçün maksimum rahat və əlverişli hesab edilir. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdiyi müvafiq hesabatlara görə, bu gün Azərbaycanda vergi bəyannamələrinin tərtibi və təqdim edilməsi, eləcə də vergi ödəmələrinin aparılması üçün qanunverici normalara riayət olunmasına sərf edilən orta vaxt göstəricisi orta ümumdünya göstəricisini qabaqlayır. Vergı xərclərinin vergi daxilolmalarında nisbəti isə cəmi 0,35 faiz təşkil edirbu göstəriciyə görə Azərbaycanın vergi xidməti Avropa məkanında ən səmərəli vergi inzibatçılığına malik ölkələrdən sayılır.

Vergilər Nazirliyi inzibatçılıq sahəsində və elektron xidmətlərin geniş tətbiqi prosesini fəal şəkildə davam etdirməklə korrupsiya hallarına qarşı mübarizədə mühüm rol oynayan məmur-vətəndaş təmaslarını minimuma endirmək niyyətindədir. 2008-ci ildən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı "bir pəncərə" prinsipi ilə həyata keçirilir. Sahibkarlıq subyektlərinin dövlət qeydiyyatında "bir pəncərə" prinsipinin tətbiqi bu sahədə prosedurların sadələşməsinə və qeydiyyat üçün tələb olunan vaxtın azalmasına imkan vermiş, Dünya Bankının hazırladığı "Doing Business" hesabatında Azərbaycan bu sahədə ən böyük islahatçı ölkə kimi qeyd olunmuşdur. 2011-ci ildən sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin, 2012-ci ildən isə  kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı elektron formada həyata keçirilir. İndi fərdi sahibkar olmaq istəyən istənilən şəxs bir neçə dəqiqə ərzində biznesə başlamaq üçün rəsmi qeydiyyat prosesini tamamlaya bilir.

Hazırda Vergilər Nazirliyi vergitutma bazasının genişləndirilməsi, vergilərdən yayınma hallarının minimuma endirilməsi məqsədilə vergi nəzarətinin müasir texnologiyalarının tətbiqi layihəsi üzərində çalışır. 2011-ci ildə vergi sistemində çox böyük bir layihənin icrasına başlanılmışdır. Bu, Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində "Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi" tvinninq layihəsidir. Yaxın gələcək üçün çox böyük perspektivlərə malik olan bu layihə ölkəmizdə vergi auditi sahəsində inzibatçılığın ən yüksək beynəlxalq standartlara uyğunlaşdırılmasını nəzərdə tutur.

Azərbaycanda ilk dəfə ƏDV inzibatçılığı prosesində vergi nəzarətinin tam elektronlaşdırılmasına imkan verən ƏDV depozit hesabı tətbiq edilmişdir. Vahid ƏDV depozit hesabının tətbiqi ƏDV üzrə vergidən yayınmaların qarşısının alınmasına, eyni zamanda vergi ödəyicilərinin ƏDV üzrə inzibati yükünün azaldılmasına da şərait yaratmışdır. Vergi sistemində elektron xidmətlərin təşkili də mühüm addımlardan biridir. Dövlət orqanlarının göstərdikləri elektron xidmətlər arasında vergi sistemi üzrə 57 elektron xidmətin həyata keçirilməsi nəzərdə tutulmuşdur və hazırda onların 49-u  tətbiq olunur. Bu, vətəndaş və biznes cəmiyyətinin vergi sisteminə olan inamını artırır. Ümumiyyətlə, Azərbaycanda vergi ödəyicilərinə xidmət sahəsi daim diqqət mərkəzindədir. Vergi ödəyicilərinin məlumatlandırılması, onlara hüquqi yardım, qarşılaşdıqları problemlərin həllində yardımçı olmaq işi bu sahədə həyata keçirilən siyasətin əsas prinsipləridir.

Vergi ödəyicilərinə xidmətin keyfiyyətcə yeni mərhələyə qaldırılması üçün son illər vergi ödəyicilərinə xidmət mərkəzləri yaradılmışdır. Sayı 40-a çatan bu mərkəzlər sahibkarların, kiçik bizneslə məşğul olan vətəndaşların əsl köməkçisinə çevrilmiş, xüsusilə regionlarda vergi bəyannamələrinin təqdim olunması, vergi ödəyicilərinin məlumatlandırılması prosesinə müsbət təsir etmiş, nəticə etibarilə könüllü bəyanetmə səviyyəsinin artmasına səbəb olmuşdur.

Elektron hökumətin qurulması sahəsində görülən işlərin davamı olaraq bir müddət əvvəl Vergilər Nazirliyinin Elektron İmza üzrə Sertifikat Xidmətləri Mərkəzi istifadəyə verilmişdir. Bu mərkəz elektron xidmətlərin elektron imzadan istifadə etməklə həyata keçirilməsini, eləcə də onların mobil qurğular vasitəsilə təqdim olunmasını nəzərdə tutur. Həyata keçirilən bu layihə ölkəmizdə internet-mobil bankçılığın inkişafına, nağdsız hesablaşmaların genişlənməsinə təkan verməklə yanaşı, Azərbaycanda elektron hökumətdən mobil hökumətə keçidin əsası kimi də dəyərləndirilə bilər.

Ümumilikdə son illər nağdsız ödənişlərin genişləndirilməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər də vergi xidməti orqanlarının səmərəli fəaliyyət göstərdiyini təsdiqləyir. 2013-cü il 1 yanvar tarixdən qüvvəyə minmiş Vergi Məcəlləsinə  əlavə və dəyişikliklər vergi sisteminin daha da təkmilləşdirilməsinə, vergi ödəyicilərinin maraq və mənafeyinin maksimum dərəcədə qorunmasına xidmət edir. Məcəllədə sahibkarlığın inkişafına xidmət edən bir sıra vergi güzəştlərinin əksini tapması, məsələn, sənaye parklarının 7 il müddətində vergidən azad olunması ölkədə liberal vergi sisteminin mövcudluğunu bir daha təsdiqləyir.

 

 

 Hacalıyev, Elnur.

 

Azərbaycan.-2013.- 22 may.- S.7.