Bakıda Qafqaz
Universitetləri Birliyinin üçüncü
illik konqresi keçirilmişdir
Mayın
21-də "Şeraton Baku Airport Hotel"də Qafqaz
Universitetləri Birliyinin üçüncü illik konqresi
keçirilmişdir. AzərTAc xəbər verir ki, Birliyə
daxil olan universitetlər arasında əməkdaşlığın
genişləndirilməsi məqsədi ilə keçirilən
konqresdə Azərbaycan, Türkiyə, Gürcüstan,
İran, Qazaxıstan və digər ölkələrdən təhsil
işçiləri, mütəxəssislər, ali məktəblərin
rəhbərləri və nümayəndələri
iştirak etmişlər.
Azərbaycanın
təhsil naziri Mikayıl Cabbarov müasir müstəqil
dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər
Əliyevin təhsilə daim böyük önəm verdiyini,
ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən
çox uğurla həyata keçirildiyini
vurğulamışdır.
Ölkəmizdə
ali təhsil sahəsində reallaşdırılan islahatlardan
danışan nazir ali təhsilin normativ-hüquqi
bazasının Bolonya prosesinin tələblərinə və
beynəlxalq təcrübəyə
uyğunlaşdırıldığını
bildirmişdir.
M.Cabbarov
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı
ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı"nın əhəmiyyətindən
bəhs edərək, bu proqram çərçivəsində
xeyli sayda azərbaycanlı gəncin dünyanın nüfuzlu
universitetlərində müxtəlif ixtisaslar üzrə
oxuduğunu xatırlatmışdır.
Qafqaz
regionunun qədim dövrlərdən başlayaraq bəşər
elminin və mədəniyyətinin inkişafına
böyük töhfələr verdiyini qeyd edən nazir, eyni
zamanda, Qafqaz Universitetləri Birliyinin regionun ali təhsil
müəssisələri arasında əlaqələrin
inkişafında mühüm rolunu
vurğulamışdır.
Türkiyənin
milli təhsil naziri Nabi Avcı Qafqaz Universitetləri Birliyinin
fəaliyyəti barədə fikirlərini diqqətə
çatdırmış, gənclərin ortaq proqramlar üzrə
təhsilinin önəmli olduğunu
xatırlatmışdır.
Müasir
dünyada təhsilin mühüm rolundan danışan
türkiyəli nazir bu sahədə əlaqələrin
genişləndirilməsinin zəruriliyini
vurğulamışdır.
Türkiyənin
Ali Təhsil Şurasının sədri Gökhan
Çetinsaya, Gürcüstanın elm və təhsil nazirinin
müavini David Zurabişvili təhsilin inkişafı ilə
bağlı fikirlərini bildirmiş, konqresin əhəmiyyətindən
bəhs etmişlər.
Türkiyənin
Mövlanə təhsil proqramı barədə ətraflı
məlumat verilmişdir.
Müxtəlif
ölkələrin, o cümlədən Azərbaycanın
ayrı-ayrı ali təhsil müəssisələrinin Qafqaz
Universitetləri Birliyinə üzv qəbul olunması ilə
bağlı sənədlər imzalanmışdır.
Qafqaz
Universitetləri Birliyinin sədri Ramazan Korkmaz bu qurumun fəaliyyətinin
genişləndirilməsi ilə bağlı
reallaşdırılan tədbirlərdən
danışmış, Birliyə 12 ölkədən 58
universitetin üzv qəbul olunduğunu diqqətə
çatdırmışdır.
Sonra
universitetlər arasında əməkdaşlığın
genişləndirilməsi üzrə müzakirələr
aparılmışdır.
Azərbaycan.-2013.- 22 may.- S.8.