Həmişə öncül olmaq məramı

 

Bu istək Ağcabədini tanınmaz dərəcədə gözəlləşdirib, müasirləşdirib

 

Güllərin, çiçəklərin açıldığı, təbiətin zümrüd libasa büründüyü bu yaz günlərində Ağcabədi şəhəri, sözün həqiqi mənasında, böyük bir gülzarı xatırladır. Şəhər sakinlərinin sevimli istirahət yerinə çevrilmiş abad parklar, yaşıllığa qərq olmuş prospekt və küçələr yaraşığı ilə göz oxşayır, könül açır. Xəfif yaz mehi yenicə açılmış iydə çiçəklərinin ətrini səxavətlə ətrafa yayır, bu ecazkar təbiət tablosunun gözəlliyini orjinal bir formada tamamlayır.

Dövlətə, dövlətçiliyə, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursuna həmişə sədaqətli olan ağcabədililər öz mövqelərində dəyişməz olaraq qalmaqla yanaşı, bu gün respublika Prezidenti İlham Əliyevin ətrafında sıx cərgələrdə birləşir, onun yeritdiyi müdrik daxili və xarici siyasəti birmənalı şəkildə bəyənir və müdafiə edirlər. Ağcabədililərin bu fəal vətəndaş mövqeyi ölkə iqtisadiyyatının güclənməsinə verdikləri sanballı töhfələrdə özünü daha qabarıq göstərir. Son illər regionların sosial-iqtisadi inkişafının demək olar ki, bütün istiqamətlərində respublikada öncül mövqeyə çıxan Ağcabədi rayonu bu ənənəni nəinki qoruyub saxlayır, onu böyük əzmlə, tükənməz qurub-yaratmaq həvəsi ilə daha da möhkəmləndirir. İndi müasir dövrün tələblərinə uyğun olaraq aqrar sahənin sənaye təməli üzərində inkişafına böyük önəm verilir və bu sahədə diqqətçəkən nəticələr qazanılır.

Bu günlər Ağcabədidə siyasi fəallıq hökm sürür. Bölgədə ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş təntənəli tədbirlərin yaratdığı xoş ovqat yaşanmaqdadır. Yubiley tədbirləri rayonun ictimai-siyasi həyatının bütün sahələrini əhatə etmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən elmi konfrans, musiqi festivalları, müsabiqə və sərgilər, müxtəlif idman yarışları, digər bayram tədbirləri rayonda formalaşmış sağlam mənəvi-psixoloji mühitə əhəmiyyətli təsir göstərmiş, xalq-dövlət birliyini daha sarsılmaz etmişdir.

Köhnə qaydalarla idarə olunan ucqar bir kənd təsərrüfatı əyalətindən elmi əsaslara söykənən müasir aqrar-sənaye rayonuna çevrilən Ağcabədi ulu öndər Heydər Əliyevin Azərbaycan kəndinin xoş növrağına hesablanan arzularının gerçək təcəssümüdür desək, yanılmarıq. Dövlətin, bu dövləti müdrik siyasətçi bacarığı ilə idarə edən respublika Prezidenti İlham Əliyevin qayğısından güc alan ağcabədililər yenilməz hünərləri ilə xariqələr yaradırlar. Dövlət başçısının tapşırığı ilə sahibkarlığın inkişafına yaradılan şərait öz bəhrəsini verməkdədir. Rayondakı mövcud iqtisadı potensialdan, əmək ehtiyatlarından səmərəli istifadə etmək üçün sahibkarların, iş adamlarının faydalı təşəbbüsləri müdafiə olunur, onlara güzəştli kreditlər verilir. Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı güzəştli kreditlər paketi iş adamlarının fəallığına, səmərəli axtarışlarına stimul verir. Rəqabətədavamlı məhsulları ilə xarici bazara çıxan "Atena" markalı brendlər artıq Ağcabədiyə şöhrət gətirir. Paytaxt Bakının sakinləri şəhərin  marketlərinə daxil olanda gözləri istər-istəməz dadı, tamı ilə seçilən "Atena"nın məhsullarını axtarır. Bu reallıq müasir Azərbaycan kəndinin inkişaf göstəricisidir. Ağcabədi rayonunda yerləşən "Atena" süd zavodu bu gün bazara 40 adda məhsul çıxarır. Burada istehsal edilən məhsullar bütün keyfiyyət standartlarına uyğundur. Ekoloji cəhətdən təmiz, təbii dada malik, tərkibində süni əlavələr olmayan bu məhsullar alıcıları yüksək səviyyədə razı salır. Əlbəttə, bu, yalnız keyfiyyətə görədir. Qeyd etmək lazımdır ki, dünyanın qabaqcıl südçülük zavodlarında tətbiq olunan "ESl" mütərəqqi texnologiyasından Azərbaycanda ilk olaraq "Atena" istifadə etmişdir. Bu texnologiyanın əsas üstünlüyü odur ki, sterilləşdirmə prosesində təzə südün bütün faydalı xüsusiyyətləri qorunub saxlanılır. Həm də süd məmulatını sadə texnologiyada 3 gün saxlamaq mümkündürsə, yeni texnologiyanın tətbiqi bu müddəti 28 günə çatdırmağa imkan verir.

2011-ci ilin may ayında fəaliyyətə başlayan "Atena" MMC qısa bir zaman kəsiyində sürətlə inkişaf edərək gün ərzində 400 ton süd istehsalına nail olmaqla respublikada ən böyük istehsal həcminin və ən modern texnoloji avadanlıqların şəriksiz sahibinə çevrilmişdir. Bu gün "Atena"nın ahəngdar fəaliyyəti ölkəmizdə sahibkarlığın inkişafına dövlət dəstəyinin göz önündəki nümunəsi və respublikada qeyri-neft sektorunun böyük sürətlə inkişaf etməsinin göstəricisidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 14 aprel tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi Ağcabədinin simasını sürətlə dəyişməkdədir. Dəyişən, yeniləşən təkcə yaraşıqlı park və xiyabanlar, abad prospekt və küçələr, bir-birindən gözəl yeni-yeni binalar deyildir. Neft kapitalını insan kapitalına çevirməyin əsas prioritet olduğunu dəfələrlə bəyan edən Respublika Prezidenti İlham Əliyevin tövsiyələrinə uyğun olaraq əhalinin həyat şəraitinin hər vasitə ilə daha da yaxşılaşdırılması istiqamətində böyük nailiyyətlər qazanılmışdır. İndi rayon sakinlərinin firavan yaşaması üçün normal şərait var. Elektrik enerjisinin verilməsindəki fasilələr artıq acı xatirəyə çevrilib. Rayona təbii qaz verilməsinin bərpasına həsr edilmiş mərasimdə iştirak edən dövlət başçısı təkcə evlərə deyil, könüllərə də hərarət bəxş etdi. Suvarma suyuna və içməli suya olan tələbat da dövlət qayğısı sayəsində uğurla ödənilir. "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan təlabatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Respublika Prezidentinin 2013-cü il 15 may tarixli sərəncamından ölkənin müxtəlif rayonları ilə yanaşı, Ağcabədi rayonuna da sanballı pay düşür. Sərəncama əsasən, rayonun 8 kəndində subartezian quyusu qazılacaqdır. Rayon sakinləri dövlət başçısının bu böyük qayğısını hədsiz minnətdarlıqla qarşılayırlar. 8 yeni subartezian quyusunun qazılması 8 kənddə su probleminin həlli deməkdir.

Həmişə öncül olmağa can atan ağcabədililər buna bacarıqla nail olurlar. Özəl pilot taxılçılıq təsərrüfatlarının yaradılmasının zərurəti barədə Prezident İlham Əliyevin tövsiyələrinə respublikada ilk əməli reaksiya məhz Ağcabədidən gəldi. Yeni yaradılan "Qarabağ taxıl" MMC rayon ərazisində 1875 hektar sahədə yüksək məhsuldarlığa malik buğda sortları əkmişdir. Pilot taxılçılıq təsərrüfatına gənc alim Rəcəb Orucov rəhbərlik edir. Rayonun Haramı adlanan ərazisi indiyədək əkilib-becərilməyib. Əsrlər boyu bölgə heyvandarlarının qışlaq kimi istifadə etdikləri bu yerlərdə qızğın iş gedir. Müstəqil dövlətimizdə indi ərzaq təhlükəsizliyi gündəmə gətirilib. Özəl pilot taxılçılıq təsərrüfatlarının yaradılması barədə Prezident İlham Əliyevin tapşırıqları məhz bu məqsəddən qaynaqlanır. Təsərrüfatın rəhbəri Rəcəb Orucov söhbət zamanı deyir:

- Ərzaq təhlükəsizliyi, xüsusilə daxili istehsal hesabına bol taxıl ehtiyatına nail olmaq dövlət siyasətinin mühüm tərkib hissəsidir. Dövlətin güclü dəstəyi sayəsində qısa müddət ərzində böyük işlər görülmüşdür. Ən əsası odur ki, ölkəyə mütərəqqi Amerika texnologiyası gətirmişik. Təsərrüfat işlərinin elmi əsaslara uyğun qaydada icra edilməsi böyük səmərə verir. Zəmilərdə bol məhsul yetişir. Əminliklə deyə bilərəm ki, fəaliyyətimizin ilk ilində hər hektardan azı 50 sentner məhsul götürəcəyik. Təsərrüfata müasir maşın-mexanizmlər almışıq. Zəmilər aqreqatlar vasitəsilə suvarılır. Bu üsul imkan yaradır ki, bitkiyə lazım olan qədər su verək. Əkinçi yaxşı bilir ki, suyun azlığı da, çoxluğu da məhsuldarlığa ciddi təsir edir. Onu da deyim ki, ağır zəhmət tələb edən işlərin çoxu mexanikləşdirilmişdir. Böyük bir sahəni suvarmaq üçün kiçik düyməyə toxunmaq kifayətdir. Düşünəndə ki, sənin əməyinlə çörək bolluğu yaranır, qəlbim qürur hissi ilə dolur. Günlərin, ayların ağrı-acısı bir anın içində unudulur. Süfrəmizin çörəyini özümüz qazanaq, bunun üçün özgəsinə əl açmayaq! Bu, fəaliyyətimizin ali məqsədinə çevrilmişdir. Elə dövlət başçısının istəyi də budur.

Torpağı münbit, günəşi hərarətli, suyu bol, adamları əməksevər bir diyarda yaşayırıq. Bolluğa, firavanlığa nail olmaq üçün yetər ki, düzgün yol göstərilsin, aydın istiqamət verilsin. Respublika Prezidenti İlham Əliyevin müdrik daxili və xarici siyasəti ölkəməzin, dinamik inkişafının əsas şərtidir. Qeyri-neft sektorunun inkişafına dövlətin verdiyi güclü dəstək Ağcabədi rayonunun timsalında özünü daha qabarıq göstərir. Bölgədə müasir standartlar səviyyəsində çox sayda yeni təhsil, səhiyyə, mədəniyyət və müxtəlif xidmət müəssisələri tikilib istifadəyə verilsə də, iri istehsal və emal müəssisələrinin yaradılmasına xüsusi diqqət yetirilir. Ağabəyli kəndi ərazisində yeni yaradılan "Aqat Aqro" MMC-nin 3000 başlıq heyvandarlıq kompleksində mal-qaranın sayı artırılaraq 2600 başa çatdırılmışdır. Burada Almaniyadan gətirilmiş yüksək məhsuldarlığa malik cins heyvanlar saxlanılır. İlk addımlarını uğurla atan ət kombinatı fəaliyyətini genişləndirir. İritutumlu soyuducu anbar artıq meyvə-tərəvəz qəbuluna hazırlıq görür. Yeni istifadəyə verilmiş taxıl anbarı kəndlilərin karına gəlir. Sahibkarlığın inkişafı istiqamətində uğurlar davam edir. Bu sahədə artan dövlət dəstəyi kənd əməkçilərini məhsul bolluğu uğrunda mübarizədə fəal iştiraka ruhlandırır. Bu ilin yanvar ayında Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda 27 sahibkara kiçik cins heyvandarlıq təsərrüfatları yaradılması üçün 250 min manat güzəştli kredit verilmişdir.

Ağ günlərə qovuşan Ağcabədidə əhalinin firavan həyatı bərqərar olub. Əmək meydanında fədakarlıq göstərən, minbir həvəslə bolluq yaradan rayon sakinləri mənalı istirahəti də xoşlayır. Dahi Üzeyir Hacıbəylinin dünyaya göz açdığı bu diyar Qarabağın dilbər guşəsi olmaqla yanaşı, gerçək bir mədəniyyət mərkəzinə çevrilməkdədir. Bəstəkarın adını daşıyan füsunkar parkda yerləşən Qarabağ Muğam Mərkəzində vaxtaşırı keçirilən musiqi festivalları, müsabiqələr özünə çoxsaylı pərəstişkarlar ordusu formalaşdırmışdır.

Yazın bu gözəl çağında al-əlvan çiçək buketinə bənzəyən Heydər Əliyev parkı axşamlar çox qələbəlik olur. Bahar çiçəklərinin rahiyəsi, milli musiqinin yaratdığı xoş ovqat könüllərə bir rahatlıq gətirir. Qoy belə olsun! Könül xoşluğu, sevinc-fərəh dolu anlar hər bir ağcabədilinin haqqıdır.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.-2013.- 22 may.- S.9.