İxtiyar Şirinov: «Dövlət aparatımız iflic vəziyyətindədir və ölkədəki rüşvətxorluq məhz buradan başlayır»

 

1993-cü ildə prezident Əbülfəz Elçibəyin "siz məmurlar Azərbaycanı niyə dağıdırsınız" sualına baş prokuror "ölkəni mafioz qüvvələr idarə edir" cavabını vermişdi

 

Oxucularımıza təqdim etdiyimiz bu material tam 20 il öncə - AXC-Müsavat hakimiyyətinin 1993-cü il may ayının 25-də Prezidentin İcra Aparatında keçirdiyi hüquq-mühafizə orqanları işçilərinin müşavirəsinin stenoqramlarını əks etdirir. Müşavirədə səslənən fikirləri, qarşılıqlı ittihamları təhlil etdikcə bir məqam tam dolğunluğu ilə özünü büruzə verir: iflas ərəfəsində olan iqtidar siyasi süqutunu şərtləndirən səbəbləri müzakirə edərkən xalq və dövlət qarşısında xəyanətlərini, səriştəsizliyini bütünlüklə etiraf edir. Bir il müddətində ölkəyə bütün sahələr üzrə misli görünməyən xaos bəxş edən, Azərbaycanın cənubunda və şimalında separatçı ocaqlar yaradan, xalqda sabaha inam hissini tamam öldürən, indi isə "demokrat", "vətənpərvər", "Azərbaycansevər"... amplualarında çıxış etməyə cəhd göstərən bu siyasətbazları stenoqram materialları ilə bir daha yaxından tanımaq olar.

Onları və onların xəyanətlərini unutmamalıyıq! Ölkənin dövlət katibinin "respublikada mafioz qüvvələr güclənir və onlar ölkəni, demək olar ki, idarə edir", baş prokurorun "iflic vəziyyətində olan dövlət aparatının özü rüşvətxorluqla məşğuldur və rüşvətxorluğa qarşı mübarizə də məhz dövlət aparatından başlamalıdır", ədliyyə nazirinin "hakimiyyətimiz dövründə rüşvətxorluq kommunist dövründəkindən də çoxalıb", Gömrük Komitəsi sədrinin "xalqın qabağında dayanan oğlanlar bu gün pulun qabağında dayana bilmir", Ali Məhkəmə sədrinin "Nazirlər Kabineti bu gün milyarderlərdən ibarətdir" etiraflarında AXC-Müsavat hakimiyyətinin əsl mahiyyəti, acgözlüyü və xalqa xəyanəti öz dilləri ilə açılır. Həmin iqtidarın sahibi sayılan prezident isə "xalq deyir, kaş canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən. Bu xalq əgər imperiyadan canını qurtardısa, gələcəkdə onun əlindən burada əyləşən adamların canı qurtarmayacaq. Deyin görüm, respublikanı niyə dağıdırsınız? Camaat yollarda oturub ata-anamızın qəbrini söyür... Bizdə demokratiya anarxiya halını alıb. İndiki şəraitdə Azərbaycan dövlətini, Azərbaycan hüququnu qorumaq olmaz" etirafından sonra özünəməxsus qəribə bir bəyanat verir: "Əgər hakimiyyətdə zorla qalmışıqsa, bizi heç kim yıxa bilməz". Heç bir ay da keçməmiş bu sözün müəllifi məşhur Kələki mühacirətinə, komandası isə aqressiv müxalifətçiliyə yollandı.

Onların nəyə "qadir" olduqlarını, dövləti necə məhv etdiklərini elə onların öz dilləri ilə xatırlayaq!..

 

(Əvvəli ötən sayımızda)

 

Dövlət katibi Əli Kərimovun hüquq-mühafizə orqanları rəhbərlərini ölkədə tüğyan edən iqtisadi cinayətkarlıqda, dövlət əmlakının talanmasında, əhalinin hüquqlarının kobud şəkildə pozulmasında və digər total qanunsuzluqlarda ittiham etməsi müşavirə iştirakçılarında şok effekti yaradır. Müşavirənin belə kəskin bəyanatlarla başlayacağına inanmayan nazirlər barələrində söylənilənlərə cavab vermək əvəzinə təqsiri digər həmkarlarının üzərinə ataraq qarşılıqlı ittihamlarla çıxış etdilər. İlk olaraq respublikanın baş prokuroru İxtiyar Şirinov söz aldı.

Baş prokuror kimi fəaliyyəti müddətində 30-dan artıq rayonda prokuroru vəzifəsindən azad etdiyini qürurla vurğulayan İxtiyar Şirinov ancaq təəssüflə etiraf edirdi ki, bu kadr əvəzləmələri də prokurorluq orqanlarında ciddi dönüş yarada bilməyib. "Əsl böhran girdabına yuvarlanan orqanlar" kimi xarakterizə etdiyi prokurorluq sistemində rüşvətxorluğun, cinayətkarlara himayədarlığın geniş hal alması da hesabatda yer alırdı. İxtiyar Şirinov qanunsuz yoxlamaların sahibkarlığın inkişafına ciddi maneə yaratdığını söyləməklə yanaşı, qeyd edirdi ki, dövlət və özəl şirkətlər də öz növbəsində cinayətkar fəaliyyətlərindən nəinki əl çəkmiş, son bir il ərzində dövlət aparatındakı himayədarlarının "qayğısı" ilə bu fəaliyyət spektrini daha da genişmiqyaslı etmişlər. "Ümumi nəzarət yoxlamaları zamanı "Azərneftyağ" (müəssisəyə Rəsul Quliyev rəhbərlik edirdi - İ.H.) zavoduna məxsus olan 2,5 milyon ABŞ dollarının qanunsuz olaraq israf edilməsi, 18 milyon dollara yaxın vəsaitin Türkiyənin "Dənizçilik" bankında saxlanması, Yasamal Rayon Ticarət İdarəsinin 1,5 milyard rublu qanunsuz olaraq Moskvadakı "Bank-Servis" kommersiya birliyinin hesabına keçirməsi, Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda külli miqdarda dövlət əmlakının israf edilməsi, "Xəzər" firmasının Bakı Gömrük İdarəsinin əməkdaşları ilə cinayət əlaqəsinə girərək 27,5 ton bürünc və 100 tondan artıq mis çıxdaşını xaricə göndərməsi, "Mərzili" kiçik müəssisəsinin 30 ton əlvan metalı qanunsuz yolla Türkiyəyə keçirməsi, "Elgün" assosiasiyasının 157 tondan artıq alüminiumu İrana ucuz qiymətə satması nəticəsində dövlətə 100 min Amerika dollarından artıq ziyan vurması, Şamaxıda 3 nömrəli üzüm emalı zavodunda 29 milyon rublun mənimsənilməsi, Bakı şəhərində dövlət məmurlarının saxta sənədlərlə banklardan 245 milyon rublu çıxarması və digər cinayətlər açılmışdır. Yoxlamalar zamanı kənd təsərrüfatı və ərzaq, ticarət, su və meliorasiya, rabitə nazirlikləri sistemində, Dövlət Neft Şirkətində, Dəmiryol İdarəsinin idarə və təşkilatlarında böyük qanunsuzluqlar aşkar edilmişdir" - deyən baş prokuror etiraf edirdi ki, açılan cinayətlər, əslində, baş verən cinayətlərin ən yaxşı halda cəmi beş faizini təşkil edir.

İxtiyar Şirinov müşavirə iştirakçılarını növbəti dəfə heyrətləndirdi: "Respublikada mafioz qüvvələr get-gedə güclənməkdə, baş qaldırmaqdadır. Belə qüvvələr müxtəlif fırıldaqla dövlət əmlakını çapıb talayır, iqtisadiyyata böyük zərbə vururlar. Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərdə böyük mafiya fəaliyyət göstərir. Mafiyaya qarşı mübarizə başlıca vəzifəmizdir. Lakin bu mübarizə yalnız prokurorluq orqanlarının işi deyildir. Prokurorluqda gizli xidmət olmadığından bu, mümkün deyildir. Mafiyaya qarşı mübarizədə daxili işlər və milli təhlükəsizlik nazirliklərinin böyük imkanı vardır" - bu da İxtiyar Şirinovun həmkarlarının bostanına atdığı növbəti daş idi.

Baş prokuror cinayətkarlığın artmasını da gizlətmirdi: "1991-ci illə müqayisədə indi qeydə alınan cinayətlərin sayı böyük sürətlə - 43,8 faiz artaraq 22450 hadisəyə çatmış, ağır cinayətlərin sayı isə iki dəfədən çox artmış və 6009 belə cinayət hadisəsi qeydə alınmışdır".

İxtiyar Şirinov Müdafiə Nazirliyi sistemində də böyük mənimsəmələrin olduğunu bildirir və qeyd edirdi ki, Azərbaycan ordusunun bütün hərbi hissələrində rəhbər heyətin böyük cinayətləri açılmışdır. "Müdafiə nazirinin silah məsələləri üzrə müavini Baba Nəzərlinin 2 milyon ABŞ dolları mənimsəməsi aşkar edilmiş, axtarış zamanı onun və nazirliyin digər işçilərinin kabinetlərindən və evlərindən 1 milyon 500 min ABŞ dolları, 5 milyon rubl, çoxlu qızıl, zinət əşyaları, silah, döyüş sursatı və hərbi ləvazimat tapılmışdı. Ancaq cinayətkarlıq halları yüksək səviyyədə qalmaqda davam edir, əhalinin, ayrı-ayrı cinayətkar qrupların əllərində çoxlu miqdarda qanunsuz silahlar cəmləşmişdir ki, bu da ağır cinayətlərin törədilməsinə gətirib çıxarır".

Baş prokuror rəhbərlik etdiyi sistemin əməkdaşlarının fəaliyyətində də böyük qanunsuzluq hallarının olduğunu gizlətmirdi: "Cinayət işlərinin qeydiyyatdan gizlədilməsi halları müəyyən edilmişdir. Qanunsuzluqların nəticəsidir ki, banditizmin 98, qəsdən adamöldürmənin 55,2, zorlamanın 52, dövlət əmlakının mənimsənilməsinin 61,8, soyğunçuluğun 79,7, quldurluğun 81,4 faizi açılmamış qalmışdır. Bu, prokuror nəzarətinin zəif olması deməkdir".

İxtiyar Şirinovun bütün çıxışı, əslində, hüquq-mühafizə orqanlarında yaranmış böyük problemlərin məsuliyyətindən yaxasını kənara çəkməyə yönəlmişdi. Bu səbəbdən də baş prokuror bu sistemlə bağlı səslənən ittihamları digər nazirliklərin üzərinə atmaq "cəsarətindən" də qaçmırdı. Onun bu cür çıxışı zalda ittiham edilənlər tərəfindən dəfələrlə kəsilmiş, "əsas günahkar elə sən özünsən" çağırışları müntəzəm səslənmişdir. İxtiyar Şirinovun çıxışında ən maraqlı məqam isə prezident Əbülfəz Elçibəyin onunla dialoqu idi. Bu dialoq nəinki hüquq-mühafizə orqanlarında, dövlət aparatında tüğyan edən "bespredel"i, xaosu bütün iyrəncliyi ilə nümayiş etdirməklə yanaşı, dövlət başçısının fərasətsizliyini, əslində, ətrafının girovuna çevrildiyini tam aydınlığı ilə göstərirdi. 1993-cü ilin Azərbaycanını və onun zavallı olduğu qədər də səriştəsiz prezidentinin çarəsiz durumunu elə bu kiçik dialoq vasitəsilə də müəyyənləşdirmək olar:

"Ə.ELÇİBƏY: Bir sualım var. Respublikada talançılıq baş alıb gedir. Nizami demişkən, əgər oğurlanan maldan gözətçinin xəbəri yoxdursa, demək, gözətçinin orada əli var. Burada milis orqanıdır, prokuror orqanıdır bir məhkəmə orqanıdır. Burada oturan orqanların əli həmin cinayətdə var. Bunu ilə izah edərdiniz? Bax, hamımız buradayıq. Demirik hüquqi dövlət qururuq... Onda bu ölkəni niyə dağıdırsan? Başa düşmürəm... Xarici iqtisadi əlaqələr pozulur, benzin, neft, taxıl respublikadan dağıdılır. Azərbaycanın rayonlarında benzin tapılmır. Amma Ermənistan Azərbaycan neftini aparır, özü tonla. Bunu adi vətəndaş da bilir. Xalq deyir ki, kaş canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən. Heç kim, heç birimiz bu yolla axıra qədər gedə bilməyəcəyik. Bunu birdəfəlik hamınız yaxşı bilin. Bu xalq əgər azadlıq demokratiya uğrunda mübarizə aparırsa, bu xalq əgər böyük imperiyadan canını qurtara bilirsə, gələcəkdə aramızda olan bu adamların canı xalqın əlindən qurtarmayacaq. Prokurorluq da, məhkəmə , xahiş edirəm, buna cavab versin: bu gün bu respublika niyə dağılır?..

İ.ŞİRİNOV: Sizin narazılığınız çox haqlıdır. Bu, nəinki sizi, bütün xalqımızı narahat edir. mən hesab edirəm ki, şübhəli danışmaq lazım deyil. Açıq danışmaq lazımdır. Respublikamızda rüşvətxorluğun belə tüğyan etməsi, bu cür baş alıb getməsi hüquq-mühafizə orqanlarının özünün həmin hallara şərait yaratması nəticəsində baş vermişdi. Dövlət aparatında, hüquq-mühafizə orqanları arasında rüşvətxorlar həddindən artıq çoxdur. Bunu açıq qeyd etmək lazımdır biz hələ belələrinə qarşı mübarizə aparmaqda zəiflik göstəririk. qədər ki, dövlət aparatında sağlam əhval-ruhiyyə yaratmamışıq, qədər ki, dövlət aparatında, o cümlədən hüquq-mühafizə orqanlarında rüşvətxorları ifşa edib kənarlaşdırmamışıq, belə şərait davam edəcəkdir. Dövlət aparatı özü iflic vəziyyətindədir, daha doğrusu, özü rüşvətxorluqla məşğul olur. Ona görə rüşvətxorluqla məşğul olan dövlət aparatı rüşvətxorluqla mübarizə apara bilməz biz bu məsələnin həllini dövlətdən başlamalıyıq.

Ə.ELÇİBƏY: Sən söz verirsən ki, Azərbaycanın nefti gedib Ermənistanın əlinə çatmayacaq? Azərbaycanda rayonlarda benzin yoxdur ki, avtobuslar işləsin. Camaat ata-anamızın qəbrinə söyür. Bu cinayətkarlar axı kimdir?..

İ.ŞİRİNOV: ...

Ə.ELÇİBƏY: ...Yaxşı, əyləş. Söz verilir daxili işlər naziri Abdulla Allahverdiyevə".

 

 

(Ardı var)

 

 

İxtiyar HÜSEYNLİ

 

Azərbaycan.-2013.- 22 may.- S.10.