Bərəkətli diyar - abad Cəlilabad

 

Magistral şose yolu cənuba doğru uzanıb gedir. Yolun hər iki tərəfində sünbülləri tək-tək saralmağa başlamış taxıl zəmiləri, tənəkləri beton dirəklərə qaldırılmış üzüm bağları, yamyaşıl kartof, çiyələk sahələri görünür. Hər tərəfdə qızğın iş gedir. İlk olaraq məhsul yığımına  çiyələk yetişdirənlər başlamışlar. Onlar məhsulu Bakıya, Sumqayıta və digər şəhərlərə göndərməkdən başqa, yol qırağına da satmağa çıxarırlar. Bir azdan kartof, soğan, qarğıdalı, üzüm, meyvə-tərəvəz əkib-becərənlər də belə edəcəklər. Yoldan keçənlər də istədiklərini alır, bu bərəkətli diyardan əliboş getmirlər.

Amma Cəlilabad deyəndə yada ilk olaraq taxıl düşür. Taxıl isə çörəkdir. Çörək bütün nemətlərin tacıdır. Bəlkə buna görə "Çörək Qurandan irəlidir", "Allah bizi çörəklə imtahana çəkməsin" deyiblər. Ağsaqqal, ağbirçək adamların yerdə bir tikə çörək qırıntısı görəndə onu qaldırıb gözləri üstünə qoyduqlarının az şahidi olmamışıq.

Tarixin müxtəlif dönəmində, xüsusilə 1941-1945-ci illər müharibəsi zamanı Cəlilabad taxılı neçə-neçə ailəni aclığın pəncəsindən alaraq yaşadıb. Cənub bölgəsinin indiki yaşlı nəslinin nümayəndələri deyirlər ki, o zaman bir neçə ətraf rayonun da əhalisinin köməyinə Cəlilabad taxılı çatmışdı. Müharibə qutarandan sonra isə burada taxılçılığın inkişafına daha çox diqqət yetirildi.

Ötən əsrin 70-ci illərində rayon bütün sahələrdə daha sürətlə inkişaf etməyə başladı. Bu, ilk növbədə, Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə bağlı idi. Taxılçılıqla yanaşı, rayonda üzümçülük də inkişaf etdirildi. Qısa zaman kəsiyində Cəlilabad respublikada ən çox üzüm istehsalçısına çevrildi.

Ulu öndər o vaxtlar digər bölgələrimiz kimi, Cəlilabada da tez-tez baş çəkər, adamlarla iş üstündə görüşüb söhbət edərdi. Qeyd edək ki, hələ Dövlət Təhlükəsizlik Komitəsində işləyərkən Heydər Əliyev xidməti işi ilə bağlı Cəlilabada tez-tez gəlib-gedərmiş. O, rayona səfərlərinin birində belə demişdir: "Cəlilabadın həyatı keçmişdə bilavasitə mənimlə bağlı olmuşdur. Cəlilabad rayonu, Cəlilabad ictimaiyyəti qarşısında mənim xidmətlərim az olmamışdır. Xatirimdədir, 1969-cu ildə mən Azərbaycana rəhbər seçiləndə Cəlilabad çox ağır vəziyyətdə idi. Cəmi 10 il keçmədi ki, Cəlilabadın siması dəyişdi, Cəlilabad abadlaşdı..."

Bəlkə də elə buna görədir ki, Cəlilabad haqqında keçmişi xatırlamadan, yaddaş dəftərini vərəqləmədən söhbət açmaq çətindir. Axı, o günləri yaşayan, alın tərləri ilə bu yurda şan-şöhrət gətirən adamların çoxu bu gün də yaşayır. Onların arasında keçmiş SSRİ-nin yüksək orden və medalları ilə təltif edilmiş insanlar da var. Hər birinin ürəyi də Heydər Əliyev haqqında xoş sözlərlə doludur. Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Mənsurə Mirzəyeva deyir ki, keçən əsrin 30-cu illərində əmək fəaliyyətinə başlayıb, bir həftənin gəlini olub: "Həyat yoldaşım Mehralı müharibəyə getdi. Döyüşdə həlak oldu, "qara kağızı" gəldi. Tarlada işlədim, mehrimi torpağa saldım. İşlədiyim 60 il ərzində çox insanlarla rastlaşdım. Bir çox rəhbər işçilər gördüm. Onların arasında ümummilli lider Heydər Əliyev xatirimdə silinməz iz buraxıb. Azərbaycan kəndinin inkişafı, tərəqqisi onun adı ilə bağlıdır. Mən bunun canlı şahidiyəm. Məktəblilərlə, gənclərlə görüşə çağırılanda fəxrlə deyirəm ki, xoşbəxt adamam ona görə ki, keçən əsrin 70-80-ci illərində Heydər Əliyevlə bir neçə dəfə iş üstündə görüşmüşəm, əl tutub söhbət etmişəm, o vaxt başçılıq etdiyim üzümçülük briqadasının fəaliyyəti barədə məlumat vermişəm. Ulu öndər hər şeylə maraqlanırdı, amma adamların güzəranı onu daha çox düşündürürdü. Bir dəfə məndən necə yaşadığımızı soruşanda cavab verdim ki, bizə bu qədər sərvət, ucsuz-bucaqsız üzüm bağları, emal müəssisələri bəxş etmisiniz, əlbəttə ki, biz firavan yaşayacağıq. Bu sözlər böyük rəhbərin nurlu çöhrəsini daha da işıqlandırdı.  Çünki Cəlilabaddakı 30 min hektardan çox üzüm bağları, emal sexləri Heydər Əliyev əməyinin məhsulu idi".

O zaman Cəlilabadın şəhər, qəsəbə və kəndlərində böyük tikinti-quruculuq işləri də aparılırdı. Rayon Partiya Komitəsinin birinci katibi işləyən İbrahim Qurbanov ona göstərilən etimadı doğrultmaq üçün gecəli-gündüzlü çalışırdı. Yeni inzibati binalar, yaşayış evləri tikilir, parklar, xiyabanlar salınır, yayda toz-torpaq, qışda palçıq içində olan küçələrə çınqıl, asfalt döşənirdi. Sözün həqiqi mənasında, Cəlilabad özünün inkişaf dövrünü yaşayırdı.

Bu gün də qorunub saxlanılan həmin tiklilərin bir çoxu həmin illərin şanlı salnaməsini özündə yaşadır. Eyni zamanda, Cəlilabad sürətlə abadlaşır, günbəgün simasını dəyişir. Xüsusən son illərdə rayonda bir neçə qərinə ərzində görülcək işlər həll edilib desək, yanılmarıq. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində burada mühüm layihələr həyata keçirilib. Rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatında əsaslı dönüş yaranıb, məhsul istehsalı xeyli artıb. Bütün bunlar əhalinin sosial rifahının yaxşılaşmasına şərait yaradıb. Adamlar ev tikir, uşaq oxutdurur, oğul evləndirir, qız köçürür, minik maşını alırlar. Dövlətin ayırdığı vəsait hesabına rayonda tikinti-quruculuq işləri səngimək bilmir.

Ölkə rəhbəri son illər dəfələrlə Cəlilabada səfər etmişdir. Bu səfərlərin hər biri əlamətdar olmuşdur. Neçə-neçə əhəmiyyətli obyektin təməli qoyulmuş, inşası başa çatanların açılış mərasimi keçirilmişdir. Keçən il iyulun 31-də Prezident İlham Əliyev rayona səfəri çərçivəsində Mərkəzi istirahət parkında görülən işlərlə tanış olmuş, Heydər Əliyev adına Yaradıcılıq Mərkəzinin, Bayraq meydanının, Gənclər parkının, Olimpiya İdman Kompleksinin, "Avanqard" MMC-nin un fabrikinin, "Cəlilabad Broyler" ASC-nin yem fabrikinin və Cəlilabad-Hamarqışlaq-Sadatlı kəndarası avtomobil yolunun açılışında iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb səmimi söhbətlər aparmışdır. Prezident görülən işləri yüksək qiymətləndirərək demişdir: "Çox şadam ki, Cəlilabadın inkişafı çox sürətlidir. Şəhərin siması dəyişir, müasirləşir, abadlaşır, gözəl binalar tikilir. Köhnə binalar bərpa edilir. Bir sözlə, inkişaf, dinamika var və bu dinamika gələcək illərdə də saxlanılmalıdır. Cəlilabad daha sürətlə inkişaf etməlidir və edəcəkdir".

Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov deyir ki, dövlət başçısının göstərişlərini uğurla yerinə yetirmək üçün əllərindən gələni edirlər: "Bu ilin mart ayında 640 şagirdlik Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbin tikintisi başa çatdırılmışdır. Hazırda 360 şagirdlik Həziabad, 180 şagirdlik Soltankənd, 480 şagirdlik Sabirabad, 80 şagirdlik Zəhmətabad kənd orta məktəbləri, 120 çarpayılıq Mərkəzi xəstəxana, 120 yerlik uşaq bağçası və 2 min tonluq soyuducu kamera inşa edilir. Bunlarla yanaşı, Cəlilabad şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması üçün təmizləyici qurğular tikilmişdir. Bu məsələ ilə bağlı hazırda 4 istiqamətdə iş aparılır. Rayon üçün həyati əhəmiyyət kəsb edən Cəlilabad-Yardımlı, Qarazəncir-Qarakazımlı-Bayxanlı və Cəlilabad-Hamarqışlaq-Sadatlı avtomobil yollarının çəkilişi də davam edir. Tikinti-quruculuq sahəsində gedən işlərə yerli mütəxəssislər, fəhlələr cəlb olunmuşlar. Cari ilin birinci rübündə 224 yeni iş yeri açılmışdır ki, onun da 53-ü daimidir. Aqrar sahənin işçiləri də cari ildə daha yüksək məhsul əldə etmək üçün gün çıxandan gün batana kimi yorulmaq bilmədən çalışırlar. Onlar 8 min 931 hektarda yazlıq əkin aparmışlar ki, bunun da 4 min 962 hektarı kartof, 2 min 566 hektarı noxud, 865 hektarı mərci, 208 hektarı vələmir, 155 hektarı günəbaxan, 135 hektarı tərəvəz, 40 hektarı bostan məhsullarıdır. Keçən ilin payızında 65 min 550 hektara taxıl əkilmişdir. Çəkilən zəhmət, aparılan aqrotexniki qulluq nəticəsində bol məhsul yetişir. Bir neçə gündən sonra kombaynlar sahələrə çıxacaq".

Bəli, ilin bu fəslində Cəlilabadda həyat, necə deyərlər, bulaq kimi qaynayır. Təbiətlə insanların vəhdəti, qarşılıqlı ünsiyyəti təkrarolunmaz lövhə yaradır. Bütün bunlar isə xoş hisslər oyadır, insanın ruhunu dilə gətirir:

 

Yenə büsatlısan, gözəl bahar tək,

Hər yanın al-əlvan, hər yanın çiçək.

Gəl üzüm şərbətin birlikdə içək,

Qalsın nemətindən ağzımızda dad,

Bərəkətli diyar, abad Cəlilabad.

 

 

Seyran CAVADOV

 

Azərbaycan.-2013.- 22 may.- S.9.